FHN-nin hospitalında rəhmətə gedən qadının qızıl dişləri və 500 manat pulu oğurlanıb - ŞİKAYƏT

Baxış sayı:
5599

Mübariz Vahabov: “5 il keçməsinə baxmayaraq xəstəxana tərəfindən anamın dışləri mənə qaytarılmayıb”
Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34, mənzil 22-də qeydiyyatda olan və yaşayan Qarabağ müharibəsi qazisi Vahabov Mübariz Vəli oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. O, deyir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalında anasına məxsus qızıl dişlər xəstəxana rəhbərliyi tərəfindən oğurlanıb:
“Mən, Vahabov Mübariz Vəli oğlu, yazaraq məlumat verirəm ki, 17 dekabr 2020-ci il tarixində anam Vahabova Bahiyyə Rza qızını “Covid-19” ikitərəfli pnevmaniya buzlu xəstəlik diaqnozu ilə Fövqəlada Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalına yerlaşdirmişəm. Təxminən günorta saat 12 radələrində mən öz evimə qayıtdım.
Hər gün xəstəxananın həkimi, yəni anamı müayinə edən Üzeyir bəylə əlaqa saxlamışam. Bəzən Üzeyir həkimlə əlaqə saxlaya bilmədiyimdə telefona Rəhimə xanım cavab verirdi. Bilirdim ki, anam 19-cu korpusda, 2-ci palatada müalica alır.
3 gün keçəndən sonra - 20.12.2020-ci il tarixində, günorta saat 15:00 radələrində bizə xəbər edildi ki, ananızın vəziyyəti pisləşdiyinə görə, onu reanimasiya şöbəsinə köçürmüşük, suni nəfəs aparatına qoşulub. Bir qədər sonra isə xəbər gəldi ki, ananız dünyasını dəyişib, xahiş edirik xastaxanaya yaxınlaşın.
Mən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalına getdim. Oradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinin meyitxanasına göndərdilər. Orada məni dəvət etdilər ki, ananızın qızıl dişləri və  şəxsi əşyaları sizə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalında veriləcək. Onu da bildirdilər ki, 3-4 günə gəlib əşyaları və 530 manat da pulu götürərsiniz.
3 gün sonra əşyaları götürmək üçün xəstəxaya getdim. Əşyaları götürdüm, amma alt-üst dişi paketdə görmədim və mənə dedilər, qol çək ki, hər şeyi götürdüm. “Diş yoxdur” dedikdə isə, mənə bildirdilər ki, o anbardadır, sonra gəlib onu da apararsınız.
Bir neçə gün sonra yenidən getdim ki, dişləri və pulu götürüm. Mənə bildirdilər ki, çöx təəssüf, amma dişləri və pulu tapa bilmirik.
Xəstəxanadan çıxar-çıxmaz dərhal 102 xidmətinə məlumat verdim. Xətai rayonu 36-cı polis bölməsindən bildirdilər ki, bu işlə məşğul olacağıq. Artıq illər keçməsinə baxmayaraq, hələ də mənim şikayətimə baxılmır”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.