“Biz dərdini içində gəzdirən toplumuq”

Lalə Yılmaz Ahıskalı: “Azərbaycan və Ahıska Türkləri bir candır”

Onunla Türkiyənin Tokat şəhərində bir sərgidə tanış olmuşdum. Buna mənim Azərbaycan Türkcəsində danışmağım səbəb olmuşdu. Sonra isə həyat yoldaşı Kamran bəylə də yaxından tanış olduq. Onların ikisi də kökəncə Ahısqa Türküdür. Beləcə rəssam Lalə Yılmazın sayəsində Türkiyədə yaşayan Ahıska Türklərinin mədəni və ictimai quruluşları ilə sıx əlaqələr qura bildim. Lalə xanım həm də Qafqaz Türkləri üzrə mütəxəssis kimi tanınır. Türkiyədəki “Ahısqa Türkləri Dərnəkləri Federasiyası” hər zaman Azərbaycana dəstəklə bağlı bütün aksiyalarda öndə gedirlər. Bu möhtşəm işin təşkilatçılarından biri də Lalə Yılmazdır.  
–Lalə xanım, nədən Qafqaz Türkləri adına bunca maraq göstərməyə başladınız?
–XVIII yüzilin tarixini diqqətlə incələsək, görərik ki, Avropa dövlətləri Krım, Volqaboyu, Uralboyu, Quzey Qafqaz, Anadolu, Balkanlar və İndiki İran Yaylası boyunca min illərdir hökmranlıq edən Türk dövlətlərini diz üstə çökdürmək üçün dərin siyasətlər aparmışlar.  Beləcə, Avropada intişar edən texnoloji inkişafın sürətini artırmaq, daha zəngin ölkəyə çevrilmək hədəflər ortaya qoyulurdu. Bu, Türk boylarının malik olduqları ərazilərin işğalı hədəfləri ilə uzlaşdırılması demək idi. Beləliklə də öncə Türk olmayan toplumları da həmin hədəflər üzərində kökləməyə başladılar. Beləcə addım-addım biz Türklərin sahib olduğumuz məmləkətlər bir-bir əlimizdən çıxdı. Bunun yerində isə, fərqli dövlət düzənləri yaradıldı. Diqqətlə dünya xəritəsinə baxsanız bütün bunları aydın şəkildə görmək olar. . Qafqaza gəlincə, Türklərə məxsus olan ərazilərdə indi Rusiyanın əli ilə Güney Qafqazda 3, Quzey Qafqazda isə 7 cümhuriyyət yaradılmışdır. Hələ bu azmış kimi, süni şəkildə yaradılmış digər “muxtar” qurumların da yaradılması siyasəti vardır. Bunun dışında milli azlıqların Türklərə qarşı qısqırdılması kimi hədəflər gizli metropol siyasətinin qapıları arxasındadır. Bu gün qabardılan “ərəb”, “erməni”, “rum”, “slavyan”, “fars”, “hindi”, “urdu”, “kürd” və başqa hədəflərin yanında yer alan strateji maraqların arxasında məhz tarixi amillərin yenidən qabarması faktoru dayanır. Çünki, “Soyuq Savaş”dan sonra Türk Dünyası kimi əzəmətli bir düzəninin yaranması Qərbi gerçəkdən artıq rahatsız edir. Buna görə də, bizlərə qarşı istənilən fitnə-fəsadları törətməyə hazırdırlar. Elə onun üçün də “Dağlıq Qarabağ” sindromunu acı bağırsaq kimi uzadırlar. Azərbaycanın haqq səsini eşidən yoxdur. Biz Ahısqa Türklərini vandalcasına, qanunsuz olaraq 1944-cü ildə tarixi torpaqlarımızdan sürgün ediblər. 1956-cı ildən bu yana dünya birliyi bizlərin vətənimizə dönməmiz üçün yüzlərlə qanunlar qəbul ediblər. Ancaq, heç bir sorunumuz çözülmür. Bu gün İraq və Suriyada yaşanılan vətəndaş savaşlarında silahlandırılan ərəblər və kürdlər özgür dövlət qurmaq adı altında bölgədəki 6 milyonluq nüfuzu olan Türkman əhalisini soyqırım etmək siyasətini aparırlar. Bütün dünya isə susur. Deməli yaranmış  təhlüklərdən tək çıxış nöqtəsi isə bütün Türk toplumlarının bir araya gəlməsi sayəsində mümkün olmasına inanmalı və bu yolda mücadiləmizi aparmalıyıq.
–O zaman belə çıxır ki, Azərbaycan və Ahısqa Türkləri vahid platformada hərəkət etməlidirlər.
–Elədir ki, var. 1956-cı ildə Ahısqa Türklərinin vətənə dönməsi haqqında qərar çıxanda demək olar ki, buna qarşı Gürcüstan və Ermənistan birlikdə hərəkətə keçdilər. Təkcə biz Ahısqa Türklərinə sahib çıxan Azərbaycan oldu. O dönəmdən Azərbaycanda 150 mindən çox soydaşlarımız öz vətənlərində olduğu kimi yaşamaqdadır. Bu haqqı bizlər heç bir zaman unuda bilmərik. Azərbaycan bizlərə bir ana kimi qucaq açmış, isti nəfəsini vermişdir. Bu gün dünyanın 9 ölkəsində hələ də yaşamaq zorunda qalan bizlərə qarşı  kimlərin niyyətinin necə olduğunu yaxşı bilirik. Susqunluğumuz nələrdənsə xəbərsiz olmağımız demək deyil.

–Azərbaycan bunca sizlərə səmimi münasibətini göstərir. Buna həm də qardaşcasına yanaşır...
–Bu doğrudan da belədir. Mənim ailəm sürgünə getməkdən imtina etdiyi üçün, gizli yolla o dönəmdə qışın sərt soyuğuna, aclığa baxmayaraq qarlı dağları aşaraq, Bursaya gəlib. İndi demək olar ki, Türkiyənin bir çox şəhər və qəsəbələrində “Axısqa Türklərinin Kültür Mərkəzləri”ni yaratmışıq. “Ahısqa” adlı dərgimiz çıxır. Bundan başqa dünyanın hansı ölkəsində soydaşlarımız yaşayırsa bir təşkilat olaraq əlaqələr qurmuşuq.  Beləcə 400 min nəfərdən çox sayı olan Ahısqa dünyasını yaratmışıq. Demək olar ki, Azərbaycan sevdalısı olmayan hər hansı bir soydaşımıza rast gəlməzsiniz. Yaşlılarımız 1950-ci illərdə, gənclərimiz isə 1980-ci illərin sonlarında Ahısqa Türklərinin Azərbaycanda məskunlaşması faktını heç zaman unutmayacaqlar. Son günlər Ukraynada Rusiyanın apardığı aparteid siyasətin nəticəsi kimi, Donbas vilayətində dəhşətli qanlı olayralara görə 3 min nəfərdən çox Ahısqa Türkü məcbur olaraq, Türkiyəyə mühacirət etdilər. Bizlər bu dəfə Kars vilayətində məskunlaşdıq. Bu bölgəni Anadoluda Azərbaycanın bir parçası hesab edirik.
–Bayaq qeyd etdiniz ki, mühacirətdə yaşadıqları ölkələrdə Axısqa Türkləri Azərbaycana dəstək aksiyalarında iştirak edirlər...
–Bu tamamilə doğrudur. İndi ABŞ-ın Vaşinqton, Pensilvaniya, İllionois, Kentuçi, Gar və başqa bölgələrində toplam 15 min nəfər soydaşımız yaşayır. Onlar Türk Dünyası və Azərbaycanla bağlı bütün aksiyalarda iştirak edirlər. Bununla yanaşı, bizlər Azərbaycan diaspor təşkilatlarına hər zaman dəstək veririk. Özümüzü sizlərdən ayrı duymadıq. Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızstan, Rusiya və Avropa ölkələrində bizlər vətənsiz olan bir toplum kimi yaşasaq da, təşkilatlarımız hər zaman Azərbaycanın haqlı davasında yanında olduğumuzu açıq şəkildə elan etmişdir.
–Bundan əlavə, Azərbaycanla nə kimi əlaqələriniz var?
–Bizlər Azərbaycanın bir dövlət olaraq strateji hədəflərini çox diqqətlə izləyirik. Ona görə ki, Bakı-Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri, Bakı-Tiflis-Kars dəmir yolu Azərbaycan və Axısqa Türklərinin əcdadlarına məxsus ərazisindən keçir. Qafqazı qan gölünə çevirmək kimi dərin strateji hədəflərə hesalnmış erməni avantürasının qarşısını Azərbaycan məhz bu yolla almaq siyasətini yürüdür. Biz Axısqa Türkləri ona görə də, Azərbaycanı canımız və qanımız hesab edirik. Azərbaycan Gürcüstanda çox möhtəşəm layihələrə imza atıb. Bu dövlətin ağır günlərində yanında yer alıb. İndi sizlərin simanızda gürcülərin Azərbaycana, Türkiyəyə və Türk Dünyasına olan münasibətləri tamamilə dəyişib. 1944-cü ildə Stalin bir diktator kimi bizləri sürgün etdirəndə torpaqlarımızda erməniləri məskunlaşdırıb. Bu addımlar əslində Çar Rusiyası dönəmində də atılmışdı. Ermənilər Çar Rusiyası və Sovetlər Birliyi dönəmlərində daim biz Türklərə qarşı aparılan dərin siyasətlərin maşası olmuşlar. Onlar xritsian həmrəyliyi adı altında gürcüləri də öz sıralarına qatmışdılar. Bu gün həmin steorotiplər öz özünə yox olmağa başlamışdır. Deməli bu möhtəşəm uğurlarda Azərbaycanın özümlü yeri var. Biz çalışırıq ki, bir xalq olaraq, Azərbaycanla əlaqələrimiz daimi olsun. Sizin ölkənin dövlət müstəqilliyi, tarixi torpaqlarınızın bütövlüyü uğrunda şəhid olanların sırasında biz Axısqa Türkləri canımızı vermişik. Xocalı Soyqırımında orada yaşayan Axısqa Türkləri də şəhid olmuşlar. Şuşa, Gədəbəy, Qazax, Kəlbəcər, Tovuz, Goranboy, Tərtər uğrunda gedən savaşlarda şəhid olan Axıska Türqləri də var. Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinin əbədiləşdirilməsi bizlərin sizlərə, sizlərin də bizlərə olan qardaş sevgisinin simvoludur. Bütün bunlardan isə bir xalq olaraq qürur duyuruq.
–Bir dəfə duydum ki, siz Azərbaycanla bağlı rəssam kimi bir sıra tablolar çəkmisiniz.

–Əvvəllər sadəcə təbiət mənzərələrinin tablosunu çəkməyi sevərdim. Son 15 ildə isə yaratdığım bütün əsərlərimi daha çox Türk Dünyası ilə ilgili mövzulara həsr edirəm. Tarixi keçmişimizdən tutmuş günümüzə qədər böyük şərəf sandığımız anları rənglərin dili ilə onun poetikasını yaratmağa çalışıram. Buna görə də çoxlu kitablar oxuyur və bəzən də səyahətə çıxıram. Beləcə, Azərbaycanın, onun füsunkar təbiəti, səmimi sadə insanları, həm də burada yaşayan soydaşlarımızın həyatı ilə bağlı əsərlər üzərində işləyirəm. Çəkdiyim tablolarımı Türkiyə, Almaniya, Hollandiya, İsveç, Norveç və başqa ölkələrdəki sərgilərdə nümayiş etdirmişəm. Beləcə Azərbaycanı tanıtmağa və sevdirməyə çalışıram.
–İndi nə kimi planlarınız var?
–Bir rəssam olaraq, gələn il Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızstanın dövlət müstəqilliklərinin 25 illiyi münasibəti ilə son 15 ildə Türk Dünyası adına çəkdiyim tablolarımla böyük bir sərgi açmağı planlaşdırmışam. Ötən 25 ildə bu dövlətlərin necə də möhtəşəm şəkildə inkişafı yolları həmin əsərlərdə yer alacaqdır. Bundan əlavə, Ahısqanın təbiətinin mənzərələrindən ibarət foto sərgi açmaq üçün hazırlıqlara başlamışam.
–Həyat yoldaşınız Kamran bəy hərbçidir. Bu işlərdə sizə yardım etməyə vaxtı olurmu?
–Demək olar ki, onun bütün bunlara vaxtı çatmır. O, sadəcə mənə dayaqdır. Hər işdə mənəvi və maddi baxımdan dəstəyini hiss edirəm. Onun başlıca görəvi ölkəmizi təhdid edən ayrımçılar, bölücülər və terrorçularla mücadilə aparmaqdır. Bizlər onun işindən və məsləyindən çox razıyıq. Gərək olarsa, biz bütün Ahısqa Türkləri qadınlı-kişili, qızlı-oğlanlı dövlətin bütünlüyü uğrunda canlarımızdan keçərik. Hələ ilk okula gedən oğlumuz da böyüyəndə hərbçi olmağı düşünür.
–İstanbulda yaşayırsınız. Türk Dünyasının başqa şəhərlərində də olmusunuz. Daha çox hansı şəhərlər xoşunuza gəldi?
–Etiraf edim ki, Türkiyədə Tokat, Əskişəhər, Bursa, Azərbaycanda Gəncə, Gədəbəy, Şəki, Qazaxıstanda Çimkənd, Cambul, Özbəkistanda Səmərqənd, Xivə, Qırğızstanda Talas, İssık Kul, Batken, Altayda Maymin, Tuğay, Qaraçayda Dombay, Tırnauz şəhərləri çox xoşuma gəldi. Krımın Baxçasaray şəhəri isə dünyanın cənnət məkanıdır. Bir şeyi də deyim ki, Türk Dünyasının harasında olsam da, bütün kəndləri eynidir. Xüsusilə çamurlu yolları çox sevirəm. Çünki, çamurlu yollar birbaşa üzü tarlalara doğru gedilən yoldur. Bu yolların tək anlamı bolluq və bərəkətdən ibarətdir. İnsan övladı çamurun içindən keçərək ruzisini yaradır. Bax bunun poetikasını duymamaq mümkün deyil.
–Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız?
–Tanrının izni ilə gələn ilin yayında yenidən Azərbaycanda olmağı düşünürük. Bu dəfə ailəlikcə gəlməyi planlaşdırmışıq. Həm də buradan Tiflisə, sonra da Ahısqa Türklərinin əcdadlarının torpaqlarını ziyarət etməyi düşünürəm. Qoy oğlumuz İlhan da dədə-baba torpaqlarının qoxusunu duysun, onun nə demək olduğunu anlasın.
Söhbətləşdi: Ə. Yusifoğlu, "Hürriyyət"