Gürcü baş nazir Saakaşvilinin muradına çatdığını etiraf elədi

Tiflisdə 8 gündür etirazlar səngimir, DİN rəhbəri nə zaman istefa verəcəyini açıqladı; Sülhəddin Əkbər: “Orada baş verənlərə daxili və regional inkişaf kontekstində baxmaq lazımdır”
“İyunun 20-də Tiflisdə polis əməkdaşlarının aksiyaçılara qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib.
Baş nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılıq və təhqiramiz ifadələrə məruz qalıblar:
“Həmin gecə baş verənlər nə Daxili İşlər Nazirliyi, nə də onun rəhbərinin seçimi oldu. Bu, polis əməkdaşlarının ölkə konstitusiyası və nizam-intizamı qorumaqla bağlı vəzifə borcu idi”.
Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib: “Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”.
Hökumət başçısı sabiq prezident Mixail Saakaşvili və onun tərəfdarlarının Gürcüstanda ictimaiyyətin haqlı etirazından istifadə etdiyini də vurğulayıb.
M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixail Saakaşvili 7 il idi Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər: “Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.
Səkkizinci gündür davam edən etiraz aksiyasının iştirakçıları daxili işlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər.
G.Qaxariya Gürcüstanın televiziya kanallarında yayımlanan siyasi tok-şouların aparıcıları ilə iyunun 20-də Tiflisdə baş verən hadisələrlə bağlı sual-cavab formatında görüşdə istefa verməyəcəyini bildirib.
Onun sözlərinə görə, Tiflis iğtişaşları ilə bağlı istintaq başa çatmayana qədər vəzifəsində qalacaq.
“İstintaq bitdikdən və yekun nəticələr əldə etdikdən sonra mənim bu kreslodan imtina etməyim üçün heç bir problem olmayacaq”, - deyə DİN rəhbəri bildirib.
Tiflisdə etirazlar rus deputat Sergey Qavrilovun gürcü spikerin yerində oturmasına görə başlayıb. Gürcüstan parlamentini tutmağa cəhd olunub.
Bakıdakı tədbiri yarımçıq qoyub ölkəsinə qayıdan parlamentin spikeri İrakli Kobaxidze istefa verib. Lakin Rusiyanın işğalçı olduğunu bildirən aksiyaçılar DİN rəhbərini də vəzifəsini tərk etməyə çağırırlar.
Hakim partiya rəsmiləri və ölkə prezidenti Salome Zurabaşvili proseslərin körüklənməsində Saakaşvilini ittiham edir.
Müxalifət partiyaları minimum səs həddinin - seçki baryerinin ləğv edilməsini İvanişvilinin hiyləgər gedişi adlandırıblar.
Çünki bu halda, o, tərəfdarları hesabına çox sayda kiçik partiya yarada, onları parlamentə gətirə və qanunverici orqan üzərində yenə də faktiki nəzarəti təmin edə bilər.
“Eurasianet”in gürcü yazarı Georgi Lomsadze hesab edir ki, Tiflis yenidən Qərb - Rusiya savaşının mərkəzinə çevrilir.
Azad Demokratlar Partiyasının sədri, keçmiş MTN-də I müavin olmuş Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda həm Rusiya-Qərb qarşıdurması gedir, həm də xalqın İvanaşvili iqtidarı ilə hesablaşmadığı göz qabağındadır.
Onun sözlərinə görə, qloballaşan dünyada daxili və xarici siyasəti bir-birindən ayırmaq mümkün deyil.
S.Əkbərin fikrincə, daxil və xarici siyasət üzvü şəkildə bir-birinə bağlıdır: “Artıq regionda geopolitik qarşıdurma həlledici mərhələyə qədəm qoyub. Ona görə də Gürcüstanda baş verənlərə daxili və regional inkişaf kontekstində baxmaq lazımdır.
Biz 1789-cı il Fransa burjua inqilabını, 1917-ci il Oktyabr inqilabının dünyaya təsirlərini nəzərə alsaq və bu gün dünyanın bir-birinə daha da sıxlaşdığını, gürcülərin bizim qonşumuz olduğunu hesablasaq, Tiflisdəki proseslərin Azərbaycana təsir edəcəyi istisna deyil".
Politoloq düşünür ki, bu təsirlər həm siyasi inkişafın dinamikası, həm də Azərbaycan ətrafında beynəlxalq mühitin dəyişməsi baxımdan özünü göstərə bilər.
S.Əkbər bununla yanaşı, Gürcüstandakı son seçkilərin nəticələrini və xalqın yenidən səhnəyə çıxmasını nəzərə almaqla Saakaşvili tərəfdarlarının təkrar iqtidar ola biləcəyini istisna eləmir./musavat.com