Deputat ona zəng vuran seçicini polislə hədələdi

Fəzail İbrahimlinin ona müraciət edən seçiciyə cavabı: “Məni siz seçmisiniz ki, məndən dəstək istəyirsiniz?!...”
“Hürriyyət”in ötən sayında 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində seçki saxtakarlığının əsası qoyulduğu haqda informasiya vermişdik. Qeyd etmişdik ki, artıq bütün məntəqələrə VHP-dən deputatlığa namizədliyi təsdiq olunan və iki dəfə bu dairədən deputat təyin olunan Fəzail İbrahimlinin “seçiləcəyi” haqda tapşırıq verilib.
Bu haqda qəzetimizə məlumat verən mənbə bildirir ki, hətta “yuxarı”ların göstərişi ilə kənd icra nümayəndələri və onların müavinləri F.İbrahimlinin təşviqat materiallarını paylayır, məntəqələrə onun şəkillərini yapışdırırlar.
Bu informasiya qəzetimizdə işıq üzü gördükdən sonra redaksiyamıza 69 saylı dairənin seçiciləri tərəfindən Fəzail İbrahimlinin fəaliyyəti ilə bağlı bir neçə telefon zəngi daxil olub. Seçicilər 10 ildir parlamentdə “onları təmsil edən” F.İbrahimlinin bircə dəfə də olsun üzünü görmədiklərini, bu səbəbdən də parlament seçkilərində ona səs verməmək haqda yekdil qərara gəldiklərini bildiriblər.
Seçicilər onu da deyiblər ki, hazırda hər üç rayonda kənd icra nümayəndələri F.İbrahimlinin xeyrinə təbliğat aparmaqla məşğuldur. Belə ki, onlar seçiciləri bu və ya digər vədlərlə parlament seçkilərində Fəzail İbrahimliyə səs verməyə çağırırlar.
Orta məktəb müəllimi olduğunu deyən Göytəpə qəsəbəsinin sakini isə əməkdaşımıza deputatla bağlı şok açıqlama verib. Onun sözlərinə görə, ötən il qarşılaşdığı bir hüquqi problemlə bağlı deputat Fəzail İbrahimliyə zəng açaraq ondan dəstək istəyib. O, seçicisini dinlədikdən dərhal sonra telefonu söndürüb. Telefon danışığının texniki səbəbdən yarımçıq kəsildiyini güman edən sakin isə təkrar deputatın mobil nömrəsinə zəng vurub. Bu zaman o, qarşı tərəfdən gözlənilməz cavab alıb. Belə ki, F.İbrahimli ona “Məni siz seçmisiniz ki, məndən dəstək istəyirsiniz?! Bir daha məni narahat etsən səni polisə verəcəm, layiqli cavabını alacaqsan” – deyə bildirib.
Xatırladaq ki, hazırda 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində ADP sədrinin köməkçisi Daşqın Nuriyevin millət vəkili seçilmə ehtimalı daha yüksək qiymətləndirilir. Hansı ki, Daşqın Nuriyev bütün saytlarda keçirilən virtual səsvermədə də öndə gedir.
Bütün bunlara rəğmən, hakimiyyət bu dairədə seçkini VHP-nin namizədi Fəzail İbrahimlinin xeyrinə saxtalaşdırmaqda israrlıdır.
"Hürriyyət"
P.S. Deputat Fəzail İbrahimli ilə bağlı redaksiyamıza daxil olan çoxsaylı faktlarla qəzetimizin növbəti sayında dərc olunacaq geniş yazıda tanış ola bilərsiniz. Bu zaman biləcəksiniz ki, onu Cəlilabadda niyə “dollar Fəzail” adlandırırlar və deputatın rayonda hansı qanunsuz əməlləri olub...