​"Ermənilər pusquda durub, əlavə torpaqlarımızı işğal etmək istəyirlər" - DEPUTAT

Baxış sayı:
8989

"Son illər Qərb dünyası internet resuslarından geniş istifadə etməklə, ayrı- ayrı ölkələrə qarşı öz işğalçılıq niyyətlərini reallaşdırmaqdadır".
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, yüksək texologiyanın yaradıcısı olan bir sıra dövlətlər onu təkcə öz ölkəsinin inkişafı və tərəqqisi naminə deyil, həm də geopolitik və geoiqtisadi maraqlarını təmin etmək üçün də istifadə etməkdədilər. “Bu baxımdan son beş ildə sosial şəbəkələr vasitəsilə Ərəb dünyasının xarabaya çevrilməsini, yüz minlərlə günahsız insanın qətlə yetirilməsini, şəhərlərin, yaşayış məskənlərinin, qədim sivilzasiya nümunələrinin məhv edilməsini göz önünə gətirmək kifayətdir. Proses davam edir.
Əlbəttə, mən sosial medianın üstün tərəflərini inkar etməkdən çox uzağam. Lakin onun dağıdıcı, ölkələrə və insanlara fəlakət gətirən cəhətlərini də unutmamağı vacib hesab edirəm.
Təəssüf ki, sosial media makinasının neqativ elementləri son illər Azərbaycana da öz çirkabını püskürməkdədir. Ən müxtəlif səbəblərdən və vasitələrdən istifadə etməklə ölkəmizi tərk edən və özlərini “siyasi mühacir” adlandırılanlar durmadan, usanmadan dövlətimizə qarşı hədyanlar yağdırmaqda, tərbiyəsiz, əxlaqsız davranışlar sərgiləməkdədirlər. Bunların mütləq əksəriyyəti maliyyə müqabilində anti-Azərbaycan qüvvələrin təsiri altındadı.
Bu baxımdan, müəyyən narahatlıqlar var. Təsadüfü deyil ki, yaxınlarda YAP sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədov haqlı olaraq "Facebook"da paylaşdığı statusda ölkəmizdə fəaliyyət göstərən sağlam və milli mövqedə dayanan siyasi partiyalara müraciət edərək, xarici qüvvələrin təsiri altında olan, ölkəmizə qarşı düşmən mövqeyində dayananların maliyyə yardımı ilə dövlətçiliyimizə zərbə vurmağa, sabitliyimizi xaosla əvəz etməyə çalışanlara qarşı vahid iradə nümayiş etdirməyə səslədi. Bu hər şeydən öncə, dövlətçiliyimizə və xalqımızın taleyinə biganə qalmayan vətəndaşlıq mövqeyidi”, - deyə deputat qeyd edib.
F.Ağamalı əlavə edib ki, əslində, internet platformasının ən müxtəlif imkanlarından istifadə edib, xalqı mahiyyətcə dağıdıcı, məhvedici xarakter daşıyan inqilaba çağırış, xalqla iqtidarın arasında etimadsızlıq toxumu səpib, onu cücərtməyə çalışanlar nəyə nail olmaq istəyirlər?!
“Ölkəni xaosa çevirmək, qardaş qanı axıtmaq, əldə etdiyimiz bütün uğurları məhv etmək, pusquda dayanan, genetik düşmənimiz olan ermənilər vəziyyətdən istifadə edərək, 90-cı illərin əvvəlində olduğu kimi, hücuma keçib əlavə torpaqlarımızı işğal etmək, şimal, cənub torpaqlarımıza qonşu ölkələrin qoşunlarını yeritmək.
Bu dəhşətli ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdi.
Mən xalqımızın dövlətçiliyimizə sədaqətinə tam inanıram. İnanıram ki, istiqlal yolunda böyük itkilər verən xalqımız istənilən avantüranın həyata keçməsinə imkan verməyəcək. Ancaq düşmən darələrin və onların təsiri altında olan anti-milli qüvvələrin şirnikləndirici vədlərinə inanıb, dağıdıcı qığılcımlar yaradanlar bizə itkilər verə, dövlətçiliyimizə zərbə vura bilərlər. Bu baxımdan məncə, xaricdə dövlətçiliyimizə qarşı fəaliyyət göstərənlərin təsnifatı aparılmalı və barışıq platformasına start verilməlidir. İkincisi, ölkəmizdə xaos yaradılmasına imkan verməmək üçün müqavimət gücümüz daha da möhkəmləndirməli, bu baxımdan ölkə prezdentinin 2018-ci ilin aprelindən başlayan və böyük əhəmiyyət kəsb edən islahatlar cəmiyyətin və dövlətin bütün qatlarını əhatə etməlidir”- F.Ağamalı bildirib.