Ermənilər üçün Vukovar nümunəsi
Ermənistan rəhbərliyi daha düzgün qərar versəydi, bu gün Qarabağda kifayət qədər böyük erməni icması yaşayar və İrəvandakı hakimiyyət indiki erməni qaçqın axını ilə üzləşməzdi...
Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə xələl gətirmək üçün arxa planda pusquda duran qüvvələrin müqavimətinə baxmayaraq, rəsmi Bakı regionda sabitliyi bərqərar etməkdə qərarlıdır. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının Birgə bəyanatı bunun bariz nümunəsi hesab oluna bilər. Bəyanatın mətni belədir: “Ermənistan Respublikası və Azərbaycan Respublikası regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkanın olması ilə razılaşırlar. Hər iki dövlət münasibətləri tənzimləmək və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiqləyirlər.
Ermənistan Respublikasının Baş nazirinin aparatı ilə Azərbaycan Respublikası Prezidentinin administrasiyası arasında aparılan danışıqlar nəticəsində iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası humanitar dəyərləri rəhbər tutaraq və xoşməramlılıq əlaməti olaraq 32 erməni hərbçisini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanitar dəyərləri rəhbər tutaraq və xoşməramlılıq əlaməti olaraq iki azərbaycanlı hərbçini azad edir.
Ermənistan Respublikası xoşməramlılıq jesti olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (“COP29”) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi müraciəti dəstəklədiyini bildirir və öz namizədliyini geri götürür. Ermənistan Respublikası və Azərbaycan Respublikası Şərqi Avropa Qrupuna daxil olan digər ölkələrin də Azərbaycan Respublikasının Konfransa ev sahibliyi etmək üçün müraciətini dəstəkləyəcəklərinə ümid edir. Azərbaycan Respublikası xoşməramlılıq jesti olaraq Ermənistan Respublikasının “COP” qrupunun Şərqi Avropa Bürosuna üzvlüyünə namizədliyini dəstəklədiyini bildirir”.
Üçüncü tərəfin, yəni vasitəçilərin iştirakı olmadan imzalanan bu bəyanatı sülh anlaşmasının əldə olunması istiqamətində mühüm sənəd hesab etmək olar. Görünür, nəhayət İrəvanda bu sadə həqiqəti anlamağa başlayırlar ki, yalan informasiyalarla dünyanı daha bir neçə on il aldatmaq, Azərbaycana qarşı güc yolu ilə danışmaq artıq imkansızdır, indi ən məqbul yol sülh prosesinə təkan verməkdir. Zənnimizcə, məlum bəyanatda Nikol Paşinyanın ofisinin Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa və belə bir sazişə imza atılması üçün Bakı ilə birbaşa dialoqa hazır olması barədə birgə bəyanatı məhz belə dəyərləndirilməlidir.
İrəvan gec də olsa, “Qarabağ dərsi”ni öyrənməyə başladı. Amma “Artsax” separatçıları son dəqiqəyə qədər “vaxt qazanmaq üçün oyun apardılar”. Onlar Azərbaycanın sülh təşəbbüslərini rədd edərək, öz qeyri-qanuni qurumlarını və silahlı dəstələrini dağıtmaqdan imtina etdilər. Paralel olaraq Qarabağın erməni əhalisini Azərbaycana reinteqrasiyası prosesinə başlamaq niyyətindən çəkindirməyə çalışdılar və buna qismən də nail oldular.
Bu gün Ermənistanda ən millətçi düşüncəli siyasətçilər belə, başa düşürlər ki, əgər Qarabağ “miatsumçuları” Azərbaycanın təkliflərinə razılaşsaydılar, o zaman indi Qarabağda kifayət qədər böyük erməni icması yaşayacaqdı və İrəvandakı hakimiyyət indiki erməni qaçqın axını ilə üzləşməzdi.
Məsələn, 44 günlük müharibənin ardınca sülh müqaviləsi bağlanandan dərhal sonra Qarabağ erməniləri Azərbaycana reinteqrasiya ilə bağlı danışıqlara getsəydi və bu istiqamətdə konkret addımlar atmağa başlasaydı, indi ortada fərqli mənzərə olacaqdı. Üstəlik, bunun üçün bütün imkanlar da var idi.
Çoxları sakitcə Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda qalacaq, digərləri də yeni yerdə məskunlaşmaq üçün vəsait alacaq, sakitcə evlərini satıb çıxıb gedəcəkdilər.
Bu məqamda maraqlı bir nümunə çəkə bilərik. Xorvatiyada, Serbiya ilə sərhəddə Vukovar şəhəri var. Xorvatiya vətəndaş müharibəsi zamanı serblərlə xorvatlar arasında şiddətli döyüşlər zamanı mənfi imiclə məşhurlaşdı. Bu döyüşdə Serbiyanın dəstəyi ilə yerli serb separatçıları Xorvatiyanın serb əhalisi olan hissəsində separatçı serb “muxtariyyəti” yaratmaq üçün “qollarını çirmələdi”. Bu müharibə zamanı serb qüvvələri Xorvatiya əhalisinə qarşı total etnik təmizləmə həyata keçirdilər. 1991-ci ilin məlumatlarına görə, əgər əhalinin 43%-i xorvatlar, 37%-i serblər idisə, şəhər uğrunda gedən döyüşlərdən sonra Vukovarda demək olar ki, xorvatlar qalmamışdı. Serb separatçıları Belqradda Miloşeviç rejiminin dəstəyi ilə 1991-ci ilin sonunda Serbiyanın digər separatçı anklavları ilə birlikdə qondarma “Srpska Krajne Respublikası”nın bir hissəsi olan “Slavoniya, Baranja və Qərbi Sirmium Serb Muxtar Vilayəti” adlı separatçı qurum yaratdılar. Lakin “Srpska Krajne Respublikası”nın böyük hissəsi 1995-ci ildə “Fırtına” əməliyyatı zamanı Xorvatiya ordusu tərəfindən geri qaytarıldı. Və sonra Vukovar serblərin yanında qalsa da (44 günlük müharibədən sonra Xankəndidə olduğu kimi), serb separatçılarına və onların arxasında duran Serbiyaya aydın oldu ki, yad əraziləri saxlaya bilməyəcəklər. Nəticədə separatçı “Serb regionu”nun qalıqlarının Xorvatiyaya dinc yolla reinteqrasiyası haqqında razılıq əldə olundu.
Həmin vaxtdan serb hərbi dəstələri, o cümlədən Vukovar tərəfindən işğal edilmiş ərazilər 1998-ci ildə sülh yolu ilə Xorvatiyaya birləşdirildi və bu zaman şəhərin genişmiqyaslı bərpasına başlanıldı. Serbiya qonşu ölkələrin (Xorvatiya və Bosniyada) ərazisində separatizmi dəstəkləməkdən imtina etdi, lakin yad ərazidə separatizmə bu cür dəstək Serbiya üçün mənfi rol oynadı. Çünki Kosovodakı albanlar sual verməyə başladılar ki, niyə Xorvatiya və Bosniyadakı serblərə öz “müstəqil dövlətləri” olmasına icazə verilir, amma bizdə yox? Nəticədə hələ də həllini tapmayan Kosovo münaqişəsi alovlandı.
Xorvatiyadakı serb separatçı ərazilərinə gəlincə, müharibə və etnik təmizləmə zamanı xorvatların demək olar ki, hamısı Vukovar şəhərindən qaçsalar da, dinc yolla reinteqrasiyadan sonra onların bir qismi şəhərə qayıdıb. Bəzi serblər 1998-ci ildən sonra Vukovarı tərk etdilər, lakin əksəriyyəti qaldı.
2001-ci il siyahıyaalınmasına görə, xorvatlar əhalinin 57,5%-ni, serblər isə 32,9%-ni təşkil edirdi. 2011-ci il siyahıyaalınmasına əsasən, xorvatlar əhalinin 57,3%-ni, serblər isə 34,9%-ni təşkil edirdi, yəni serblərin payı demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatıb.
Buna baxmayaraq, məhz burada, Vukovarda xalqlar barışdı. Buna separatizmi və qonşusuna qarşı ərazi iddialarını dəstəkləməyi dayandıran Serbiyanın ağlabatan siyasəti kömək etdi. Vukovar serbləri Xorvatiya vətəndaşlığını aldılar, bununla bağlı bütün hüquqlara malikdirlər və özlərini Xorvatiya vətəndaşı kimi heç bir “status” olmadan əla hiss edirlər.
Əgər Qarabağ erməniləri və onların İrəvandakı himayədarları 2020-ci ilin noyabrından sonra dərhal sülh şəraitində Azərbaycana reinteqrasiya olunmaq üçün ağıllı qərar qəbul etsəydilər, eyni imkanlardan yararlana bilərdilər. Amma onlar Rusiya, Fransa, İran, Ruben Vardanyana arxalandılar və sadəcə olaraq separatçı layihəni xilas etmək üçün uğursuz cəhdlərə zaman sərf etdilər. Halbuki, serblərdən nümunə götürə bilərdilər.
Bunun nəticəsidir ki, bu gün Vukovarda serblər yaşayır və Xankəndində isə çox az sayda erməni qalıb. Baxmayaraq ki, Azərbaycan hələ də Qarabağda doğulanları geri qayıtmağa və vətəndaşlığını qəbul etməyə dəvət edir.
Qarşılıqlı sülh arzusunun vurğulandığı Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin administrasiyalarının birgə bəyanatından sonra - 2023-cü il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfər etməsi çox rəmzi idi. Prezident Serbiya və Bolqarıstan prezidentləri ilə birlikdə Azərbaycan və Xəzər regionundan qazla doldurulacaq Serbiya-Bolqarıstan qaz birləşdirici kəmərinin açılış mərasimində iştirak etmişdi...
Yeri gəlmişkən, Serbiya və Bolqarıstan bu yaxınlarda bir-birlərinə ərazi iddiaları irəli sürmüş, Birinci və İkinci Dünya müharibələrində öz aralarında vuruşmuşlar, lakin bu gün onlar bütün ziddiyyətləri uğurla həll etmiş, öz aralarında beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını tanımış və bir-birilə sülh yolu ilə əməkdaşlıq edirlər.
İrəvan nəhayət başa düşməlidir ki, əgər qonşularına qarşı ərazi iddiaları davam edərsə, onların sülh təkliflərindən imtina edərsə və eyni zamanda uzaq məsafədəki “müttəfiqlərə” arxalanırsa, separatçı “Artsax”ın taleyi Azərbaycanın tarixi torpaqlarında dövlət yaradan Ermənistanın ərazisində təkrarlana bilər. Əgər sülh yolu ilə həll edilməsə və bu ərazilərin yerli əhalisinin geri qayıtmaq hüquqları da kobud və tamamilə pozulsa, o zaman Azərbaycan bu hüququn müdafiəsinə qalxa bilər. Üstəlik, Azərbaycan Qarabağ ermənilərinə qayıdıb vətəndaşlığını qəbul etməyi təklif edir, bəs İrəvanın Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara cavab təklifi nədir?
Ermənistan və Azərbaycan arasında sülh bu günlərdə bağlanmalıdır və bu gün kommunikasiyaların bloklanması, qaçqın və köçkünlərin geri qayıtmaq hüquqları ilə bağlı razılığa gəlinməlidir. Bu prosesi gecikdirməmək və real olmayan ümidlərə qapılmamaq Ermənistanın maraqlarına uyğundur.
Ülviyyə ŞÜKÜROVA