İçərisində azərbaycanlıların da olduğu İŞİD bitirildimi?

Baxış sayı:
12061

Təhlükəsizlik ekspertinə görə, başqa bir adla yeni terror təşkilatı yaradıla bilər...

Vaxtilə Suriya və İraqda milyonlarla əhalini səksəkədə saxlayan İŞİD terror qruplaşması bu gün heç olmamış kimi görünür. 4 ildən bir qədər artıq müddətdə 80-ə yaxın ölkədən ibarət koalisiya bu qruplaşmaya qarşı hərbi əməliyyatlar aparıb. Özünü “İslam Dövləti” adlandıran qruplaşmaya yerləşdiyimiz regiondan, ölkəmizdən  qoşulanlar da az deyildi.

Təxminlərə görə, bu gün Suriya və İraq boyu səpələnmiş 20-30 min arası İŞİD-çi cinayət məsuliyyətindən ehtiyat edərək öz ölkələrinə qayıtmayıblar. İŞİD-in yaranması haqda bilgili olanlar qeyd edirlər ki, qruplaşmanın yenidən dirçəlməsi mümkündür. Qruplaşma İraqda keçmiş ordu və kəşfiyyat zabitlərinin, ərəb dünyasının daxilindən və xaricindən İraqa gəlmiş cihadçıların ittifaqı nəticəsində “Əl-Qaidə” kökü üstündə formalaşıb.

2014-cü ilin yayında sünni radikallardan ibarət İŞİD qrupu İraqın ikinci şəhəri olan Mosulu ələ keçirib. Sonradan İraq ərazisinin üçdə birini öz nəzarətinə götürüb. Qonşu Suriyada isə xaos, qarma-qarışıqlıq və vətəndaş müharibəsi İŞİD üçün münbit şərait yaradıb. Burada da böyük ərazilər ələ keçirilib. Bu gün yenilmiş kimi görünən İŞİD-in yenidən ayağa qalxması  ehtimalı çox aşağı qiymətləndirilir.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Təhlükəsizlik məsələləri üzrə ekspert, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını prezidenti Sülhəddin Əkbər deyir ki, bu tip terror təşkilatları müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına bağlı olur və həmin ölkələrin vəkalət müharibələrində onlardan alət kimi istifadə edilir: “İŞİD hələlik yeni göstəriş, təklif gələnə qədər fəaliyyətsiz qalacaq. Amma zaman-zaman ABŞ-ın müxtəlif dairələrindən, xüsusən də siyasi-diplomatik, hərbi-kəşfiyyat dairələrindən İŞİD-in yenidən canlana biləcəyi ilə bağlı fikirlər eşidilir. Bu, o deməkdir ki, İŞİD yenidən lazım ola bilər. Bu cür fikirlər ciddi mesajdır və ciddiyə almaq lazımdır”.

Sülhəddin Əkbər İŞİD-in yeni vəkalət müharibəsi başlayanadək fəaliyyətsiz saxlanılacağı ehtimalının qaldığını qeyd edib: “Suriya və İraqda aranı qarışdırma ehtiyacı yaranana qədər yəqin ki, bu istiqamətdə sakitlik olacaq. Mümkündür ki, İŞİD adı ilə deyil, başqa bir adla yeni terror təşkilatı yaradılsın”.

Sülhəddin Əkbərə görə, terror aktivliyinin izlənməsi vacibdir: “Dünyada gedən vəkalət müharibələri, hərbi müdaxilələr və beynəlxalq terrorçu qruplaşmaların hərəkətliliyini izləmək lazımdır. Beynəlxalq terrorçu qrupların arxasında dayanan dövlətlər demək olar ki, eyni dövlətlərdir. Ona görə də terrorçu təşkilatların birləşməsi, terrorçuların bir təşkilatdan digərinə keçidləri olur. İŞİD-in gərginlik ocağına çevrilməkdə olan İranda peyda olmaması belə görünür ki, orada fərqli vasitələrdən istifadə olunacaq. İrana qarşı fərqli hərbi strategiya sərgilənəcək. Bu gün İranla bağlı mənzərə, xüsusi xidmət orqanlarının gizli planları aydın deyil. Digər tərəfdən, İŞİD sünni məzhəbinə söykənir, İranda isə şiə məzhəbli müsəlmanlar çoxluqdadır. Ona görə də İranda mümkündür ki, İŞİD-dən deyil, fərqli terror qruplarından istifadə edilsin. İran, İraq, Suriya və Türkiyədəki kürd terror qrupları, İran müxalifəti ilə iş aparılır. Digər tərəfdən, sünni müxalifətdən də istifadə oluna bilər. Amma onların təsir dairəsi məhduddur”.

Sülhəddin Əkbərin sözlərinə görə, İŞİD-in azərbaycanlı üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması məsələsi də öz aktuallığını saxlayır: “İŞİD Yaxın Şərqdən sıxışdırılandan sonra qruplaşmaya ən müxtəlif ölkələrdən qoşulanlar geriyə - vətənlərinə dönüblər. İŞİD sıralarında döyüşənlər məsuliyyətə cəlb edilməli, o şəxslərin ailələri isə təhlükəsizlik süzgəcindən keçirilməlidir. Dövlət Təhükəsizlik Xidmətindən verilən  məlumata görə, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. 2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir”./musavat