Görüş yeri təyin edildi: YAYIN SONU, MOSKVA...

Baxış sayı:
1606

Qabil Hüseynli: “Ərazi bütövlüyü  Azərbaycan üçün gündəmin ən önəmli məsələlərindən biri olacaq”

Xəbər verildiyi kimi, iyunun 13-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kremldə görüşü olub.

Görüşdə Vladimir Putin avqustun 30-da İlham Əliyevin Rusiyaya rəsmi səfərinin olacağını açıqlayıb. O bildirib ki, Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərinin gedişində iki ölkə arasında münasibətlər hərtərəfli və dərindən müzakirə ediləcək.

Prezident İlham Əliyev isə onu avqustun sonunda Rusiyaya səfərə dəvət etdiyi üçün prezident Vladimir Putinə təşəkkür edib. Eyni zamanda deyib ki, bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də “Lujniki” stadionunda keçirilən futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdib ki, prezident İlham Əliyev Rusiyaya futbol üzrə 2018-ci il dünya çempionatının açılış mərasimində iştirak üçün işgüzar səfər etsə də, ən yüksək səviyyədə qəbul edilib, Rusiya prezidenti ilə müzakirələr aparıb. Prezidentin avqustun 30-da rəsmi səfərindən gözləntilərə gəlincə, Azərbaycanla Rusiya arasında kifayət qədər müzakirə edilməli məsələlər var: “Prezident İlham Əliyevin avqustun sonunda Rusiyaya səfər edəcəyinin məhz Vladimir Putinin dilindən səsləndirilməsi səfərin çox böyük əhəmiyyət daşıdığından xəbər verir. Mən Rusiya mətbuatına internet vasitəsilə ötəri bir baxış keçirdikdə son bir həftə ərzində belə bir hakim rəyin şahidi oluram ki, politoloqların xeyli hissəsi, Kremlə yaxın olan siyasi araşdırmaçılar və icmalçılar Rusiyanın Cənubi Qafqazda Azərbaycana mühüm əhəmiyyət verməsinin önəmini xüsusilə açıq və təkidli bir formada tələb etməkdədirlər.

Hətta ölkənin prezidenti haqqında xüsusi bir məqalə ilə çıxış edən bir qəzet İlham Əliyevin bir sıra müsbət keyfiyyətləri ilə yanaşı, onun Rusiyaya bağlılığı-Rusiyada təhsil almasını və rus dilini gözəl bilməsini xüsusi vurğulamaqla Rusiyanın Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Bir hal müşahidə edilməkdədir ki, Azərbaycan-Rusiya münasibətlərinin daha dinamik inkişaf etdirilməsi, onun keyfiyyətcə yeni bir mərhələyə qaldırılması məsələsində ölkənin ictimai rəyi ilə siyasi elitanın mövqeləri üst-üstə düşməkdədir. Bu pozitiv tendensiya inkişaf edən xətt üzrə gedir. Mənim zənnimcə, bu çox diqqət çəkici bir əlamətdir. Bu əlamət 30 avqustdakı rəsmi səfərdə bir sıra məqamların gerçəkləşməsinə gətirib çıxara bilər”.

İlgili resim

Politoloq güman edir ki, Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən strateji müttəfiqlik səviyyəsinə qaldırmaq istəyir. Bu fonda da Azərbaycanın müəyyən arzularının olmasını da nəzərdən qaçırmır: “Əlbəttə, burada ərazi bütövlüyü məsələsi Azərbaycan üçün gündəmin ən önəmli məsələlərindən biri olacaq. Azərbaycanın həm Gömrük İttifaqına, həm Avrasiya İqtisadi Birliyinə qoşulmasına Rusiya tərəfindən müəyyən arzular ifadə oluna bilər və Azərbaycanın şərtləri ilə Rusiyanın istəyi arasında bir harmoniya yaratmaqla konkret addımların atılması görüşlərin müzakirə obyektinə çevrilə bilər. Zənnimcə, bu müzakirələrdən müsbət nəticələr çıxacağına ümid bəsləmək olar. Artıq Rusiya Cənubi Qafqazda strateji seçim etmək və özünün indiyə qədər bu bölgədə yeritdiyi qeyri-konseptual, bəzi hallarda tam müəyyənləşdirilməmiş siyasətini indi konseptual bir zəmin üzərinə qoymaq istəyir. Bu bölgədəki mövqeyini qoruyub saxlamaq üçün daha etibarlı taktiki addımlar atmaq fikrinə düşüb. Bu səbəbdən mən Azərbaycan prezidentinin 30 avqustda Rusiyaya olacaq rəsmi səfərinin Azərbaycan üçün xüsusilə əhəmiyyətli olacağı qənaətindəyəm. Bu günlərdə baş tutmuş işgüzar səfərdə də Putinlə Əliyevin isti və mehriban davranışları diqqətdən yayınmamalıdır. İndidən rəsmi səfərin vaxtının elan edilməsi o deməkdir ki, ciddi sənədlərin, ciddi razılaşmaların imzalanması gözlənilir. İndidən bu səfəri hazırlamalı olan ekspertlərə həmin sənədlərin hazırlanması və razılaşdırılması istiqamətində ciddi işə başlamaq haqqında göstəriş verilib. Mən bu səfərin uğurlu olacağı qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycan prezidentinin səfəri Cənubi Qafqazda hökm sürən bir sıra problemli məsələlərin həllinə töhfə verə bilər”.