Həkimlərlə münasibətinizdə DİQQƏTLİ OLUN - Həbs oluna bilərsiniz

Baxış sayı:
10606

Bir neçə gün öncə Şamaxıda xəstəxanaya hücum və həkimin döyülməsi tibbi işçilərinin şiddətə məruz qalma faktlarını yenidən gündəmə gətirib. Xəstənin yaxınları tərəfindən bu cür hadisələrin törədilməsi onların əsəblərinə hakim olmaması səbəbindən izah edilir. Bütün hallarda isə ortada zorakılıq var. Ən əsas da bu insan bir həkim, xəstənin sağlamlıq durumunu bərpa edəcək şəxsdir. O zaman həkimlər niyə döyülür? Məsələ ilə bağlı Redaktor.az-a danışan həkim Adil Qeybulla bildirib ki, həkimlərin peşə vəzifələrinə biganə yanaşıldığı halda həkim və xəstənin yaxınları tərəfindən müəyyən konfliktlər ortaya çıxır: “Bu hadisələrin heç biri əsas vermir ki, zorakılıq həyata keçirilsin. İstər həkimə qarşı, istərsə də başqa şəxslərə qarşı. “Niyə baş verir?” sualına gəldikdə, adətən, xəstə ağır vəziyyətdə daxil olur, xəstənin qohumları təcili olaraq yardım göstərilməsini tələb edirlər. İnsanların emosionallığından bu kimi işlər baş verir. Bu cür faktlar olsa da, istənilən halda biz sivil münasibətin tərəfində olmalıyıq.İstənilən konflikt yalnız məhkəmə müstəvisində həll olunmalıdır”. A.Qeybulla bildirib ki, həkimlər işlərinə diqqətli yanaşmalıdırlar: “Düşünürəm ki, icbari tibbi sığortadan sonra bu cür məsələlər həll oluna bilər. Bu hallar dünyanın əksər ölkələrində var. Müşahidələrimə görə bu cür hadisələr gündən-günə artır. Bu cür konfliktlər də həkimə olan “pritenziya”lardan ibarətdir. Amma bəzi hallarda məsələ həkimdən də asılı olmur, təchizatda problemlər olur. Bunu da xəstələr nəzərə almalıdırlar. Xəstənin ölümündə xəstə qohumu həkimin günahkar olduğunu iddia edə bilməz. Buna müqabil komissiyalar müəyyən edə bilər ki, həkim səhlənkarlıq edib, ya yox”. Hüquqşünas Xəyal Bəşirov qeyd edib ki, qanunvericiliyə görə, şəxsin həyat və sağlamlığına zərər yetirmə qanunsuz hərəkətdir: “Əvvəllər cinayət məcəlləsində döymə maddəsi var idi, daha sonra döymə maddəsi çıxarıldı və bu, inzibati xəta hesab olunur. Həkim, tibb işçisi, yaxud təcili tibbi yardım əməkdaşı, onlara qarşı hər hansı bir döyülmə əməlinə yol verilibsə, burada xuliqanlıq hərəkəti ola bilər. Xuliqanlıq birbaşa cinayət məsuliyyəti hesab edilir. Döymə olubsa, orada xəsarət olmalıdır. Xəsarət varsa, sağlamlığa yüngül, az ağır, ağır xəsarəti ilə bağlı həmin şəxslər cinayət məsuliyyəti daşıyır”. Hüquqşünas bildirib ki, döymə halında inzibati qaydada həmin şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə oluna bilər: “Yaxud iki ay müddətinə barəsində inzibati həbs seçilə bilər. Sağlamlığa yüngül xəsarət yetirilibsə, bir il müddətində azadlıqdan məhrum oluna bilərlər. Az ağır və ağır xəsarət yetirmə, xüsusən həmin şəxslər xidməti başında olubsa,bu zaman məsuliyyət daha da ağırlaşır. Az ağır xəsarət yetirdiyi halda bir ildən beş ilədək, ağır xəsarət yetirdiyi halda isə doqquz ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Bu cinayət məsuliyyətidir, həm də biz rastlaşmışıq ki, təcili tibbi yardım əməkdaşlarına xəsarətlər nəticəsində onlar növbəti çağırışlara gedə bilməyiblər, bu da digər şəxslərin həyatlarını təhlükə altına qoyur. Təbii ki, həkimlərə hörmət lazımdır, amma bəzi həkimlər də öz həkimlik peşələrindən sui-istifadə edirlər”.