“Gömrük Komitəsi ləğv edilməsə, inkişafdan danışmaq əbəsdir” – Sərt açıqlama

Baxış sayı:
9511

Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı tənqid və ittihamlar ara vermir.

“Yeni Sabah” xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də mövzuyla bağlı fikirlərini ictimailəşdirərək Gömrük Komitəsini sərt şəkildə tənqid edib.

“Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, onların qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?”

Baş redaktor daha sonra bunları yazıb: “İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev? İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız? Bəsdirin də insanların əsəbləri ilə oynadınız!”.

Mövzuya ironik yanaşan jurnalist Dövlət Gömrük Komitəsinin Dövlət Soyğun Komitəsi adlandırılmalı olduğunu bildirib: “İş adamlarının əzabı 36 faiz vergi ilə yekunlaşmır. Bəyannamə üçün ayrı məbləğ ödəməlidir. Ayrıca, özlərindən xidmət-malın qalma haqqı-filan uydurub, malın dəyərinin ən az 45 faizini Dövlət Soyğun Komitəsi alırsa, bu başına Səfər Mehdiyev boyda daş düşmüş iş adamı necə malını ucuz satsın? Süni bahalaşma deyirsiniz, adresi başqa yerdə axtarmayın, Dövlət Gömrük Komitəsi hazır yerindəykən…”