Həbsdə saxlanılan Vüqar Məmmədovun səhhətində problem yaranıb – VƏKİLİNDƏN AÇIQLAMA

Baxış sayı:
8001

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov və istefada olan polkovnik, hərbi ekspert Elnur Məmmədov iyulun 24-də, axşam saat 18:00-da Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hurriyyet.az xəbər verir ki, bu gün Vüqar Məmmədovun vəkili Bəhruz Bayramov həbsdə saxlanılan baş redaktora baş çəkib, onun səhhəti ilə maraqlanıb. B.Bayramovla qısa müsahibəni oxucularımıza təqdim edirik:

- Bəhruz bəy, əldə etdiyimiz məlumata görə, bu gün "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovla görüşmüsünüz. Görüş necə keçdi, baş redaktorun səhhəti normaldırmı?

- Bəli, bu gün görüşümüz oldu. Çox təəssüf hissi ilə deyirəm ki, Vüqar müəllimin səhhətində problemlər var və bu sıxıntılar onu çox narahat edir. Saxlanma şəraitinə etirazı yoxdur, normal olduğunu bildirir. Bildiyiniz kimi, "mədə xorası" xəstəliyindən əziyyət çəkir. Demək olar ki, yemək yeyə bilmir. Orada həkim müayinələri mümkün deyil. Çünki aparatlar yoxdur. Lakin qida qəbul edə bilmədiyi üçün təcili tədbirlər görülməlidir.

- Yeri gəlmişkən, vətəndaş Rustəmov Elçin Cahangir oğlu tərəfindən "Hürriyyət" qəzetinin baş redaktoru V.Məmmədova qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırılıb. Biz istər "Hürriyyət" qəzetində, istər də Hurriyyet.az saytında sözügedən şəxs barədə hər hansı materialın dərc olunduğunu tapa bilmədik. Siz iddia ərizəsi ilə tanışsınız?

- Xeyr, mən də sizin kimi bu iddia ilə tanış deyiləm. Heç rəsmi qaydada bizə məlumat da verilməyib. Nə vaxt bizə rəsmi qaydada sənədlər təqdim olunar, o zaman biz də işlə maraqlanarıq.

SON DƏQİQƏ: Vəkil Bəhruz Bayramov Vüqar Məmmədovla görüşdü

Bəhruz Bayramov

- Vüqar Məmmədovun bu iddia ərizəsi ilə bağlı hər hansı məlumatı varmı?

- Vüqar Məmmədov da bildirdi ki, belə bir şəxsin kimliyi haqqında xəbərsizdir. Məlumatsız olduğunu bildirdi. Məhkəmə zamanı rəsmi şəkildə sənədlərlə tanış olandan sonra işin dərinliyini öyrənəcəyik.

- Bizdə olan məlumata görə, hazırlıq prosesi avqustun 4-də keçiriləcək. Siz Vüqar Məmmədovun vəkili olaraq bu məhkəmə prosesi ilə bağlı hər hansı hüquqi prosedur başladacaqsınız?

- Bildiriş rəsmi şəkildə əlimizdə olmadığı üçün indi hansısa fikir söyləmək tezdir. Bizə məhkəmə prosesi e-mail vasitəsilə bildirilib. Əlbəttə, rəsmi şəkildə sənədlərlə tanış olandan sonra biz də hüquqi bir addım atacağıq.

- Sizcə, baş redaktora qarşı xüsusi ittiham qaydasında irəli sürülən növbəti məhkəmə iddiası təsadüfdür, yoxsa bu işin arxasında hansısa "gizli əllər" var?

- Hələlik bu məhkəmə haqqında heçnə deyə bilmərik. Əlbəttə, qərəzli də ola bilər, olmaya da bilər. Bütün bunların cavabını bizə rəsmi bildiriş gələndən sonra biləcəyik. Xüsusi ittiham qaydasında qaldırımış işlə hələ ki, tanış deyilik. Ümumilikdə isə Vüqar müəllim bu şəxsi tanımadığını bildirir.

Söhbətləşdi: Jalə FAMİLQIZI