Bu həbsxanadan heç kim qaça bilməz - bunun mümkünsüzlüyü dəfələrlə sübut olunub...

Baxış sayı:
9715

Buradan çölə, azadlığa, işıqlığa yalnız ayaqları öndə çıxırlar, yəni tabutda... Bu məkan “Qara delfin” adı ilə məşhur olan dünyanın ən dəhşətli cəzaçəkmə müəssisələrindən biridir...Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən 6 nömrəli xüsusi rejimli cəzaçəkmə müəssisəsi Rusiya paytaxtından uzaq olsa da, o, hələ SSRİ dövründən bütün ölkədə “Qara delfin” adı ilə məşhur olub. Bu koloniyada ən qatı cinayətkarlar cəza çəkirlər. Müəssisə 1600 nəfər məhbus üçün nəzərdə tutulub və hazırda “Qara delfin”in 900-ə yaxın “sakin”i var. Əsasən ömürlük azadlıqdan məhrum olunmuşların saxlandığı koloniyada xüsusi qanunlar hökm sürür. Burada məhbusları adi kamerada yox, kameranın içərisində quraşdırılmış dəmir qəfəsdə saxlayırlar. Qəfəslərdə əsasən iki, ən “yaxşı” halda isə dörd nəfər saxlanılır. Hansı məhbusların eyni qəfəsə salınmasını xüsusi mütəxəssislər və psixoloqlar müəyyənləşdirir. Çünki bir məhbus digərinin qurbanına çevrilə bilər. Adam ətinə meylli olanları isə qəfəsdə tək saxlayırlar. Məsələn, dostu ilə yeyib-içdikdən sonra onu öldürüb ətini son tikəsinə qədər yeyən Vladimir Nikolayev adlı məhbus artıq neçə illərdir ki, öz qəfəsində insan üzünə həsrətdir. Digər bir məhbus, 37 nəfər azyaşlı qızı zorlayıb sonradan isə onlardan dördünü vəhşicəsinə qətlə yetirən Oleq Rılkov da “Qara delfin”də ömürlük olaraq bir nəfərlik qəfəsin sahibidir. Burada dəmir qəfəslər bütün sutka boyu videomüşahidə altında olur. Qəfəslərin kiçik pəncərələri yuxarı, səmaya baxır. Heç bir məhbus koloniyanın həyətini, ərazisini görmür. Nəzarətçilər məhbusları kameradan çıxaranda apadıqları yerə qədər – gəzintiyə, vəkillə görüşə, tibbi müayinəyə qədər gözübağlı aparırlar. Buna görə də məhbuslar öz kameralarından bir metr aralıda nəyin yerləşdiyini bilmirlər. Ümumiyyətlə, məhbuslar ərazi haqqında heç bir anlayışa malik olmurlar. Hər bir məhbus kamerasından kənara çıxarılanda dörd nəfərin, üç nəzarətçinin və itlə birlikdə kinoloqun (itlərin təlimi ilə məşğul olan şəxs) nəzarətində olur. Məhbusların qolları arxadan qandallanır, ayaqları zəncirlənir, hərəkət zamanı baş hissəsi 90 dərəcə aşağı vəziyyətdə olur. Həbsxanada məhbuslar yalnız “Qara delfin”in “qarderob”undakı geyimlərdən istifadə edə bilərlər. Qara rəngli bu geyimlərin üzərində işığı əks etdirən üç ağ zolaq olur. Ağ zolaqlar məhbusların daha rahat müşahidə olunması üçün nəzərdə tutulub. Digər cəzaçəkmə müəssisələrindən fərqli olaraq “Qara delfin”də məhbuslar üçün elektrik enerjisi sutka ərzində cəmisi bir-iki saat verilir. Yatmaq komandası verilməyincə heç bir məhbus yatağında uzana və otura bilməz. Oturmaq üçün qəfəsdə dəmir stullar mövcuddur ki, ondan istifadə etmək də məhdudlaşdırılır. Qanunu pozanlar ən ağır işgəncəyə məruz qalırlar. Həbsxanada məhbusların bir-biri danışması, ünsiyyət qurması qəti qadağan edilib. “Qara delfin”in yazılmamış qanunları haqqında mətbuatda mütəmadi olaraq yazılar dərc olunur, məhbusların yaxınlarının şikayətləri gündəmə çıxarılır. Amma bunların “Qara delfin”ə heç bir təsiri olmur. Şikayətçilərin yazdıqlarına görə, həbsxanada məhbus və nəzarətçi münasibətləri ağılasığmaz dərəcədə sərt və kəskindir. Məsələn, tibbi xidmətə ehtiyacı olan məhbus bununla bağlı nəzarətçiyə müraciət edəndə, o, dərhal yazılmamış qanunlarla cəzalandırılır. Bu cəza növü necə həyata keçirilir? Tutaq ki, məhbus yüksək qan təzyiqindən əziyyət çəkir və o, nəzarətçidən ona iynə vurulmasını xahiş edir. Nəzarətçi “baş üstə” deyib məhbusu tibb məntəqəsinə aparır və o məntəqəyə daha bir məhbus gətirir. Həmin məhbus QİÇS xəstəliyinə yoluxmuş olur. Əvvəlcə QİÇS xəstəliyi olan məhbusa iynə vurulur və sonra eyni şpirislə qan təzyiqindən əziyyət çəkən məhbusa iynə vurulur və onu xəbərdar edirlər ki, əvvəlki məhbusda QİÇS xəstəliyi var. Məhbus imtina etsə də, artıq gec olur. Məhbusların yaxınlarının şikayətləri təkcə tibb xidməti ilə bağlı olmur. Onlar görüş, ərzaq, təmizlik məsələləri ilə də vəziyyətin acınacaqlı olduğunu yazırlar. Qeyd edək ki, “Qara delfin” 1773-cü ildə, ikinci Yekaterinanın hakimiyyəti dövründə inşa edilib və bu günə kimi də həbsxana kimi fəaliyyət göstərir. Stalinin hakimiyyəti illərində isə “Qara delfin” “qonaq”larının sayına görə rekord həddə çatıb. “NKVD” rəhbərliyi həbsxanadan yetərincə səmərəli istifadə ediblər. Həbsxananın “Qara delfin” adlandırılmasının da öz tarixi var. Koloniyanın həyətində kiçik hovuzun ortasında məhbus- heykəltaraş tərəfindən düzəldilmiş qara delfindən sonra həbsxana bu qeyri-rəsmi adını alıb.