Deputatdan hökumətə xəbərdarlıq: Ölüm yolu...

Əhər və Herisin İran parlamentindəki millət vəkili Beytulla Abdullahi “Ölüm yolu” kimi tanınan Əhər-Təbriz küçəsi ilə bağlı dövlət rəsmilərinə xəbərdarlıq edib. 
Axar.az xəbər verir ki, millət vəkili sözügedən yolun təmiri və genişləndirilməsi ilə bağlı vədlərin yerinə yetirilməsini tələb edib:
“Bu yolda uzun tıxaclar yaranır və çoxlu yol-nəqliyyat hadisəsi baş verir. Bölgə əhalisi bu vəziyyətdən cana gəlib. Əgər yolun genişləndirilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməsə, əhalinin ciddi narazılığına səbəb olacaq. Səlahiyyətli orqanlar küçənin təmiri və genişləndirilməsi layihəsinin icrasında aktiv olmalıdır. 
Bir sıra məsullar yolun 35 kilometrinin bu il təmir ediləcəyinə dair söz veriblər. Onlar artıq ictimaiyyət qarşısında cavabdehlik daşıyırlar. Ümid edirik ki, bu il vaxtlı-vaxtında Əhər-Təbriz yolunda vəd verilən asfalta şahid olacağıq”.
 Qeyd edək ki, Güney Azərbaycanın əksər yolları qeyri-standart vəziyyətdə olduğu üçün bir çox qanlı yol qəzaları baş verir. Əhər-Təbriz yolu hər il ölüm və xəsarət alma ilə nəticələnən yol qəzalarına səbəb olduğu üçün “Ölüm yolu” adlandırılır.