“Bu hakimiyyəti daha Rusiyanın orden-medalları, dəmir-dümürü qoruya bilmir” – KXCP SƏDRİ

Baxış sayı:
5905

Mirmahmud Mirəlioğlu: “Azərbaycan siyasi proseslərinə müdaxilənin mənbəyi və səbəbkarı iqtidarın özü, illərlə yürütdüyü yanlış siyasətdir” “Prezident Administrasiyası əvvəlcədən tədbirin əhəmiyyətsiz olduğunu deyib” “Azərbaycanın bu günə düşməsinin səbəbkarı iqtidarın anti-milli siyasətidir” İlk baxışdan belə güman etmək olar ki, iqtidar vəmüxalifət arasında illərdir əsən “soyuq külək” bir az yumşalıb. Çünki 3 gün öncə Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meylləri ” mövzusunda dəyirmi masa keçirildi, iqtidar və bir neçə müxalifət partiyası bir araya gəldi. Lakin müxalifət partiyalarının çoxu o tədbirdə təmsil olunmurdu. Bu baxımdan, həmin tədbirin arxasənda iqtidarın gizli niyyətinin durduğu istisna olunmur. Digər tərəfdən, bunu iqtidar-müxalifət dialoqu kimi təqdim etmək də doğru olmaz. Çünki sözügedən tədbirdə cəmi 4-5 müxalifət partiyasının iştirak etməsi bu düşərgəni tam əhatə etmirdi… Doğrudur, bəzi partiya sədrləri tədbirə dəvət olunsalar da, iqtidarla bir masa arxasında əyləşməkdən imtina ediblər. O cümlədən, Azərbaycan Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu da, dəvət olunmasına rəğmən, həmin tədbirə qatılmaqdan imtian edib. Maraqlıdır, KXCP sədri nə üşün belə bir qərar verib? "Hürriyyət"in bu və digər suallarına cavab almaq məqsədilə Mirmahmud Mirəlioğlu ilə söhbətləşdik. -Mənə dəvət gəlmişdi. Fəzail bəy telefonla da danışmışdı. Biz də onu dəyərləndirdik və ona xüsusi münasibət bildirdik. Dəvəti mən sizə oxuya da bilərəm. O dəvətdən sizin məlumatınız var, amma münasibəti oxumaq istəyirəm. Ona görə ki, Azərbaycan mediası bizim özümüzdən müsahibələr alsalar da, amma məsələlərə münasibətimizi demək olar ki, ardıcıl izləmirlər. Təbii, hər kəsi izləmək Azərbaycan mediasının borcu deyil. Amma istənilən bir məsələ haqqında açıqlamalar var. Biz bir sutka qabaq məsələyə münasibət bildirdik. Mənim belə bir açıqlamam oldu: “Dəyərli Fəzail bəy, “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə”mövzusunda keçiriləcək dəyirmi masaya dəvəti dəyərləndirən KXCP İdarə Heyəti adından təşəkkürlər. Dəvət haqqı tədbir sahibinindir, kimi istəsə dəvət edər, kimi istəsə etməz. Azərbaycan siyasi proseslərinə müdaxilənin mənbəyi və səbəbkarı iqtidarın özü, illərlə yürütdüyü yanlış siyasətdir. Azərbaycanın bu günə düşməsinin səbəbkarı iqtidarın anti-milli siyasətidir. Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meylləri yoxdur. Azərbaycan erməni işğalı altındadır. Patruşevin son səfəri son sübutdu. “Xalq müxalifətə qarşı səfərbər olmalıdır” deyən YAP yetkilisi, yəni Əli Əhmədovla nəyi və necə müzakirə etmək olar? Minlərlə adamı ölkədən didərgin salan və indi də onların ovuna çıxan hakimiyyətin bu siyasətini daşıyanla müzakirə bəlkə də nəticə verə bilərdi. Yəni konkret şəxslə. Uğur əldə edəcəyinizə inanmasam da, sizə uğurlar”. Bu, bizim tədbir başlamamışdan bir sutka qabaq verdiyimiz bəyanatdır. Həmin məsələyə münasibətimiz net şəkildə ortadadır. Baxmayaraq ki, başqa media nümayəndələri başqa cür yazdılar və dedilər ki, hətta biz orada iştirak eləmişik. Yoxlamadan partiyanın rəsmi saytı bunu yaydı. Partiyanın səlahiyyətlisi çıxış elədi. Bizim münasibətimiz ortadadır. Hətta nəticəsinin də haqqında bizim öncədən mövqeyimiz var. - Yəni bu nəticəsizliyə görə də dəvətdən imtina elədiniz… -Təkcə imtina eləmədik, həm də bunun mahiyyətini ortalığa qoyduq. - Sizcə, niyə dünənə qədər hakimiyyət müxalifətlə dialoq təkliflərinə qarşı çıxırdı, ancaq bu gün müxalifəti dialoqa dəvət edir? Yəni hazırkı stiuasiya nəyi diqqtə edir ki, hakimiyyət bu gün bu müxalifətlə biraraya gəlməyi zəruri ehtiyac kimi qəbul elədi? - Bunu hətta tədbirin təşkilatçıları və iştirakçıları, hakimiyyətin özü belə, dialoq adlandırmır. Amma siz belə deyirsiniz. Bu da sizin haqqınızdır. Bu, dialoq deyil. Bu konkret mövzu, konkret münasibətdi. Bu hökumətin 26 illik siyasətinin nəticəsi olaraq Azərbaycandan didərgin saldığı adamlar var. Onlar bloqerlərdi, sayt, internet televiziya rəhbərləridi. Bunların ovuna çıxıb deyə, bu mövzuda müzakirə təşkil edir. Yeri gəlmişkən, dəvət zamanı bu mövzunun adı bu idi, amma tədbir başlayanda adını başqa cür qoydular. Özləri bilərlər, öz tədbirlərdi. Hər kəs öz tədbirinin adını qoyur. Əvvəl bu adla dəvət eləyirdi, sonra adda xeyli redaktə olunmuşdu. Özü də demişdilər ki, Azərbaycanda tanınmış medianın, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının birgə nəyisə müzakirəsidi. -Deyirsiniz ki, bu, iqtidar müxalifət arasında dialoq deyil. Azərbaycan telekanalları, məsələn, ATV bunu “Xəbərlər” proqramında “iqtidar-müxalifət dialaoqu baş tutdu” kimi qələmə verdi. -Bu, qətiyyən dialoq deyildi. Düzdür, burada qeyri-adi bir şey var ki, YAP-ın artıq ikinci şəxsi burada iştirak eləyib. Yəni sədr müavinidir, icraçı katibdir. Heç vaxt bu səviyyədə bunlar bu və ya digər görüşdə təmsil olunmayıblar. Hətta onların özləri dialoq demirsə, jurnalist özündən belə bir ideya ortalığa gətirirsə, bu da jurnalisitin təxəyyülüdür, deyə bilər. Yəni məsuliyyətlə Əli Əhmədov buna dialoq deyə bilməz. Bu, dialoq deyil. Amma kimsə istəyərsə, deyər mən sinonim kimi işlədirəm, görüşdü, filandı. Dialoq başqa şeydi. - Hakimiyyət bu məqamda bu görüşə nə üçün ehtiyac duydu? Bu haqda fikirlərinizi bölüşmənizi istərdim. - Bu da bizim, sizin, oxucuların məsələsi deyil. Mən belə başa düşürəm. Zərurilik haqqında ancaq işin sahibi deyə bilər, əsaslandırar ki, bu görüş nə üçün zəruridir, arumentləşdirər ki, bu məsələlər belədir. Hazırda mənim başa düşdüyümə, öz təhlillərimə görə (işin içində olmaya-olmaya, axı, bu tədbirin yiyəsi var, qarşısına bir məqsəd qoyub) görünən budur ki, hazırda Azərbaycanın problemlərini həll eləməkdən ötrü, Azərbaycandan kənarda olan və Azərbaycan naminə çalışan insanların bir araya gəlib konkret mövqe qoymaları var, “Azerifreedom”, başqaları var. Azərbaycan vətəndaşları, ikili vətəndaşlar, yaxud Azərbaycan kökənli Rusiya vətəndaşları var. Bunlar Rusiyada fəaliyyət göstərirlər, yaşayırlar, işləyirlər, amma Azərbaycan üçün yaşayırlar. Çünki burada valideynləri, ailə üzvləri, qohumları var. Vətəndaşlıq alıblar, yaxud almayıblar, qazandıqlarını da Azərbaycana göndərirlər. Artıq bu adamlar Azərbaycan uğrunda başqa cür mübarizə aparırlar, problemləri qabardırlar. Əvvəl özləri deyirdilər, şəxsən müsahibə verirdilər, indi təşkilatlanırlar, iş görürlər, hamını bir araya çağırırlar ki, gəlin, Qarabağ problemini həll edək, dəstək verək. Yəni Qarabağı işğal edənlər necə mobildirlər, kompaktdırlar, təşkilatlanıblar, biz də torpağımızı işğaldan azad edək, təşkilatlanaq, kompakt olaq və. s. Burada bəzi məsələlər var ki, Azərbaycan iqtidarının xoşuna gəlmir. Əslində, yerli-dibli heç birisi xoşuna gəlmir. Bu, mənim şəxsi təhlilimdir. Amma hökumət israrla deyir ki, filankəs niyə belə danışır. Məsələn, deyək ki, Elvin İsayevi həbs elətdirir. Doğrudan da Elvin İsayevin həbsi orada Azərbaycan adına yaşayan, amma Azərbaycanın əleyhinə fəaliyyət göstərən hansısa bir Məmişovun fəaliyyətidir, yaxud hansısa bir pullu, özündən müştəbeh və öz soydaşını həbs etdirməkdən həzz alanın bir fəaliyyətidir. Bütün bu məsələlərin hamısı bir-birinə bağlıdır. Məncə, məsələ budur. Bu görüşü zəruri edən, başa düşdüyüm budur ki, bunlar gördülər nəinki daxildə Azərbaycan iqtidarının yanlış siyasətinin tənqidçiləri var, xaricdə daha mobildirlər, təsiredicidilər və artıq say etibarilə bütün təşkilatlardan üstündürlər. Əgər Peterburqda, Stavrapolda, bütövlükdə Uraldan şərqə və qərbə Azərbaycan adına yaşayan bu adamlar təşkilatlana, mobil ola bilirsə, bu, həmin sos siqanalıdır və Azərbaycan iqtidarı da buna oz ağlı, qabiliyyəti, mahiyyəti ilə belə cavab verir. - Ümumiyyətlə, iqtidarın narahatçılığı üçün bir əsas varmı ki, Azərbaycanda siyasi proseslərə xarici müdaxilə mövzusunda bir dəyimi masa keçirilsin. Həqiqətən bu təhlükə var? - Onu iqtidardan soruşmaq lazımdır. Amma o, bu məsələni təhlükəli hesab edir, qorxur deyə, dəyirmi masa keçirir. Daha onu Rusiyanın orden, medalları, dəmir-dümürü qoruya bilmir və yaxud bundan narahatdır ki, qoruya bilməyəcək. Ona görə, edir. - Sosial şəbəkələrdə KXCP, AXCP, Müsavat və REAL partiyalarının da hakimiyyətlə dialoqda iştirakını arzu edənlər var. Sizin də partiyanız daxil olmaqla, adını çəkdiyim təşkilatlar hakimiyyətlə dialoqda iştirak etmədən, cəmiyyətdə barış mühitini yaratmaq mümkündürmü? - Bu məsələdə Azərbaycan hakimiyyəti konkret ortalığa move qoysa, məsələn, İlham Əliyev… Əli Əhmədov, Əli Həsənov yox, nə qədər istəsən bunlarda əlilər var, onlar yox, İlham Əliyev desə ki, mən bu istiqamətdə bu işi görürəm, onun real nəticəsi ola bilər. Amma olmasa, olmaz. - Yəni konkret olaraq Sizin dialoqa getmək istəyiniz var… -Mən dialoq arzusunda deyiləm, dialoqa getmək də istəmirəm, elə bir istəyimiz də yoxdur. Bundan öncəki sualınıza sizin xətrinzə görə cavab verdim. - Mirmahmud bəy, tədbirin mövzusu olan “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə” konkret hansı ölkələr tərəfindən ola bilər? -Onu da yenə sizdən və məndən yaxşı onlar bilərlər, nəyi, kimi nəzərdə tuturlar. Mən ona görə açıq şəkildə dedim və bəyanatım da bu oldu ki, konkret olaraq Azərbaycan ərazisin 1/5-i işğal altındadır. Sən nə xarici müdaxilə meylindən danışırsan? Meyl nədir? Konkret cinayət əməli var. Xalqı vətən müharibəsinə çağırmaq lazımdır. Yeri gəlmişkən, dünənki tədbirlə bağlı sizə maraqlı bir şey deyim. Bunu heç kəs bilmir, amma ilk dəfədir sizə deyirəm, Azərbaycan iqtidarının ayrı-ayrı strukturları qabacadan bu məsələni boş, əhəmiyyətsiz bir şey elan ediblər. Konkret olaraq Prezident Administrasiyası bunu əhəmiyyətsiz bir şey kimi dəvətlilərə deyib. Özü deyib ki, boş, əhəmiyyətsiz bir şeydir. Hətta başqa bir ifadə işlədib ki, “fıstrinka”dır. Görürsünüz, nətəhər hərc-mərclikdir. - Məntiqlə onda belə çıxır ki, hakimiyyətdə ikitirəlik var. Bir tərəf bu tədbiri zəruri, digər tərəf isə əhəmiyyətsiz hesab edir… - Mən sizinlə razılaşmıram. Azərbaycan hakimiyyətində iki tirəlik yoxdur, Azərbaycan hakimiyyətində çoxtirəlikdir. Əslində, hakimiyyətsizlikdir. - Bildiyiniz kimi, tədbirin sonunda sənəd də imzalanıb. Sənəddə Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyat aparılarsa, Azərbaycan ictimaiyyəti adından buna dəstək veriləcəyi ilə yanaşı, siyasi münasibətlərin bugünkü çərçivədə aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda və siyasi proseslərə, o cümlədən seçki prosesinə beynəlxalq hüquqa zidd xarici müdaxilənin yolverilməzliyi qeyd olunub. Sizcə, siyasi münasibətlərin bugünkü çərçivədə aparılması deyilərkən, nə nəzərdə tutulur? - Siyasi münasibətləri bugünkü çərçivədə davam etdirmək yəqin ki, hakimiyyətin əlavə düzəlişidir, yaxud təklifidir. Bu, o deməkdir ki, heç nə dəyişməsin, hər şey elə olduğu kimi qalsın. Seçki ilə bağlı məsələdə, məncə, iki məqam var. Bir məqam bundan ibarətdir ki, söhbət Qarabağda keçirilən seçkilərdən və ATƏT-in həmsədlərinin ona münasibətindən gedir. Mənə belə deyiblər. Düzdür, sənədi oxumamışam, xəbərim yoxdur. Əgər odursa, orada başqa məsələ var. Yəni bəlkə “xarici müdaxilə” bunu deyirlər. Amma daxildə isə, bilirsiniz ki, artıq bələdiyyə seçkilərinin günü və vaxtı müəyyənləşib. Nə dərəcədə düzdür, bilmirəm, amma ağızdan eşitmişəm ki, artıq bələdiyyə seçkiləri təyin olundu və burada da heç bir dəyişiklik yoxdu. Bu, dediyim kimi, hazırkı vəziyyətin davam etdirilməsidir. Bu da o deməkdir ki, bələdiyyə seçkiləri ilə bağlı bələdiyyə rəhbərlərinə tapşırılıb ki, haqq-hesabınızı gətirin. Seçkiyə hazırlığın birinci mərhələsidir. Hər kəs yerində qalır, hər kəs pulunu versin, heç kəs heç yerə qaça bilməz. Söhbət böyük bələdiyyələrdən, yaxşı torpaq alıb-satanlardan gedir. Bilirsiniz, sonradan korrupsiyaya görə xeyli tutulanları da var. Belədiyyə seçkilərinə də Azərbaycan hakimiyyəti belə hazırlaşır. Bu da dəqiq məlumatdır. Srağagün bir neçə bələdiyyə sədrlərinə tapşırılıb. Siz yazmağa şətinlik çəkərsiniz, deyərsiniz, birdən sabah məhkəməyə verərlər. Əgər istəsələr, mən o faktı ortalığa qoyaram, heç bir problem yoxdur. Amma biləsiniz ki, bələdiyyə seçkilərinə startı Azərbaycan hakimiyyəti belə verdi: yerində qalır, haqq-hesabını ödəyir. Seçkidən qabaq ödəyir. Hələ belə şey olmamışdı. - Əslində, seçkilərə beynəlxalq müdaxilə deyəndə ümumi seçkilərdən söhbət gedir. Mən Pənah bəylə danışmışdım. O, Qarabağdakə seçkidən söz açmadı... -Onda deməli, bu layihə birbaşa hazırlanıb, özləri bunu təqdim edirlər ki, beynəlxalq müdaxilə Azərbaycandaxili seçkilərə aiddir. Yəni guya ki, ATƏT-in, başqa qurumların seçkilərə müdaxiləsi var. - Azərbaycanda keçirlən seçkilərə nə vaxtsa beynəlxalq müaxilə olub ki? -Heç vaxt olmayıb, axı. Yəni bunlar indidən özlərini sığorta edirlər. Üzr istəyirəm, ağılları belə kəsir. Bunların ağılları budur. Axı, seçkiləri müşahidə edən beynəlxalq təşkilatlar rəy verirlər. O təşkilatları da hökumət buradan qovub. Hökumət deyir, mənim o təşkilatlara ehtiyacım yoxdur, “lazım gələndə onları kürü, pul, qadınla ala bilirəm”. Təcrübələr, məhkəmələr ortadadır. Yəni onlara heç ehtiyac da duymurlar. Yəqin ki, kiminsə köhndən qalma, bilgisayarının yaddaşında olan köhnə mətnlərdən birisi ortaya çıxıb, yaxşı səslənir deyə, daha gurultulu beynəlxalq müdaxilə desinlər. Ağılları bunu kəsib, bunu yazıblar. - Mirmahmud bəy, yeri gəlmişkən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu bu tədbirdən bir gün öncə “feysbuk” səhifəsində bir status paylaşmışdı ki, hazırkı hakimiyyəti bir ailə üzvündən digərinə “ötürmək” üçün xaricdə qurulan ssenariyə dəstək olmayın. Bu haqda nə düşünürsünüz? -Siz bu mövqeli yazını birinci dəfədir oxumusunuz? Neçə müddətdir bunu yazırlar. Biri yazır, o biri pozur. Yəni bu, bir adama aid deyil ki, neçə müddətdir deyilir. 1 il bundan qabaq növbədənkənar prezident seçkləri oldu, ondan qabaq Birinci vitse-prezident seçilmişdi, yenə də yerində qaldı. Bu, elə o zamandan bilinir, kor-kor, gör-gördür da. Burada nə var ki. Bunu hər yerdə deyirlər ki, hakimiyyətin dinc yolla ötürülməsinin əsas modeli bundan ibarətdir. Burada maraqlı nə var? Maraqlı odur ki, Azərbaycanda hazırda xarici texnoloqlar, xüsusilə Fransadan olan seçki texnoloqları işləyirlər. Dünyanın hər yerində belə bir şeylər var. Mütəxəssis, texnoloq gətirirlər. Bu olmasa, olmaz. Bizə maraqlı nədir? Bizə fransız texnoloqları seçkini necə saxtalaşdırmağın, hakimiyyəti necə uzun müddət bir ailədə saxlamağın yollarını öyrədirlər, bunlara onu əxz elətdirirlər. Eyni ölkənin, yəni Fransanın hərbi texnoloqları da Kəlbəcərdə bomba ilə dağılmayan, möhtəşəm istehkamlar tikirlər və ermənilərin torpaqlarımızı işğal altında saxlamasını, orada yaşamasını uzunmüddətli edirlər. Bunlar da hakimiyyətlərini uzunmüddətli edirlər. Elə bil ki, iki fransız qardaşın biri onun üçün orada bu işi görürür, başqa bir qardaş bizim bu ağıllı hakimiyyət nümayəndələri üçün bu işi görür. Yəni elementar bir şeydir. Gözə girən bir məsələdir. Bunlar da dəqiq faktlardır. -Amma Fransada seçkini saxtalaşdıran texnoloqlar yoxdur, axı. Orada seçkilər demokratik keçirilir. -Nə dəxli var ki. Bunlar gedib oradan gətirirlər də. Heç Fransanın vecinədir ki, Luvr muzeyini kim təmir edəcək? Ona vacib lazımdır? Yox. Büdcədən ayırmalar lazımdır? Yox. Bizim bu cür o qədər ağıllı adamlarımız var, gedəcək. Yaxud İtaliyada, Vatikanda nəsə təmir eləməkdən ötrü kimsə düşünməlidir? Yox. Gedib, eləyir də. Həştarxanda muzey, bağça açırlar, təmir edirlər, bizim də camaatımız burada acından ölür. Heydər Əliyev Fondu pullarını hara səpələmir ki?! Bunun kimi bir şeydir də. Ordan kimsə məsləhət bilib ki, Fransada bu, belədir, gətirmək üçün dostu-tanışı var. Bizim fransız dili müəllimimiz baş nazir olur, Fransanın medalını verirlər. Nə üçün? Fransız dili müəllimidir, vəssalam. Yəni dünya bizi belə dolayır. Bizim də ağlımız ancaq bunu kəsir. Yəni bu iqtidarın ağlı ancaq buna işləyir. - Sizcə, bugünkü vəziyyətlə bağlı cəmiyyətin reaksiyası qanedicidirmi? - Yox. Hələ ki, cəmiyyətin hərəkəti hakimiyyətin istədiyi formadadır. Sosial partlayış həddinə çatmayıb. Amma bu da tufanqabağı sakitlik ola bilər. Hakimiyyət bunun fərqindədir. Dünənki tədbir də öz aramızda, özləri arasında quş qoymaq üçün “bir tədbir də biz keçirtdik”, deməkdir. Hakimiyyət bundan narahatdır və nəsə axtarır. Amma heç kefinə də deyil, elə ciddi narahat deyil. Heç hakimiyyət Paşinyana görə narahat olmur, qaçıb gizlənir, yatıb, durur, öz işindədir, kefindədir… Amma mənə torpağım lazımdır. Millət bu torpağını istəyir. Hələ millət inanır ki, hakimiyyət ağıllı olacaq, bu sahədə iş görəcək, ağlından, gücündən istifadə edəcək. Hələ xalq susur, tələb edir, amma günlərin bir günü daha buna son verəcək. - Yəni inanırsınız ki, Azərbaycanın işğal olunmuş torpaqları qayıdacaq? - Azərbaycanın işğal olunmuş torpaqları qayıtmayacaq. Biz o torpaqlara qayıdacağıq, biz o torpaqları qaytaracağıq. Ya bu hakimiyyət onu etməlidir, ya da getməlidir. Etmirsə, gedəcək! Şamo EMİN, Hurriyyet.org