“İcra başçısı dedi ki, istəyirsən lap Prezidentə şikayət et…” – ŞƏHİD BACISI / VİDEO

Baxış sayı:
4777

Şəhid bacısı Nəzakət Quliyeva: “Evin döşəməsi çürüyüb, üst örtüyü isə ümumiyyətlə yoxdur”
Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 58 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşan şəhid bacısı Quliyeva Nəzakət Əlisəf qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
"Mən, Quliyeva Nəzakət Əlisəf qızı, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 58 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşmışam. Özüm şəhid bacısıyam və eyni zamanda əsgər anasıyam.
Yaşadığımız yer olduqca qəzalı vəziyyətdədir. Evin döşəməsi çürüyüb, üst örtüyü isə ümumiyyətlə yoxdur. Nə yayımız var, nə də qışımız. Otaqlar ilanlar, əqrəblər və digər zəhərli həşəratlarla dolu olur.
Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin qəbulunda olmuşam, yalvarıb-yaxarmışam ki, mənə köməklik edin. Lakin o, "bizim sənə yardım etməyə vəsaitimiz yoxdur. Get kimə şikayət edirsən et, mən heç kimdən qorxmuram, lap istəyirsən Prezidentə yaz", - deyir. Bir sözlə, Göyçayda istər şəhid bacısı kimi, istərsə də kasıb vətəndaş olaraq heç kim bizi saya saymır, halımızla maraqlanmır.
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident! Sizdən çox xahiş edirəm, bizim başqa bir sığınacağa yerləşdirilməyimiz üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, Sizin sayənizdə Göyçay Rayon İcra Hakimiyyətində bizi sayacaq, insan kimi dəyər verəcəklər”.

Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.