“Həmişə arzu etmişəm ki, tabutum ay-ulduzlu bayrağımıza bükülüb dəfn olunmağa aparılsın” - Əfsanəvi xüsusi təyinatlı / FOTOLAR

Baxış sayı:
7630
İri addımlarla səhnəyə tərəf addımladı. Onun bu qətiyyəti toy iştirakçılarının təəccübünə səbəb oldu.

 

Birinci dəfə idi ki, bəy, öz toyunda səhnəyə çıxır və çıxış üçün söz istəyirdi. Toyun aparıcısı, məşhur müğənni də təəccüblə sözü bəyə verdi. Pəncəli Teymurov mikrofonu götürərək, ürəyindən gələn bu sözləri dedi:


“Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Hamı bir anlıq donub qalmışdı. Onun ürəyindən çıxan bu sözlər heç də indi düşünülməmişdi. Bu illərin arzusu idi. Pəncəli Teymurov hələ uşaq yaşlarından müəllim olmaq istəyirdi. Ancaq günlərin bir günü onun qərarı başdan ayağa dəyişdi. Xocalı soyqırımı ilə bağlı kadrlara baxan 9 yaşlı Pəncəli Teymurov birdən ayağa durmuş və qətiyyətlə demişdi: “Mən müəllim yox, hərbçi olacağam. Vətəni bu yağı düşməndən təmizləyəcəyəm!”.

Ətrafdakılar alqışlamağa başladılar. Pəncəli Teymurovun öz toyunda bu cür ürəkdən çıxış etməyi hər kəsi qürurlandırmış, onların ürəyini dağa döndərmişdi.


Pəncəli Teymurov uşaqlıq arzusunu daim həyata keçirməyə çalışırdı. 1999-cu ildə hərbi xidmətə yola düşdü. Burada kəşfiyyatçı kimi özünü göstərə bilmiş, bir sıra əməliyyatları uğurla həyata keçirmişdi. Əsgərlikdən sonra könüllü olaraq ordu sıralarına yazılan Pəncəli, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin taborlarından birində xidmətə başlamışdı. 

Kəşfiyyatçı kimi daim düşmənin cəbhəsinin arxasında xidmət göstərmişdi. Bu xidmətlərdən biri də 2015-ci ildə olmuşdu...


O, Kəlbəcərə, düşmən tapdağı altında olan torpaqlara ayaq basmışdı. Bu dəfə gizli yollarla keçsə də, bilirdi, daha doğrusu buna bütün qəlbi ilə inanırdı ki, bu torpaqlara bir də qayıdacaq. Pəncəli Teymurov kəşfiyyat dəstəsi ilə birlikdə verilmiş gizli tapşırığı həyata keçirməli, düşmənin hərbi texnikasını məhv etməli idi. Bu məqsədlə meşənin içərisində gizlənərək, gecənin düşməyini gözləmişdilər. O qədər ehtiyyatla hərəkət edirdilər ki, hətta gecənin səssizliyində belə onların hənirtiləri diqqət çəkmirdi. Tapşırıq üzrə düşmənin hərbi texnikasına əvvəlcədən hazırladıqları patlayıcı maddələri yerləşdirdilər. Bu tapşırığın ən çətin tərəfi güllə atmadan, heç kimə görünmədən bu işi həyata keçirməli idilər. Məhz bu çətinliyi nəzərə alan komandan heyəti bu işi Pəncəli Teymurova tapşırmışdı. 


Pəncəli Teymurov tapşırığın birinci mərhələsini həyata keçirib, arxaya meşəyə çəkildi. Artıq səhərə qədər gözləmək qalırdı. Səhərin ilk şəfəqləri açılırdı ki, dan yeri təzəcə sökülürdü ki, səhərin sükutunu böyük gurultu pozdu. Qığılcımlar ətrafa yayıldı. Pəncəli Teymurov isə olanları uzaqdan müşahidə edirdi. Üzündə acı bir gülümsəmə var idi. O, uşaqlıq arzusuna yavaş-yavaş çatdığını hiss edirdi. Ancaq arxayın olmaq olmazdı. Hələ görüləcək işlər qabaqda idi. Vaxt itirmədən geriyə, hərbi hissəyə qayıtdı. Bu partlayışın səsi-sorağı uzun müddət davam etdi. Ermənistan Silahlı Qüvvələrində böyük çaxnaşma yaranmışdı. Təhlükəsizliyin düzgün qurulmaması, xidmətin düzgün təşkil edilməməsindən dolayı Ermənistan ordusunun bir neçə yüksək rütbəli hərbçisi vəzifəsindən uzaqlaşdırıldı, rütbələri aşağı salındı. Hadisə ilə bağlı hətta cinayət işi də açıldı. Məlumatlara görə, Pəncəli Teymurovun bu ustalığı nəticəsində düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi. Pəncəli Teymurovun bu uğuru qarşı tərəfin böyük qəzəbinə səbəb oldu. Bir səhər bütün cəbhəyanı bölgələrə əmr göndərildi: “Pəncəli Teymurovun başına 1 milyard dram qoyulsun. Onun ölüsünü ya da dirisini gətirən mükafatlandırılsın”.


Əmr birbaşa Ermənistan ordusunun ən yüksək postu tərəfindən imzalanmışdı. Bu xəbəri eşidən Pəncəli Teymurov rahat bir nəfəs aldı. Artıq istəyinə çatmaq üçün bir addım atmışdı. O, düşmənin qorxulu röyasına çevrilə bilmişdi. Komandirləri onunla təkbətək görüş keçirir, bundan sonra daha da ehtiyyatlı olmağı ona bərk-bərk tapşırırdılar. Pəncəli Teymurovun ürəyində isə özü də bilmədiyi bir arxayınlıq var idi, bəlkə də əməliyyatın verdiyi rahatlıq onu buna sövq edirdi. Heç təsadüfi deyil ki, Pəncəli Teymurovun bu xidməti uğuru Ali Baş Komandan cənab İlham Əliyevin də diqqət çəkdi və onu “İgidliyə görə” medalı ilə təltif etdi. Cənab prezidentin bu mükafatı Pəncəli Teymurovun ürəyindəki rahatlığı daha da artmışdı. O, artıq doğru yolda olduğuna bir daha əmin olmuşdu.


Gizir Pəncəli Teymurov Azərbaycan hərb tarixində xüsusi yeri olan Aprel döyüşlərində də şücaəti ilə ön plana çıxa bilmişdi. O, Talış yüksəkliyində çox sayıda düşmən əsgərlərini məhv etmişdi. Son döyüşündə də Pəncəli Teymurov son damla qanına qədər döyüşmüş, ölümü ilə də düşmənlərə böyük zərbə vurmuşdu. Aprelin 3-ü, Talış yüksəkliyi uğrunda döyüşlər gedirdi. Pəncəli Teymurov yüksəkliyin alınması üçün yoldaşları ilə birlikdə döyüşə girmiş, saatlarla davam edən döyüşdə onlarla erməni hərbçisini məhv etmişdilər. Nəhayət onun olduğu komandanı dağıtmaq haqqında Ermənistan baş qərargahından xüsusi əmr gəlmişdi. Bundan sonra Pəncəli Teymurovun komandası mühasirəyə alındı. Pəncəli Teymurov təslim olmur, dayanmadan döyüşürdü. Son mərmisinə qədər döyüşən gizir sonda komandiri ilə birlikdə şəhidlik mərtəbəsinə ucalır. O, doğulub-böyüdüyü Astara rayonunun Əzərüd kəndində torpağa tapşırıldı. Pəncəli Teymurovdan geriyə göstərdiyi igidliklər və bu sözlər qaldı: “Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Pəncəli Teymurov son arzusuna çatmış, Talış yüksəkliyinin ələ keçirilməyində müstəsna xidmət göstərmişdi. Ruhu şad olsun!




Emin Piri 
Ordu.az