Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Baxış sayı:
11899

Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq. Bu məsələ artıq hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyasında müzakirə olunub.

Bu barədə Gürcüstan mətbuatı yazıb.

Məlumatlara əsasən, hazırki Daxili İşlər naziri Qeorgi Qaxaria Baş Nazir, hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının siyasi məsələlər üzrə katibi, keçmiş Baş Nazir İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin olunacaq. Hazırki Baş Nazir Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı bildirilir.

Baş Nazir Mamuka Baxtadze dəyişikliklər barədə məlumatları şərh edərkən deyib: “Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir. Hökumət parlamentə yenilənmiş proqram təqdim edəcək və dəyişikliklər həmin proqramdan asılı olacaq. Biz nəticələrə hədəflənmişik. 2020-ci il seçkiləri ilə bağlı parlamentə proqram təqdim olunacaq. İstənilən kadr dəyişikliyi həmin proqrama əsasən həyata keçiriləcək”.

Qeyd edək ki, parlamentdə çoxluğu təşkil edən fraksiyanın lideri Gia Volski hökumətdə dəyişikliklərin olacağını istisna etməyib.

Bəzi məlumatlara görə, hökumətdə kadr dəyişiklikləri yaxın bir ay ərzində baş verəcək (Azərtac).