Daha bir vəkil "Trampın axırının çatdığını" deyir

Baxış sayı:
8146

Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb.
 
"The Independent" yazır ki, ABŞ-da prezident Nixon-un hakimiyyətinə son qoymuş Watergate qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Tramp-ın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.
1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Richard Nixon-un vəkili olmuş 79 yaşlı John Dean o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.
İndi isə Dean deyir ki, Rick Gates-in təqsirini boynuna alması Trump-ın prezidentlik taleyində həlledici rol oynaya bilər.
"Prokuror Mueller Trump-ın kampaniya başçısı olmuş Manafort-a qarşı əlindən nə gəlirsə, edir. O, indi Manafortu, Gates-dən istifadə edərək bitirmək istəyir. Getdikcə daha çox görünür ki, Manafort Rusiya ilə sövdələşmədə əsas zəncirdir" - Dean Tvitterdə yazıb.
"Əgər Gates Manafort-un Trump-ın göstərişləri ilə hərəkət etdiyini desə, bu, Trump-ın prezidentliyinin sonu olacaq. Bu, çox tutarlı dəlil olardı" -qocaman hüquqşünas yazıb.
Trump-ın seçki kampaniyası meneceri Paul Manafort-un müavini olmuş 45 yaşlı Rick Gates ötən həftə prokuror Mueller-in apardığı təhqiqatın gedişində təqsirini boynuna alıb. Mueller Trump-la Rusiya arasında mümkün sövdələşməni araşdırır.
Gates özünə qarşı ittihamlardan ikisi üzrə təqsirini etiraf edib. Bunlardan biri Amerikaya qarşı qəsd və ikincisi isə Federal Təhqiqatlar Bürosuna yalan məlumat verilməsinə dair ittihamdır.
Beləliklə, Gates təqsirin etiraf edilməsinə dair sazişi imzalayaraq, təhqiqatla "tam, həqiqi və səmimi" əməkdaşlığa razılıq verib.
İndi belə söhbətlər dolaşır ki, Gates Manafort-un mühakiməsində ona qarşı əsas şahid kimi çıxış edəcək.
Dean başqa bir tvitində yazır ki, Trump-ın Manafort-u əfv edəcəyinə dair söhbətlər məhz buna görə narahatlıq doğurmuşdu.
Lakin hüquqşünas yazır ki, Trump Manafort-u əfv etmək səlahiyyətlərinə malik deyil.
"Beləliklə Manafiort-a mat elan edilə bilər" -Dean yazıb.
Manafort çirkli pulların yuyulması və qəsd barədə bir çox ittihamlar üzrə təqsirini boynuna almır.