“Foreign Brief”: “Paşinyan müharibəyə hazırlaşmaq üçün Rusiyadan daha çox texnika istəyə bilər...” - PATRUŞEVİN SƏFƏRİ, REGİONDA ARTAN GƏRGİNLİK

Baxış sayı:
3774

Bu gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yerevana səfər edəcək. Virtualaz.org xatırladır ki, Rusiyanın xarici siyasətinin formalaşmasında əsas söz sahiblərindən biri olan Patruşevin Yerevana səfəri əvvəlcədən planlaşdırılsa da Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda səsləndirdiyi son avantürist bəyanatları ilə bağlı regionda artan gərginliyə təsadüf edir. Gözlənilir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Yerevanın Qarabağ ətrafında deeskalasiya riskini kəskin artıran addımlarını da müzakirə edə bilər.

Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən, ABŞ və Avropada ofisləri yerləşən, beynəlxalq geosiyasi risklərin araşdırılması ilə məşğul olan “Foreign Brief” mərkəzinin təhlilində də bu məqam vurğulanır.

Mərkəzin təhlilində deyilir ki, Ermənistan silah təchizatında Rusiyadan asılıdır və Moskvanın Cənubi Qafqaz regionunda yeganə müttəfiqidir. “Həqiqətən Ermənistan Rusiyanın regionda yeganə hərbi bazasını saxlayır və Rusiyanın rəhbərlik etdiyi KTMT-nin regiondakı yeganə üzvüdür. Ancaq Rusiya baş nazir Nikol Paşinyana ehtiyatla yanaşır, çünki onun 2018-ci ilin aprelində “məxməri inqilab”la hakimiyyətə gəlişi Moskvada “qərbyönümlü” kimi interpretasiya olunub”,-mərkəz xatırladır.

“Foreign Brief” qeyd edir ki, Ermənistanın təhlükəsizlik strategiyası əsasən Azərbaycanın separatçı Dağlıq Qarabağ regionu ətrafında həll edilməmiş münaqişəyə köklənsə də Paşinyan avqustun 5-də növbəti dəfə regiona baş çəkib, Qarabağ üzərində erməni suverenliyinə iddia edib. Bu da Azərbaycanla Ermənistan arasında yeni söz müharibəsinə gətirib çıxarıb.

“Paşinyanın təxribatçı addımı belə düşünməyə məcbur edir ki, gərginliyin artması Dağlıq Qarabağ ətrafında yeni müharibənin başlamasına gətirib çıxara bilər. Baş nazir 2016-cı ildəki hərbi əməliyyatların yenidən təkrarlanmasına yaxşı hazırlaşmaq üçün  Rusiyadan daha çox silah, hərbi texnika istəyə bilər. Ancaq Ermənistan Rusiya üçün nə qədər mühüm olsa da bu Moskvaya Yerevanın düşməni Azərbaycana silah satmağa mane olmur. Paşinyanın Moskva ilə münasibətlərinin istiləşməsi Rusiyanın silahlanmada  Ermənistana Azərbaycan qarşısında üstünlük qazandırmasına gətirib çıxaracaqmı, bu prezident Vladimir Putinin Yervana oktyabr ayına nəzərdə tutulan səfərindən sonra məlum olacaq”,-mərkəz qeyd edir.

Xatırladaq ki, Rusiya Paşinyana nə qədər soyuq yanaşsa da hər halda onun hakimiyyətə gəlişindən sonra Ermənistana güzəştli qiymətə bir sıra yeni silahlar, o cümlədən 4 Su-30SM qırıcıları satmağa razı olub. Habelə müdafiə naziri David Tonoyanın bildirdiyinə görə, Rusiya ilə digər silah sövdələşmələri də əldə edilib ki, bu da silahlanmada “sürprizlər” vəd edir.