İCRA BAŞÇISI 220 MİNLİK MAŞINI ALASI OLMADI – “Köhnəni müavinə verəcəkdi…” - Yenilənib

Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:
“Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.
K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: “Ehtiyac yoxdur…”
Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: “Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.
* * *
Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı İcra Hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb. Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.
Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.
Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır.