Hakimiyyətdə yüksək vəzifəli “Torpedo”... - İSRAİL KƏŞFİYYATI BELƏ İŞLƏYİR

Baxış sayı:
10762

Ərəb ölkələrindən birində yüksək vəzifədə artıq beş ildir ki, İsrailin agenti işləyir.

Bu haqda “Yedioth Ahronoth” qəzetinin materialında deyilir. Material tam şəkildə hərbi senzuradan keçəndən sonra həftə sonu qəzetdə dərc ediləcək. İndi isə İsrail KİV-ləri onun qısa xülasəsini yayır.

Məqalədə deyilir ki, adı açıqlanmayan ərəb ölkəsindəki “Torpedo” ləqəbli həmin agent “hərbi olmayan orqanda” çalışır. Agent beş il əvvəl “verbovka” olunub və İsrailə qiymətli informasiya ötürməkdə davam edir. Qəzet İsrail hərbi kəşfiyyatının “504” kod adlı bölməsinin adını çəkir və bildirir ki, həmin bölmənin agentləri ölkə hüdudlarından kənarda işləyir. Material da həmin bölmənin təşəbbüsü ilə hazırlanıb.

Materialda həmin vəzifəli şəxslə ilk təmasın necə qurulduğu ətraflı təsvir olunur. Belə ki, hərbi kəşfiyyatın əməkdaşları onun ətrafının bütün tərkibini, həyatını, özünü “haqları pozulmuş” kimi hiss edib-etmədiyini, məsələn, özəl sektorda daha çox qazanmaq arzusunun olub-olmadığını araşdırıblar. Bundan sonra “Torpedo”nu elə “verbovka” etmək qərara alınıb ki, onun özü bu haqda şübhələnməsin.

“İnformasiya toplayan zaman mən öyrəndim ki, onun tanışı, uzaq qohumu xaricdə yaşayır və əvvəllər müəyyən sahə ilə əlaqələri olub. Mən həmin tanışla internetdə əlaqə yaratdım və ona ekspert olduğu həmin sahə ilə bağlı suallar verməyə başladım. O, əməkdaşlıqdan xoşbəxt idi”,-“Torpedo”nun koordinatoru olan kəşfiyyat zabiti bildirib.

 

Kəşfiyyat agenti məmurun qohumu ilə söhbət zamanı “Torpedo”nun adını çəkməyib, gözləyib ki, o özü həmin adam haqda danışsın. “O mənə həmin ölkədə yüksək vəzifə tutan qohumu haqda danışdı. İzah etdi ki, bir çox məmurlara yaxın olduğu üçün yaxşı əlaqələri var. Mən ona bizim söhbətimiz haqda meydana çıxan ideya haqda düşünəcəyimi dedim və cavab yazacağımı bildirdim. Mən qeyri-müəyyənlik yaratmaq istəyirdim ki, o hər gün elektron poçtunu yoxlayıb mənim cavabımı gözləsin”,-zabit deyib.

Əhvalatın davamında təmasın nə zaman qurulduğu, “Torpedo”nun tərəddüdləri və İsrail hərbçilərinin onu agent kimi istifadə etməkdə uğurları haqda danışılır. Bildirilir ki, “Torpedo” İsrailə işlədiyindən xəbərsizdir, amma bu günə qədər də qiymətli informasiyalar ötürür.//Virtualaz