​Dini təhqir edənləri bu cəza gözləyir – EKSPERT

Dinlə bağlı neqativ rəy dedikdə tənqidi, satirik və təhqiredici rəylər nəzərdə tuturuq. Bunlar informasiyanın keyfiyyətçə məzmunu baxımından qoyulan meyarlardır.
Bu sözləri hüquqşunas Fərhad Mehdiyev sosial şəbəkələrdə dini təhqir edənlərin cəzası haqqında danışarkən qeyd edib. O bildirib ki, fikirləri qanuni, əxlaqi, etik, milli mentalitet kimi dörd meyar baxımından qiymətləndirmək olar:
“Qanuni baxımdan ictimai qaydanı pozmayacaq, cəmiyyətdə iğtişaş yaratmayacaq hər cür neqativ yazını yazmaq olar, bir şərtlə ki, yaşayan, ya da qanuni vərəsələri olan bir şəxs təhqir olunmasın. Yaşayan konkret şəxs təhqir olunarsa, cinayət və mülki məsuliyyət yaranır, son 100 il ərzində ölmüş insanın vərəsələri mülki iddia da qaldıra bilər. Mülki məsuliyyət Mülki Məcəllənin 1096-cı maddəsi ilə yaranacaq. Bundan əlavə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ola bilər. Həmçinin iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Əxlaqi baxından qiymətləndirmə isə daha çətindir. Amma ümumi olaraq demək olar ki, tənqidi yazı əxlaqən zidd olmayacaq, satirik də, təhqiri yazı ilə əxlaqa zidd kimi götürülə bilər”.
Etik cəhətdən müəyyən həddi aşacaq tənqidi və satirik yazıların qeyri-etik görülə biləcəyini söyləyən hüquqşünas milli müntalitetimizə görə də dini ələ salmağın doğru olmadığını bildirib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Aşura mərasimləri ilə bağlı müxtəlif müzakirələr gedir.