“İcra başçısı oğlumu öldürmək istəyir” - ŞOK

Taleh Xasməmmədovun anası: “Mübariz Ağayevin tapşırığı ilə oğluma ağır, dözülməz işgəncələr veriblər”

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. O bildirir ki, 17 mart 2015-ci il tarixdə Penitensiar xidmətin Müalicə Müəssisəsində  həbsdə olan oğlu, hüquq müdafiəçisi Taleh Xasməmmədovun görüşünə gediblər:

“Talehi görüb dəhşətə gəldik. Həddindən artıq arıqlayıb, gözlərinin altı pis şişib, tam halsız, key kimi, iylənmiş çirkli paltarda idi. Məlum oldu ki, 24 fevral 2015-ci il tarixdə şərlənərək həbsə atılmış Talehə həm Göyçay Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində həm də Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında ağır, dözülməz işgəncələr veriblər. 14 gün 6 nəfər ağıldan kəm məhbuslarla eyni  kamerada saxlanılıb. Talehi vəhşicəsinə döyüblər, apardığımız yeməkləri qəbul etsələr də özünə verməyiblər, hamam qəbuluna, dəyişək paltar almasına icazə verilməyib. Ciddi xəstə olmasına baxmayaraq apardığımız dərmanlarını bizdən  alsalar da qəbul etmək üçün özünə verməyiblər. Taleh  bu vəhşiliklərə etiraz olaraq aclıq edib, yenə işgəncə verməkdən əl çəkmədiklərini görüb özünü kəsib. Çoxlu qan itirdiyi üçün vəziyyəti hazırda da çox pisdir. Taleh deyir ki, özümü öldürmək həddinə çatdırılmışam”.

Taleh Xasməmmədovun anası bildirir ki, bütün bunları Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin xüsusi tapşırığı ilə edirlər:

“Taleh onun qanunsuz fəaliyyətini ictimailəşdirib ifşa etdiyi üçün icra başçısı ondan bu yolla qisas almağı qarşısına ali məqsəd qoyub. Onun məqsədi nəyin bahasına our-olsun Talehi məhv etdirməkdir. Artıq çirkin niyyətinə çatmaq üzrədir oğlum ölümcül vəziyyətdədir. Taleh ölsə bunun bütün məsuliyyəti Göyçay RİH-nin başçısı Mübariz Ağayevin üzərinə düşəcək. Taleh icra başçısı Mübariz Ağayevin  qanunsuz əməllərini düz olaraq ictimailəşdirib ifşa etmişdir. Az vaxtda Göyçay rayon icra başçısı vəzifəsinə təyin olunsada sakinlərin nifrətini qazanıb, lazım olmayan işlərə milyonlar sərf edir, hamını bezdirib. Hazırda  Müalicə Müəssisəsində ciddi xəstəlikdən əziyyət çəkən Taleh qida qəbul edə bilmir, böyrəkləri ifraz etmir, tam taqətsizdir,döyülmə nəticəsində beynində küt ağrılar var. Qorxuruq ki, Talehi yenidən Gəncəyə 2 saylı İstintaq Təcridxanasına qaytarıb orada məhv edərlər. Oranın rəisi Şakir Bayramov  icra başçısı Mübariz Ağayevin sifarişi ilə onu öldürtdürəcək. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Ədliyyə Naziri Fikrət Məmmədova, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə, ATƏT-in Bakı Ofisinin rəhbərinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinə, Ombudsmana müraciət edib xahiş edirəm həbsdə olan oğlum Talehə baş çəkib onunla maraqlanıb kömək edin, qanunu tədbirlər görün,imkan verməyin ki, günahsız oğlumu icra başçısı Mübariz Ağayev məhv etdirsin. Xahiş edirəm köməklik edin”.

Xatırladaq ki, Taleh Xasməmmədovun barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Həbs edilməmişdən iki ay əvvəl Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa ölə biləcəyini bildiriblər.  

Muxalifet.az