Əfqanıstanda taliblərin gecə həmlələri nəticəsində 43 POLİS ƏMƏKDAŞI ÖLDÜRÜLDÜ

Baxış sayı:
3928

Əfqanıstanın qərbində “Taliban” hərəkatının gecə həmlələri nəticəsində azı 43 polis əməkdaşı həyatını itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” hərəkatının döyüşçüləri dünən gecə saatlarında Fərah əyalətinin eyni adlı administrativ mərkəzindəki polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Silahlılar polis məntəqəsinin binasını ələ keçirməyə, habelə silah və sursatı qənimət götürməyə müvəffəq olub.
Döyüşün baş verdiyi rayona ordu hissələri göndərilib və hazırda itirilmiş obyektlərin nəzarəti yenidən hökumət qüvvələrinin əlinə keçib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.