“Bu, Rusiyanın böyük səhvi idi” - NATO generalı

“Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”.
Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə deyib.
Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.
“Amma Qərbdə həmin vaxt bu təcavüzün mənasını dərk etmədi. Fikrimcə, məhz bu Rusiyada təsəvvür yaratdı ki, Ukraynaya soxula və Krımı tuta bilər. Bu, Rusiya tərəfinin böyük səhvi idi. Güman edirəm ki, Rusiya prezidenti NATO və Avropa İttifaqının Krımın qanunsuz zəbt edilməsinə reaksiya verəcəyini gözləmirdi”, - general bildirib.
Ben Hoces ümid etdiyini vurğulayıb ki, Rusiya şüurlu ölkələrin sıralarına qayıdacaq: “Mən demək istədiyim son dərəcə aydındır: biz qapını Rusiya üçün açıq saxlayırıq ki, o şüurlu ölkələrin dairəsinə qayıda bilsin. Rusiya qlobal dövlətdir və beynəlxalq cəmiyyətə çox şey təklif edə bilər. Və Qərb Rusiyaya ehtiyac duyur. Amma Rusiya özünü məsuliyyətli aparmalı və başqa ölkələrin müstəqilliyinə hörmət etməlidir. Krımın zəbt edilməsindən sonra biz yalandan özümüzü inandıra bilmirik ki, heç nə baş vermədi. Axı biz indi XVIII, yaxud da XIX əsrdə deyilik”./publika.az