Elinanın valideynlərinin şikayəti rədd edildi - DİREKTOR HƏBS EDİLMƏDİ

Baxış sayı:
11806

Bakıdakı 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsindəki ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi barədə apelyasiya şikayəti təmin edilməyib. 
Bakupost.az-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın valideynlərinin verdiyi şikayət təmin edilməyib.  
Bildirilib ki, şikayətvermə müddəti keçib. Bu səbəbdən müddətin bərpası ilə bağlı yenidən birinci instansiya məhkəməsinə müraciət olunmalıdır.
Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 
Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.