“Gürcüstanda ermənilərə bizdən artıq önəm verilir”

Əlibala Əsgərov: “Azərbaycan dövləti Gürcüstan azərbaycanlıları ilə bağlı zəif siyasət aparır”
“Biz bu günə qədər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin heç birindən nə mənəvi, nə də maddi dəstək görməmişik”
“Gürcüstan dövləti bunun səbəbini ortaya qoymalıdır ki, nə üçün “Borçalı” Cəmiyyətinin sədri ölkəyə nə üçün buraxılmır ”
Müsahibimiz Gürcüstandan yaşayan soyadaşlarımızı özündə birləşdirən və Gürcüstanda azərbaycanlıların hüquqları uğrunda illərdir mübarizə aparan “Qeyrət” Xalq Hərakatının sədri Əlibala Əsgərovdur. “Hürriyyət”in əməkdaşı Ə.Əsgərovla söhbətində son günlər Gürcüstanda baş verən proseslər ətrafında müzakirələr aparıb.
- Əlibala müəllim, ilk olaraq “Qeyrət” Xalq Hərakatının fəaliyyəti ilə bağlı açıqlama vermənizi xahiş edərdik. Hazırda təşkilatın fəaliyyəti nə yerdədir?
- Etiraf edim ki, “Qeyrət” Xalq Hərakatı son vaxtlar passivlik dönəmi yaşayır. Bunun da səbəbi Gürcüstanda gedən proseslərdir. Yəni artıq Gürcüstanda ictimai təşkilatların hər hansı bir məsələnin həllində rolu qeyri-mümkündür. Çünki əvvləcə Saakaşvilinin hakimiyyəti dövründə iqtidar heç bir ictimai təşkilatlarla işləmədi. Onun dönəmindəki məmurlar ancaq özlərinin yekdil komandasının fəaliyyəti ilə məşğul oldular. İctimai təşkialatların heç biri ilə işləmədilər, onların təklifləri də dövlət tərəfindən qəbul olunmadı. Həmin ənənə olduğu kimi indiki hakimiyyət tərəfindən də davam etdirilir. Yenə də ictimai təşkilatlara bir qədər önəm verilmir, bütün proseslər siyasi partiyalar arasında gedir. O səbəbdən də “Qeyrət” Xalq Hərakatı olaraq bizim də fəaliyyətimizdə bir passivlik var. Çünki əgər hansısa məsələ çox ciddi, həddən artıq radikal qoyulursa, bunu milli ayrıseçkilik kimi qəbul edirlər. Amma “Qeyrət” Xalq Hərakatı mövcuddur, ölkədə həyati əhəmiyyətli məsələlər ortaya çıxarsa, hansısa proseslər baş verərsə, hər halda ilk dəfə reaksiya verən və bu məsələyə münasibət bildirən yenə də “Qeyrət” Xalq Hərakatı olacaq.
- Gürcüstan hakimiyyəti yalnız azərbaycanlıların təmsil olunduğu təşkilatlara soyuq münasibət göstərir, yoxsa bütün təşkilatlara qarşı diqqətsizdir?
- Mən deyərdim ki, QHT-lərin hamısına soyuq münasibət var. Yəni bu, təkcə bizimlə bağlı deyil. Təbii ki, “Qeyrət” Xalq Hərakatı artıq Gürcüstan iqtidarlarında silsilə olaraq milli hüquqların müdafiəçisi kimi həmişə diqqət mərkəzində olub. Odur ki, ona qarşı proseslərdə daha ciddi olurlar və daha radikal mövqe nümayiş etdirirlər.
- Sizcə, hakimiyyətin QHT-lərə diqqətsizliyinin səbəbi nədir?
- Mən bugünkü hakimiyyətin diqqətsizliyini elə iqtidardaxili çəkişmələrdə görürəm. Hakimiyyətin özü sabit bir hakimiyyət ola bilmədi. Yəni 6 partiyadan ibarət olan hakimiyyətin özünün təşkilatlararası sorunları hər şeydən, yəni dövlətçilikdən öncə görünməkdədir.
- Bildiyimizə görə, zaman-zaman Azərbaycan dövləti də Gürcüstanda fəaliyyət göstərən təşkilatlara bu və ya digər şəkildə dəstək verib. Bu gün o qayğını yenə də hiss edirsiniz?
- Azərbaycan dövləti, o cümlədən ayrı-ayrı qurumlar, məsələn, Diaspora Komitəsi müəyyən mənada “Qeyrət” Xalq Hərakatına, Azərbaycanlıların Mədəniyyət Mərkəzinə və bu kimi bir neçə təşkilata dəstək verirdi. Amma son zamanlar Gürcüstanda yaranmış Azərbaycan şirkətləri və Azərbaycan dövlətinin burdakı biznes qurumları bir növ Azərbaycan dövləti qarşısında müəyyən öhdəlik götürdülər ki, guya burda olan prosesləri onlar özləri həll edəcək, Gürcüstan azərbaycanlılarına olan bütün köməklikləri edəcəklər. O səbəbdən də dövlət qurumlarından bizə olan dəstəklər zəiflədi və burda olan Azərbaycan şirkətlərinə önəm verildi. Yəni məsələ belə qoyuldu ki, burdakı təşkilatlara müəyyən mənada dəstəyi həmin qurumlar versin. Məsələn, SOKAR, AKKORD, eləcə də bu və ya digər təşkilatlar. Amma tam səmimi deyirəm, biz bu günə qədər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin heç birindən nə mənəvi, nə də maddi dəstək görməmişik.
- Azərbaycan dövlətinin bir növ sizin arxanızdan çəkilməsi, sizcə, nə ilə bağlı ola bilər?
- Mən bunun birbaşa altını çizərək deyirəm, Azərbaycan Gürcüstana borçalıların həyat fəaliyyəti və onların yaşayışına önəm vermək əvəzinə, neft borularının üstündə girdi. İqtisadi əlaqələrə daha çox önəm verdi. Burda yeni bir bazar tapdılar və o bazar bu gün də Gürcüstanda genişlənməkdə davam edir. Və millət, Borçalı, xalq arxa plana keçdi.
- Burda dövlətin, yoxsa ayrı-ayrı məmurların laqeydsizliyindən söhbət gedir?
- Mənə elə gəlir ki, ayrı-ayrı dövlət məmurlarının hamısının başı bir yerdəndir. Yəni o məmurlar da müəyyən nazirlərə tabedir. Əgər prezident nazirlərə tapşırmışdısa, “Gürcüstanda gedən prosesləri diqqətdə saxlayın” sərəncamını vermişdisə, mən deyərdim ki, elə nazirliklər, dövlət səviyyəli biganəlik var.
- Lakin son vaxtlar Bakıda tez-tez deyirlər ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri hesabına soydaşlarımızın işlə təmin olunmaları sahəsində ciddi irəliləyiş var...
- Bəli, kənardan baxanda fəaliyyət göstərən, göstərməyən, yalançı və paravan təşkilatlarını da içşinə qatsaq, Gürcüstanda Azərbaycanın 200-dən artıq şirkəti qeydiyyatdan keçib. Mən deyərdim ki, onların içərisində SOKAR-da müəyyən azərbaycanlılar yanacaq doldurulma məntəqələrində şlanq tuturlar, qalan şirkətlərdə mən kiməsni görmədim. Yəni bunu tam əminliklə deyirəm ki, burdakı şirkətlərin Gürcüstan azərbaycanlılarının işlə təmin olunmasında o qədər də önəmi olmadı.
- Bəs, azərbaycanlıların ümumilikdə Gürcüstan hakimiyyətində təmsil olunmaları sahəsində hər hansı irəliləyiş varmı?
- Qətiyyən yox. Mərkəzi hakimiyyətdə 1-2 nəfərin təmsil olunmağı ilə, qalan rayon səviyyəli strukturlarda azərbaycanlıların işlə təmin olunmasının minimuma endirilməsi, hardasa azərbaycanlıların işlə təmin olunması demək deyil. Bilirsiniz ki, Gürcüstan azərbaycanlıları ölkədə əhalinin 11-12 faizini təşkil edir. Regionda isə əhalinin 50 faizindən çoxunu təşkil edir. Amma çox təəssüflə deyirəm ki, regiondakı dövlət strukturlarının heç 10 faizində belə azərbaycanlı yoxdur.
- Bu, hakimiyyətin azərbaycanlılara qarşı ögey münasibətinin nəticəsidir, yoxsa yenə də dil problemi mövcuddur?
- Bu, bütün hakimiyyətlər tərəfindən belə gəlib, belə də davam edir. Seçkiqabağı müəyyən vədlər verilir, seçkidən sonra tamamilə unudulur və heç nə də yoxdur. Bunun bariz timsalı - erməni bölgəsində, yəni Samsxe-Cavaxetiyada icra başçıları əgər erməni nümayəndəsindən seçilib, iqtidar partiyasının siyashısından xalqa təqdim olunub, seçkiyə buraxılırdısa, azərbaycanlalılar yaşayan bölgədə - Bolnisi, Marneuli, Qardabanidə bir nəfər belə iqtidar partiyasından azərbaycanlı seçkilərdə icra hakimiyyəti postuna namizəd kimi göstərilmədi. Bunun özü göstərir ki, dedikləri ilə elədikləri tamam bir-biri ilə tərs mütənasibdir.
- Sizcə, bu siyasətin arxasında nə dayanır? Belə çıxır ki, indiki Gürcüstan hakimiyyəti ermənipərəst mövqe tutub...
- Mən bunu dəfələrlə öz müsahibələrimdə və çıxışlarımda demişdim; Gürcüstanda yaşayan ermənilərin mütəşəkkil təşkilatlanmaları, bunun arxasında Ermənistan dövlətinin dəstəyinin olması, və yaxud Ermənistan hakimiyyətinin Gürcüstandakı ermənilərə daha diqqətli yanaşması və Gürcüstan-Ermənistan münasibətlərində bir az da xristianlıq faktorunun əsas götürülməsi və s. bunların hamısını üst-üstə gəlsək, bəli, Gürcüstanda ermənilərə bizdən artıq önəm verilir. Bu, faktdır. Və çox təəssüf ki, azərbaycanlılar bunu ancaq seyr etməkdədir, buna qarşı heç bir münasibət yoxdur.
- Saakaşvilinin hakimiyyətu dönəmi ilə müqayisədə azərbaycanlılara münasibət müsbətə, yoxsa mənfiyə doğru dəyişib?
- Əslində, Saakaşvili hakimiyyəti dövründə də kosmetik olaraq azərbaycanlılara yaxınlaşma məsələsi ortaya qoyuldu. Bir faktı deyim. Saakaşvili gəldi Marneuli rayonunda çox təntənə ilə qeyd etdi ki, prezidentin sərəncamı ilə artıq 21 Mart Gürcüstanda da rəsmi bayram kimi qüvvəyə minir. Bu, ancaq tribunadan deyilmiş bir söz oldu. Bu haqda nə qərar verildi, nə parlamentdə bu məsələyə baxıldı, nə bunu bayram günlərinə artırdılar. Yəni Saakaşvili belə şou xarakterli çıxışlar edərək “Gürcüstan azərbaycanlılarına dəstək” və yaxud da burda azərbaycanlılarla ayrıseçkilik olmadığını zaman-zaman dilə gətirirdi. Bu hakimiyyət isə həmin ənənəni davam etdirir və biganəlik daha da artıb.
- Əlibala müəllim, Azərbaycanda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin “Qeyrət” Xalq Hərakatı ilə əlaqələri varmı və bu təşkilatın Borçalıdakı proseslərə təsir imkanlarını görürsünüzmü?
- “Borçalı” Cəmiyyətinin Bakıdakı fəaliyyəti haqda bir şey bilmirəm. Mənim “Borçalı” Cəmiyyətinin rəhbərliyi ilə münasibətlərimdə heç bir soyuqluq yoxdur. Sadəcə olaraq, mən sizə açıq deyim, “Qeyrət” Xalq Hərakatı olaraq “Borçalı” Cəmiyyəti ilə işbirliyi qura bilmədik. Zamanında qura bilmədik və bu, eləcə də davam etdi. Bu gün də hardasa “Borçalı” Cəmiyyəti ilə “Qeyrət” Xalq Hərakatı arasında münasibətlər çox pərakəndə haldadır. Heç bir əlaqəmiz yoxdur. Amma “Borçalı” Cəmiyyətinin Gürcüstandakı fəaliyyətinin ən yüksək, pik nöqtəsi “Elat” Bayramının təşkili idi. Bu bayram artıq 5-6 ildir davam edir. Və bu 5-6 ildə bu bayramla bağlı “Borçalı” Cəmiyyəti Gürcüstanda sözünü demişdi. Bu, xalq tərəfindən də pis qarşılanmırdı, əksinə çox yaxşı qarşılanırdı, artıq ənənə şəklini almışdı. Qaldı geridə qalan məsələlərə... Bilirsiniz ki, Gürcüstan azərbaycanlılarının Azərbaycanda böyük sorunları var, “Borçalı” Cəmiyyəti o sorunlarla orda məşğul olsa, daha gözəl olardı. Biz nə qədər desək ki, biz burdayıq, bizim vətənimiz Gürcüstandır, amma bunu heç kəs danmaz, bu regionların Azərbaycanla çox sıx əlaqələri var. Azərbaycana daha çox inteqrasiya olunmuş bir toplumuq, bir xalqıq. Çünki birinin oğlu ordadır, birinin qızı ordadır, birinin ailəsinin yarısı burda, yarısı ordadır. Lakin zaman-zaman Azərbaycanla Gürcüstan azərbaycanlıları arasında müəyyən problemlər mövcud olur. Mən istəyərdim ki, o problemlərin həlli yolunda “Borçalı” Cəmiyyəti və yaxud da Bakıda olan ziyalılarımız bizə dəstək versin. Məsələn, miqrasiya problemləri, pasport qeydiyyatı ilə bağlı. Və yaxud zamanında Gürcüstanı məcburi köçkün kimi tərk etmiş və o dövrlərdə qeydiyyata düşə bilməmiş insanların sorunları var. Məsələn, bizdə olan qeyri-rəsmi məlumata görə, 5 mindən artıq adamın hələ də statusu yoxdur - nə Azərbaycan vətəndaşıdır, nə Gürcüstanda evi-eşiyi var, nə də onun orda statusu yoxdur. Oğlu-uşağı böyüyüb, qız ərə verib, oğul əsgər gedib-qayıdıb, hələ o valideyn vətəndaş deyil orda. Yəni “Borçalı” Cəmiyyəti bu məsələlərlə bağlı fəaliyyət göstərsəydi, daha məqsədəuyğun olardı. Və bizim zaman-zaman qarşımıza çıxan problemləri çox istərdim ki, Azərbaycanda yaşayan Borçalı kökənli ziyalılar da “Borçalı” Cəmiyyəti ilə birgə həll edəydi. Amma nədənsə, bəlkə də bu məsələdə bir qədər də günah bizdədir, bu günə qədər bu əlaqələri yarada bilmədik və birgə işləyə bilmədik.
- “Borçalı”Cəmiyyəti sədrinin Gürcüstana girişinin yasaqlanmasına münasibətiniz necədir?
- Mən o cəmiyyətin burdakı fəaliyyətində, yəni zaman-zaman gəlib burdakı çıxışlarında Gürcüstan dövlətinin əleyhinə bir kəlmə belə eşitmədim. Yəni Azərbaycan-Gürcüstan münasibətlərində və yaxud da Gürcüstanda hər hansı separatizm meylləri ilə bağlı məsələləri “Borçalı” Cəmiyyətinin ünvanına yazmaq doğru olmazdı. Qətiyyən belə bir şey olmayıb. Mən də çox heyrətləndim ki, axı, bu nədən belə olsun?! Nədən belə olmalıdır? Yəni, əgər bu “Borçalı” adı daşıyan cəmiyyətdirsə, Azərbaycan dövlətində rəsmi qeydiyyatdan keçmiş bir qurumdursa, nədən cəmiyyətin sədrinin Gürcüstana girişi yasaqlanmalıdır?! Gürcüstan dövləti səbəbini ortaya qoymalıdır ki, hansı səbəblərdən bu cəmiyyətin sədri Gürcüstana buraxılmır. Əgər onu da əlavə etsək ki, “Borçalı” Cəmiyyətinin sədri özü Gürcüstan kökənlidir, Gürcüstan doğumludur, bunun ailəsi, əmiləri, qardaşları, əmisi uşaqları, bütün qohum-əqrəbası burdadır, nə dərəcədə doğru olardı ki, onu bura qoymasınlar?! Məsələn, mən bunu ümumiyyətlə borçalılara qarşı ayrıseçkilik kimi qəbul edirəm. Yəni Gürcüstan dövləti tərəfindən atılan yanlış addım hesab edirəm. Bunu Gürcüstan dövlətinə kimlər diqtə edibsə, onların yanlış siyasət kimi qəbul edirəm. Çünki bu, doğru deyil. Yeri gəlmişkən, bir neçə gün öncə Zəlimxanın yaxın qohumu, Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib. Zəlimxan bu gün əgər onun dəfninə gələ bilmirsə, bunu, bizim hamımıza, borçalılara qarşı olunan bir təzyiq kimi qəbul edirəm.
- Hesab edirsiniz ki, “Borçalı” Cəmiyyətinin Gürcüstana girişinin qadağan edilməsi siyasi qərardır?
- Bunu tam olaraq siyasi qərar və “Borçalı” Cəmiyyətinin zaman-zaman buraxdığı müəyyən səhvlərin nəticəsi hesab edirəm. Gürcüstan hakimiyyəti “Borçalı” Cəmiyyətini sadəcə olaraq qısqandı. Bu qısqançılığın nəticəsi olaraq bu addımı atdılar. Yoxsa Zəlimxanın və cəmiyyətin Gürcüstan dövlətinin əleyhinə nəyisə etdiyinə və edəcəyinə qətiyyən inanmıram və belə bir şeyə də yol verilə bilməz.
- Qeyd etdiniz ki, Azərbaycan təşkilatlarından fərqli olaraq Gürcüstanda ermənilərin təmsil olunduğu qurumlara daha çox dəstək verilir. O halda siz bu problemdən çıxış yolunu nədə görürsünüz?
- Problemlərdən çıxış yolu istər Azərbaycana, istər də Gürcüstana səpələnmiş borçalıların bir araya gəlməsidir. Əgər bir araya, ortaq məxrəcə gəlinməsə, burdan ora, ordan bura telefon zəngləri ilə ayrı-ayrı qurumlar yaradıb, ayrı-ayrı şəxslərə xidmət etmələrin sonu gəlməsə, bu, belə də davam edəcək. Bir misal çəkim. Gürcüstanda Baqdanovka rayonu var idi, indi onu Ninosminda ediblər. Ermənilər bu rayonda 1905-ci il hadisələri ilə bağlı “soyqrım” abidəsi qoydular. Gürcüstan dövlətinə müraciət edəndə ki, biz də Xocalı soyqrımı abidəsi qoyaq... Yəni siz 100 il bundan qabaq olana status verirsiniz, burda ona abidə ucalır, amma azərbaycanlıların yaxın tarixdə, hamının gözü qarşısında başına gələn fəlakəti anmaq üçün bir balaca yer belə yoxdur.
- Bu haqda rəsmi şəkildə müraciət etmisiniz?
- Hətta bizim “Qeyrət” Xalq Hərakatı adından müraciətimiz olub ki, Gürcüstan parlamentində bu məsələ müzakirəyə qoyulsun. Amma susqunluqla cavab verdilər. Yaxşı, bizə cavab verəndə ki, bu qeyri-hökumət təşkilatlarının işidir, Gürcüstan dövlətinin işi deyil, bəs onda necə olur ki, bir məscid yeri istəyəndə aləm qarışır bir-birinə?! Bütün dövlət strukturları ayağa qalxır, məscid yeri yasaqlanır. Amma o qoyduqları abidənin yerini dövlət ayırmadımı ermənilərə?! Nədən onlara elə, bizə belə münasibət var? Bunun da arxasında, yenə deyirəm, Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlıları ilə bağlı apardığı siyasətin zəif olması durur.
“Hürriyyət”