Dinozavrların başında bədən temperaturunu tənzimləyən "kondisioner" olub - ALİMLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
460

T-Reks (T-Rex) adlanan tirannozavrların (dinozavr növü) başında kondisioner funksiyasını yerinə yetirən və bədən temperaturunu tənzimləyə bilən dəliklərin olduğu təsbit edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Missuri Universitetinin elm adamları timsahların baş nahiyəsində bədən temperaturunu tənzimləyən kapilyarlarla zəngin dəliklərin bənzərinin tirannozavrların da başlarında olduğunu açıqlayıb.

Araşdırmaçı Kent Vleyt timsahların bədən temperaturunun ekoloji şərtlərə uyğunlaşdığını bildirib.

Vleyt qeyd edib ki, timsahlar hava soyuyanda bədən istiliyini artırmağa, temperatur yüksəldikdə isə bədənlərini soyutmağa başlayır.

Araşdırmaçılar T-Rekslərin kəllə qalıqlarında da eyni formada 2 böyük dəliyin olduğunu, bu dəliklərin dinozavrlar üçün kondisioner funksiyasını yerinə yetirərək sərinləmələrinə kömək etdiyini vurğulayıb.

Ohayo Universitetinin professoru Larri Vitmer T-Rekslərin timsahlara oxşar kəllə quruluğunun aşkar olmasının, onların skeletləri haqda daha əvvəl irəli sürülmüş nəzəriyyələri alt-üst edəcəyini önə sürüb.

Bundan əvvəl T-Rekslərin kəllələrinin əzələlərlə dolu olduğunu iddia olunmuşdu.