"Gömrük Komitəsində araşdırma aparılsa, milyardlarla vəsait ortaya çıxacaq"

Baxış sayı:
3182

“Digər nazirliklərdə, komitələrdə də çox böyük rüşvət, korrupsiya faktları mövcuddur" 

Son günlər Biləsuvar, İmişli rayonlarının icra başçıları və onların müavinləri ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində də əməliyyat aparılaraq, nazirliyin 10-dək əməkdaşının həbs edilməsi gündəmin əsas mövzularındandır. Ancaq icra başçılarının, məmurların korrupsiya cinayəti başında yaxalanmasına müxalifət partiyalarının rəhbərlərinin fərqli baxışları var. Görəsən, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev nə düşünür? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə E. Musayevlə söhbətləşdik.

(Əvvəli bu linkdə: https://muxalifet.az/bu-adamlarin-vsaiti-dovlt-budcsin-kecirilmlidir-elsad-musayev.html )

– Elşad bəy, rayonlarda icra başçıları həbs olunur, ancaq qanunsuz fəaliyyətlə məşğul olan polis rəislərinin, hakimlərin, yaxud prokurorların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumat yoxdur. Rayonu təkcə yeyib-dağıdan icra başçılardı?

– Mən sizinlə razıyam ki, icra başçıları həbs olunur,  polis, yaxud hakim, prokurorların həbsi ilə bağlı məlumat yoxdu. Amma onu da nəzərə alaq ki, bu prosesin özü təzə başlayıb. Yəni indiyə qədər hamı dağıdıb. Bu ölkəni hamı sümürüb gedib. Ona görə, bizim büdcəmiz 15 milyarddır. Bu proses təzə başlayıb. İndi bu prosesi başlayan adamların hansı planı, proqramı var, ortaya çıxacaq, görünəcək. Yəni bu işləri aparan Dövlət Təhlükəsizlik Xidmətidir. Açığı deyim ki, fəaliyyətlərinə yüksək qiymət vermək olar. Çox peşəkarlıqla prosesi aparırlar. Çəkilişləri, digər işləri peşəkarlıqladır, amma mən sizinlə razıyam ki, rayonu təkcə sökən, dağdan icra başçısı deyil, o birilər də paralel olaraq hərəsi öz miqyasında sökür, dağıdır. Təkcə o deyil ki, Azərbaycanın bütün sahələrində elədir. Misal üçün DYP 10 illərdir rüşvət, korrupsiya mənbəyidir. Adamları bir vəzifədən digərinə qaldırırlar. O gün oxuyuram, mediada yazılır ki, təzə birini vəzifəyə qoyublar, deyir, Bakı şəhərində minə yaxın evi var. Bir polkovnik-leytenant minə yaxın evi haradan alır? Minə yaxın ev zarafat deyil. Ona görə, onlarda da yoxlama olmalıdır.

– Ölkədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və bu  yöndə fəaliyyət göstərən digər idarələr var. Ancaq bu məsələlərdə həmin idarələrin rolu görünmür. Ancaq DTX korrupsiyaya bulaşmış məmuların ifşa olunmasına köklənib. Korruspiyaya qarşı Mübarizə Baş İdarəsinin və bu  yöndə fəaliyyət göstərən digər idarələrin fəaliyəti görsənmirsə, bəs, onlar nə üçündür?

– Görünən odur ki, indiyə qədər bunlar formal xarakter daşıyıb. Yəni Korrupsiyaya qarşı mübarizə idarələri adı altında fəaliyyət göstərib, amma formal xarakter daşıyıb. İndinin özündə də  görünən odur ki, hakimiyyətin birinci adamı, yəni ölkənn prezidenti konkret bu sahə ilə bağlı göstəriş verib. Yəni onun icazəsi, göstərişi olmadan bu prosesi aparmaq olmaz. Burada bir məsələyə toxunaq ki, illərdir Azərbaycanı idarə edən bir hakim partiya var- Yeni Azərbaycan Partiyası və həbs olunanların, rüşvətxorların, korrusionerlərin hamısı o partiyadadır. Bu partiyanın yerli şöbələri var, hamısı da icra hakimiyyətlərində işləyir. Bunlar niyə bir məlumat vermirdi, etiraz etmirdi? Bunların mərkəzi aparatda oturanlar var, illərlə hamıya ağıl verirdilər. Onlar ən azı mənəvi məsuliyyət daşıyırlar. Bu adamlar da özlərində təpər tapmalıdır ki, qısa müddətdə bunların içindən bu qədər rüşvətxor, korrupsioner çıxıbsa, bunlardan da bir istefa verib, çıxıb gedəni olsun. Necə olur Tağı Əhmədov rüşvət faktını etiraf edib, adam deyir ki, mən Akif Çovdarova 3 milyon rüşvət vermişəm, bundan sonra, bu adamı gətirib Yasamal rayon təşkilatının sədri qoyublar? Bu partiyada kimlər olmadı ki? Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə, rüşvətə görə “rabitə işi”ndə həbs olunub. Bu məsələ də var.

– YAP-ın bu qədər üzvünün korrupsiya cinayəti törətməsi, həbs olunması hakim partiyanın yenilənməsi, ümumiyyətlə, yeni bir iqtidar partiyasının gündəmə gətirilməsinə əsas verirmi?

– YAP-ın içindən bu qədər rüşvəxor, korrupsionerin çıxması və bunların da həbs olunması onu göstərir ki, bu hücum təkcə rüşvətxor, icra başçlarına, məmurlara qarşı deyil, eyni zamanda köhnəlimş YAP zehniyyətinə də bir hücum kimi qiymətlərndirilməlidir. Açıq görünür ki, bu partiya köhnə qaydada, primitiv düşüncə sahibi olan, rüşvət, korrupsiya ilə məşğul adamlardır, ölkənin yeni qaydada idarə olunması üçün heç bir təşəbbüsdə bulunmur və bunların nümayəndələri də rüşvəxor, korrupsioner çıxıb, ölkənin bu vəziyyətə düşməsində də onların çox böyük məsuliyyəti var.

– Elşad bəy, indiyə kimi mətbuatda  korrupsia ilə məşğul olan bir çox nazirliklərin, komitələrin adı hallanıb, həmişə gündəmdə olublar. Necə düşünürsünüz, Mədəniyyə Nazirliyindən sonra adı daha çox hallanan nazirliklərə və komitələrə də növbə gəlib çatacaq?

– İlkin olaraq, onu deyim ki, burada medianın da çox böyük qüsuru var. Media ümumiyyətlə, indiyə qədər mədəniyyət naziri Əbülfəz Qarayevlə bağlı demək olar ki, mənfi heç nə yazmayıb. Bizdə bir şey var, filankəs filankəsin qohumudur, filan nəsildən gəlib. Dəxli yoxdur, istər yaxşı, yaxud pis nəsildən gəlsin rüşvətxorun, cinayətkarın, korrupionerin nəsli, yeri vətəni olmur. Amma Əbülfəz Qarayev məsələsi onu göstərdi ki, əgər Mədəniyyət Nazirliyində bu qədər gəlişmələr olubsa, əlbəttə, digər nazirliklərdə, komitələrdə çox böyük rüşvət, korrupsiya faktları açmaq mümkündür və o gözlənilir. Gömrük Komitəsi illərdir hansı hoqqalardan çıxır. Gömrük Komitəsi illərdir rüşvət, korrupsiyanın içində boğulub, millətə nə qədər zülm edib. Oradakı gəlişmələri hesablasaq, orada milyardlarla vəsait ortaya çıxacaq və bunlar çıxarılıb ortaya qoyulmalıdır. İstər vergidə, nəqliyyatda, gömrükdə olsun, ortaya çıxarılmalıdır. İllərdir Ziya Məmmədov, Cavid Qurbanov ikiliyi yol çəkib. İndi Azərbaycanda bir dəb düşüb, tez-tez təşkilatın adını da dəyişirlər. Bir təşkilatın imici mənfi olan kimi, onun tez adını dəyişirlər. Misal üçün “Azəryolservis” var, burada nə qədər vəsait yeyilib. Niyə onun adını dəyişirlər? Buna görə, istənilən sahədə yoxlama aparılsa, hamısında rüşvət, korrupsiya var. Sadəcə, buna qarşı tədbir görmək lazımdır. Mən sizinlə razıyam ki, iki qaydada bunun qarşısını almaq olar, ya sistem dəyişir, adam normal əməkhaqqı alır, yaxud sistem dəyişilməsə belə, indki halda işləyən adamlara normal əməkhaqqı verilir, amma ona yenə də ictimai nəzarət olunur. İctimai nəzarət olmasa, yerlərdə digər strukturlar işləməsə, adamlar əməllərini davam etdirəcəklər.

– Həbs olunan icra başçılarının, məmurların mənimsədiyi pullar büdcəyə necə, Cinayət Məcəllsinin hansı maddəsi ilə qaytarıla bilər?

– Məhkəmə hökm verəcək və hökmə uyğun vəsait büdəcəyə qaytarılmalıdr. Sübut olunur ki, bu pullar oğurlanıb. Məhkəmə də hökm verir ki, dövlətin nəfinə bu pullar, yaxud əmlakı müsadirə olunsun.  Bizim nazirlərin eləsi var ki, onun Londonda, başqa yerlərdə əmlakları var. Kim bilmir ki? Azərbaycanda istənilən hüquq-mühafizə orqanı araşdırma aparıb, onu tapacaq və məhkəmənin hökmünə əsasən də o dövlət nəfinə müsadirə olunmalıdır.

Şamo EMİN, Hurriyyet.org