​BMT baş katibindən İranla bağlı – HƏYƏCAN SİQNALI

Baxış sayı:
3853

BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının durumu ilə bağlı hazırladığı yeni hesabatını yayıb. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hesabat BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 37-ci iclasına təqdim edilib. Hesabatında bildirilir ki, İranda əvvəlki illərlə müqayisədə insan hüquqları ilə bağlı vəziyyət nəinki yaxşılaşıb, əksinə daha da pisləşib: “Təəssüflər olsun ki, İranda jurnalistlərə, hüquq müdafiəçilərinə, dini və etnik azlıqlara qarşı repressiyalar davam edir. Qadınlara qarşı zorakılıqla yanaşı tətbiq edilən ayrı-seçkilik, eləcə də dini və etnik azlıqların hüquqlarının məhdudlaşdırılması bizim ciddi narahatlığımıza səbəb olub. İranda 2015-ci illə müqayisədə edamların sayı nisbətən azalsa da, əsasən inqilab məhkəmələri tərəfindən çıxarılan ölüm hökmlərin sayının çoxluğu bizim iztirabımıza səbəb olan digər məsələlərdən biridir. Həmçinin, İran həbsxanalarında məhbuslara fiziki və psixi təzyiqlərin göstərilməsi, onlardan işgəncələr altında yalançı etirafların alınması bizi və dünya ictimaiyyətini nigaran edən əsas faktorlardan biri sayılır. Hesab edirik ki, İran hökuməti ölkə vətəndaşlarının, o cümlədən də qadınlar, jurnalistlər, dini və etnik azlıqların hüquqlarına riayət etməli, ölkədə onlara qarşı tətbiq edilən təzyiqləri aradan qaldırmalıdır”.