HƏRBÇİLƏR ÜÇÜN XİDMƏTDƏ OLMAĞIN SON YAŞ HƏDDİ ARTIRILIR - Qanunda daha nələr dəyişdiriləcək?

Baxış sayı:
9235

“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər hərbiçilərimizin pensiya məbləğlərində artımlara səbəb olacaqmı? 

İqtisadiçə deputat Vüqar Bayramov bu barədə sualları cavablandırıb.

- Dəyişikliklər hərbçilərin pensiya məbləğinə necə təsir göstərəcək?

- Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.

- Hərbçilərin pensiyaya çıxma müddəti neçə il olacaq?

- Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur.

- Hərbçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə? bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmi?

- Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir.

 

 

- Bu dəyişikliklər polislərə şamil olunurmu?

- Dəyişikliklər yalnız hərbçi və hərbi statuslu vətəndaşlarımıza şamil olunur. Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə, dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara adi ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək.

- Hərbçilər mülki ali məktəblərdə təhsil ala biləcəklərmi?

- Hazırda bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

- Ali təhsil müddəti ehtiyata buraxılma üçün nəzərdə tutulmuş müddətə daxil ediləcəkmi?

- Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.

- Hərbi xidmətdə olmağın son yaş həddi dəyişdirilirmi?

- Qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.