Hüseyn Abdullayevin 6 illik həbs cəzası başa çatdı, amma azad edilmədi... - VƏKİLİNDƏN AÇIQLAMA

Baxış sayı:
18327

Bu gün, aprelin 22-də keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddəti başa çatıb. Lakin Hüseyn Abdullayev azadlığa buraxılmayıb. Buna səbəb isə azadlığa buraxılmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülməsidir.

Qeyd edək ki, 2024-cü il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Vəkili Ceyhun Yusifov deyib ki, Hüseyn Abdullayev köhnə ittihamlar kimi yeni ittihamı da qəbul etmir. Onun sözlərinə görə, bununla bağlı müvafiq hüquqi addımlar atılacaq   

Yeni ittihama görə, Hüseyn Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur. Qeyd edək ki, əvvəlki cinayət işi üzrə istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Bununla belə, yeni ittiham təsdiqlənərsə, Hüseyn Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Yada salaq ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Hüseyn Abdullayev cəzalandırılıb.

O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Hüseyn Abdullayev Azərbaycandan gedib. Mühacirət dövründə ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunmuşdu.

Hüseyn Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.