“BU QƏRAR ERMƏNİ LOBBİSİNİN DİQTƏSİ İLƏ ÇIXARILIB...” – Müxalif partiya ABŞ Dövlət Departamentinə etiraz etdi
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ABŞ Dövlət Departamentinin dini azadlıqların məhdudlaşdırılmasına dair illik hesabatının Azərbaycana aid bölməsində ölkəmizin adının “qara siyahı”ya salınmasından təəssüfləndiyini bildirib və bu cür qərəzli yanaşmaların ölkələrimiz arasında sağlam əməkdaşlığa xidmət etmədiyini diqqətə çatdırıb.
Toplantıda qeyd edilib ki, multikultral dəyərlərin, tolerantlığın münbit məkanı sayılan, bütün dini konfessiyaların tam təhlükəsiz, qarşılıqlı hörmət əsasında fəaliyyət göstərdiyi ölkəmiz haqda bu cür qərəzli, erməni lobbisinin diqtəsi ilə hazırlanan qərarların çıxarılması sağlam niyyətdən irəli gəlmir. İdarə Heyəti ABŞ Dövlət Departamentinin bu hesabatının arxasında adıçəkilən ölkədə böyük maliyyə rıçaqlarına malik erməni lobbisinin durduğunu, dünənin işğalçısı, bu günün məğlubu olan Ermənistanın yenidən dirçəldilməsi üçün atılan addım olduğunu bildirməklə, bu cür qərarların ölkəmizdəki ruspərəst qüvvələrin oyanışına, qərb yönümlü kəsimin zəifləməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
İdarə Heyəti Ermənistan XİN-nin sərhədlərimizdə yerləşən qoşunların “güzgü prinsipi” əsasında geri çəkilməsi ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib və bu cür bəyanatların sülh sazişinin uzadılması, dolayı yolla sülhdən yayınma kimi dəyərləndirib və iki ölkə arasında sülh sazişinin bağlanması üçün ön şərtlərin qoyulmadan, üçüncü ölkənin iştirakı olmadan mümkün olacağını diqqətə çatdırıb və sülh əldə edildikdən sonra digər detalların müzakirəsinin aparılmasını məqbul hesab edib.
İdarə Heyəti ölkə prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucu atalarından sayılan M.Ə.Rəsulzadənin anadan olmasınnın 140 illiyi ilə bağlı sərəncamını təqdir edib və bu addımı dövlətçilik ənənələrinin qorunması, ilk demokratik, dünyəvi respublikanının varisliyinin ləyaqətlə davam etdirilməsi, xalqımıza istiqlal nemətini dadızdıran tarixi şəxsiyyətlərin rolunun lazımınca dəyərləndirilməsi baxımından vacib bir sərəncam olduğunu diqqətə çatdırıb. Eyni zamanda bu cür qərarların yalnız protokol xatirinə deyil, real məzmun kəsb etməsi üçün effektli, yadda qalan addımlar atılmasının, M.Ə.Rəsulzadə irsinin öyrənilməsi, gənc nəslə çatdırılması, Cümhuriyyət qurucuları haqda yeni əsərlər yazılması, ağır şərtlər daxilində yoxdan yaradılan respublikanın keçdiyi yola işıq salan filimlər çəkilməsi, onların xatirəsinin əbədiləşdirilməsi üçün heykəllər ucaldılması, adlarına küçələr, prospektlər salınması, orta məktəb dərsliklərinə onların dolğun fəaliyyətini əks etdirən materiallar salınması istiqamətində vacib işlər görülməsinin zəruriliyini bildirib.
İdarə Heyəti hüquq mühafizə orqanlarındakı süründürməçiliyə, rüşvət hallarının kök salmasına etiraz olaraq vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının binası qarşısında özünü yandıraraq öldürməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında hüquq mühafizə orqanlarının yarıtmaz fəaliyyətinin, vəkillik institutunun iflasa uğraması faktının durduğunu qeyd edib və hakimiyyəti adı çəkilən sahələr üzrə ciddi, təxirəsalınmaz islahatlar keçirməyə, günahkar şəxsləri cəzalandırmağa çağırıb.
Muxalifet.az