"Beynəlxalq Bank"ın vəzifəli şəxsi məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin dələduzluqda təqsirləndirilən Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Əliyeva pulu faizlə borc aldığını deyib. O, əməlində dələduzluq faktı olmadığını bildirib.
İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında "Beynəlxalq Bank" ASC-yə tabe olan "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində çalışan Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib.