Hansı universitetin tələbələri daha çox kirayə ödəməli olacaq? – ARAŞDIRMA

Baxış sayı:
14334

Yeni tədris ilinə bir neçə gün qaldığı üçün tələbələrin paytaxta axını müşahidə olunur. Tələbələrin çoxu avqust ayından kirayə ev axtarışına çıxırlar. Ancaq kirayə evlərin bahalılığı və şəraitsizliyi səbəbilə ev tapmaq işi dərslərin başladığı günə qədər uzana bilir. 

Ötən illərdə də müşahidə etdiyimiz kimi avqustun sonu, sentyabrın əvəllərində ev sahibləri qiymətləri artırırlar. Evlər baha olduğu üçün tələbələrin əksəriyyəti birləşərək bir evi kirayələyirlər.

Bəs bu il qiymətlər necədir? Azərbaycanda bir tələbə nə qədər kirayə pulu verəcək?

Azərbaycanın ən populyar və tələbə qəbulunda ən yüksək nəticələri əldə edilən universitetləri sırasında Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Sənayə və Neft Universitetinin, Azərbaycan Tibb Universitetinin  və s. adlarını çəkə bilərik. Əmlak alqı-satqısı ilə məşğul insanlar daha çox bu universitetlərin ətrafında kirayə ev axtarıldığını qeyd edirlər. 

İlk öncə Bakı Dövlət Universiteti ilə yanaşı bir çox ali təhsil ocağının da yerləşdiyi Elmlərdəki evlərin qiyməti ilə maraqlandıq. Demək olar ki, bütün 1 otaqlı evlər 350 manata, 2 otaqlılar 450-500 manata, 3 otaqlı evlər isə 500 manat və daha baha qiymətə kirayə verilir. 

Azərbaycan Neft və Sənayə Universitetinin yerləşdiyi 28 may ətrafındakı evlərin də qiyməti demək olar ki, eynidir: 

1 otaqlı - 350 manat, 

2 otaqlı - 500-550 manat,

3 otaqlı evlər isə 600 və daha yuxarı qiymətə kirayə verilir.

Azərbaycan İqtisad Universitetinin korpuslarının yerləşdiyi Gənclik və İçərişəhərdə qalmaq da xeyli baha başa gəlir. Gənclikdə qalmaq istəyən tələbələr 1 otaqlı ev üçün 400 manat, 2 otaqlı ev üçün 400-450 manat ödəməlidirlər. İçərişəhərdə yaşamaq isə tələbələr üçün xəyala çevrilib. Çünki burdakı 2 otaqlı evlərin qiyməti  600 manatdan başlayır. 3 otaqlı evləri isə 800 manatdan aşağı tapmaq mümkün deyil. 

Əlbəttə ki, evin yerləşmə nöqtəsindən, binanın strukturundan, şəraitindən, metroya yaxınlığından asılı olaraq qiymətlər dəyişir.

Tələbələrin daha çox üstünlük verdiyi həyət evlərində şərait xeyli pis olsa da, onlar bina evləri ilə müqayisədə 50-100 manat daha ucuz olur. 

Həmçinin, paytaxtın mərkəzindən uzaqlaşdıqca daha ucuz qiymətə ev tapmaq şansı da artır. Ancaq tələbələr yol pulu, tıxaclar və bunun səbəb olduğu dərsə gecikmə kimi halları səbəbilə ali təhsil ocağından çox uzaqdakı evlərin əlverişli olmadığını düşünürlər. 

3 ildir tələbə həyatı yaşayan Nuriyə Əzizova deyir ki, onun hazırda yaşadığı ev metrodan xeyli uzaq məsafədədir:

“İndi evlər çox baha olduğu üçün tələbələrin əksəriyyəti uzaq yerlərdə yaşamalı olur. Bu il də ev sahibləri tələbələrin axınından sui-istifadə edib qiymətləri artırıblar. Mən hazırda həyət evində yaşayıram, 90 AZN ödəyirəm. Amma şəraitdən heç razı deyiləm. Evimiz otaqlara bölünsə də, təxminən bir həyətin içində 10 nəfərə yaxın adam yaşayır”./yenisabah