Erməni lobbisi Trampa TƏZYİQ GÖSTƏRİR - Azərbaycan buna seyirci qalacaq?

Baxış sayı:
3388

“Erməni lobbisi Tramp Administrasiyasına təzyiqi artırır”.
Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ separatçılarından kəsdiyi yardım iki qüvvəni – Vaşinqtondakı Erməni Milli Komitəsini və Konqresdəki ermənipərəst konqresmenləri hərəkətə gətirib: “Bu iki qüvvə güclərini birləşdirərək Donald Trampa təzyiqi artırıblar ki, Ağ Ev erməni separatçılarına maliyyəni kəsməsin. Erməni separatçıları illərdir fəxrlə deyirdilər ki, Dağlıq Qarabağ ABŞ-ın maliyyə ayırdığı yeganə “tanınmayan bölgədir”. İndi bu “statusdan” məhrum olmağa yaxın olan separatçılar bütün güclərini Ağ Evin qərarına qarşı səfərbər edirlər. Tramp tərs prezidentdir və adətən, dediyini və planlaşdırdığını edir. Ağ Ev sahibi heç kimə müftə pul paylamır. Ancaq Trampa tam arxayıın olmağa da dəyməz”.
E.Şahinoğlu qeyd edib ki, Vaşinqtondakı bütün ermənipərəstlərin səyi nəticəsində Trampa erməni separatçılarına yardımın dayandırılmasına etiraz edən konqresmenlərin sayı bir həftənin içərisində 89-dan 105-ə çatıb: “Beləliklə, ermənipərəstlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqi artır. Biz buna seyirci qalmalıyıq, yoxsa əlimizdə az da olsa prosesə təsir edəcək alətlərimiz var? Əlbəttə, erməni lobbisinin Amerikada və Konqresdəki gücü bəllidir. Bu gücü zəiflətmək imkanımız xaricindədir. Buna baxmayaraq, ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Vaşinqondakı səfirliyimizlə birgə nəsə planı var. Ağ Evin hazırki sahibi və Dövlət Departamenti Azərbaycanın Amerika üçün Ermənistandan daha dəyərli olduğunu bilir. Sadəcə, bu dəyəri imkan daxilində onların beyinlərində gücləndirmək lazımdır”.