BAYDENİN ÇIXIŞININ ARDINDAN ƏLİYEV ƏRDOĞANA ZƏNG VURDU - ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsi işlətməsi qınandı

Baxış sayı:
807

Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı oldu.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Hər iki lider son proseslər fonunda Türkiyə və Azərbaycan olaraq birgə hansı addımların atıla biləcəyi ilə bağlı fikir mübadiləsi aparıb.

Bir qədər əvvəl Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında da telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

 

 

Bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu Türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.