​Gecə klubunda qətl törədən mühafizəçiyə ağır cəza istənildi

Gecə klubundakı qətlə görə həbs edilən şəxsin məhkəməsi davam edib.
Muxalifət.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vuraraq ölümə səbəb olmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə klubdakı davanın görüntülərinə baxılıb. Klubun nəzarət kameralarından çıxarılan videogörüntləri məhkəmə zalında olan mərhumun anası da izləyib.
Prosesin davamında dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin törətdiyi əmələ görə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bülbül prospektindəki, “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədovla arasında mübahisə yaranıb.
Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. T.Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Onun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.
F.Musayev barəsində Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
Bildirək ki, hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.