BAŞÇI OĞLUNUN QƏTL İŞİ İLƏ BAĞLI YENİ QƏRAR – Vəkildən sensasiyalı açıqlamalar
Avropa İnsan Hüquqları Məhkəməsi Qobustan həbsxanasının məhbusu Vüqar Əliyevin şikayətini təmin edib.
“AzPolitika” xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.
V.Əliyev 2003-cü ildə Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qətl onun nişanlısı Lamiyə Quliyevanın qisasını almaq məqsədilə törədilib. Quliyeva da 15,5 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2015-ci ildə vaxtından əvvəl azaldığa buraxılıb.
2021-ci ildə Vüqar Əliyevin ömürlük həbs cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. O, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.
Avropa İnsan Hüquqları Məhkəməsi bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib və hesab edib ki, məhkəmə dinləmələrinin açıqlığı prinsipi pozulub, habelə, cinayət prosesi həddindən artıq uzun davam edib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 5500 avro kompensasiya ödənilməlidir.
Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev “Facebook” səhifəsində bu cinayət işi ilə bağlı çox maraqlı məlumat paylaşıb. Vəkilin yazdığından belə məlum olur ki, əslində müvəkkili bu işdə günahsızdır, amma bir zamanlar (bir neçə ilə əvvəl dünyasını dəyişib – red.) “qılıncının dalı-qabağı kəsən” keçmiş icra başçısı Aslan Aslanov V.Əliyevi ömürlük həbs etdirib, ailə üzvlərinin başına oyun açıb. Əsabəli Mustafayevin sözügedən qeydlərini ixtisarla təqdim edirik: “Çoxdan gözlədiyim bir neçə iş üzrə Avropa Məhkəməsi bu gün qərarlarını elan etdi. Onların içərisində mənim üçün daha vacibi Vüqar Əliyevin işidir. Bu yazı həmçinin 21 ildən artıqdır ki, gəncliyini əssasız olaraq həbsdə keçirmiş bir insanın gələcək həyatını həm hüquq-mühafizə orqanlarının, həm də ictimaiyyətin diqqətində saxlamaq məqsədi daşıyacaq. İndi isə burada işin qısa xülasəsini qeyd etməyi vacib bildim.
Bu iş 2003-ci ilin may ayının 8-də o zaman Şəmkirin icra başçısı işləyən Aslan Aslanovun Ruslan adlı oğlunun qətli ilə bağlıdır (Vəkil qeydlərində onun adının baş hərfini yazmaqla kifayələnib – red). Hadisənin cəmi 3 iştirakçısı olub, onlardan biri Ruslanı qətlə yetirib. Vüqarla nişanlanmamışdan əvvəl onunla münasibətdə olmuş L. (Lamiyə Quliyeva – red.) ilkin dindirmədə Rulanın onu bədbəxt etdiyi üçün qətlə yetirdiyini, bu qətlin hazırlanmasında və icrasında Vüqarın ümumiyyətlə iştirakı olmadığını bildirmişdir. Vüqar da öz ifadəsində Lamiyənin dediklərini təsdiq etmişdir. Bıçaqda Vüqarın barmaq izlərinin olmaması bu ifadələrin həqiqiliyini təsdiq edirdi. Lakin belə ifadələr maraqlı şəxsləri qane etmirdi. İlkin ifadənin gecəsi Lamiyə digər müstəntiq tərəfindən dindirmədə Vüqara qarşı ifadə verir. Bu dindirmə isə 16 yaşı tamam olmamış şəxsin dindirilməsi normalarına zidd aparılıb. Məhkəmədə Lamiyə ilkin ifadəsini təkrar edir, işgəncələrə məruz qaldığı üçün Vüqara qarşı ifadə verdiyini bildirir. İstintaq dövründə Vüqar ciddi işgəncələrə məruz qalsa da, özünə qarşı ifadə verməyib. Məhkəmə isə Lamiyənin ilkin dindirmədə və məhkəmədə verdiyi ifadələri deyil, ikinci dindirmədə verdiyi ifadə əsasında çıxartdığı hökmlə Lamiyəni 10 il müddətinə, Vüqarı isə ömürlük azadlıqdan məhrum edib.
Qeyd etməliyəm ki, cinayət işi başlananda Vüqar və Lamiyə birlikdə Vüqarın atası, anası, qardaşı və xalası, Lamiyənin yeganə valideyni olan anası da tutulur və bir müddət həbsdə saxlanılırlar. O zaman Avropa Şurasının xüsusi məruzəçisi qismində Bakıya gəlmiş Andreas Qrossun səyləri nəticəsində Lamiyənin anası, Vüqarın atasından başqa digər qohumları azadlığa buraxılırlar. Vüqarın atası saxta ittihamla 4 ilini məhbəsdə keçirir.
Vüqarın valideynləri 2010-cu ildə mənə müraciət edərək onun hüquqlarının müdafiəsində kömək istədilər. Məlum oldu ki, onun işindən vəkillər tərəfindən bir neçə dəfə kassasiya şikayəti verilib, lakin müddət ötürüldiyi üçün baxılmayıb, müddətin bərpası barədə vəsatətlər isə təmin edilməyib. Mən Vüqar ilə Qobustanda (Qobustan həbsxanası – red) görüşəndə söhbət əsnasında o, qeyd etdi ki, özü də kassasiya şikayəti verib, amma Aslan Aslanovun təzyiqi ilə həbsxanadan onu Ali Məhkəməyə göndərməyiblər. Mən bu faktın araşdırılması xahişi ilə Ombudsman aparatındakı dostlara müraciət etdim. Çox sağ olsunlar, getdilər, yerində araşdırdılar. Dəftərxanadakı jurnal ilə müəyyən olundu ki, həqiqətən də belə şikayət qeydə alınıb, ancaq məlum olmayan səbəbdən ünvana göndərilməyib. Ombudsman aparatının əməkdaşları bu barədə akt bağlayıb və dəftərxana işçisindən izahat alıblar. Bu sənədlərlə mən Ali Məhkəmənin Plenumuna müraciət edərək yeni açılmış hallara əsasən kassasiya şikayətinin verilmə müddətinin bərpasını xahiş etdim. Plenumun iclasına sədrlik edən o zamankı sədr Ramiz Rzayev ilə bir balaca çəkişməmiz də oldu (çünki istintaqın başında həmin dövrdə o dayandığından bu işin nəticəsində maraqlı idi). Lakin pozuntu o qədər açıq-aydın idi ki, müddətin bərpa olunmasından başqa digər qərarın qəbulu mümkün deyildir. İş baxılması üçün kassasiya instansiyasına qayıdanda mən də öz adımdan kassasiya şikayəti təqdim etdim, çünki Vüqarın tərtib etdiyi şikayət ilə mübarizəni davam etdirə bilməzdik. Kassasiya şikayəti hazırlayarkən mən arxivdə iş materialları ilə tanış oldum və oxuduqlarımdan dəhşətə gəldin. Adama qarşı bir nəfər ifadə verməyib, maddi sübutlar yox, amma ömürlük həbs cəzası verilib. Məhkəmə sənədlərində Lamiyənin məhkəmədə verdiyi ifadələr əks olunmamışdır, hökmdə bu ifadə istintqdakı ikinci dindirməni təkrarlayırdı. Mənə isə Lamiyənin məhkəmədə verdiyi ifadə lazım idi. Kassasiya şikayəti üzərində işləyəndə yadıma düşdü ki, “ANS” belə məhkəmə proseslərində çəkilişlər aparırdı. Telekanalın arxivini araşdırdım və həmin məhkəmədə aparılmış çəkilişi tapdım. Süjetdə Lamiyənin məhkəmədə verdiyi ifadə təkrar olunurdu. Bu fakt şikayətin əsaslarından biri oldu. Lakin gözləndiyi kimi, kassasiya şikayəti təmin olunmadı, amma Avropa Məhkəməsinə yolumuz açıldı.
Əlbəttə, Vüqar hadisə yerində olub, qətli görüb. Onu ən çoxu cinayət barəsində xəbər verməməkdə ittiham etmək olardı. Lakin törətmədiyi qətlə görə onu vəzifəli şəxsin sifarişinə görə ömürlük azadlıqdan məhrum etmək hüquq sisteminin biabırçılığı idi. İndi qərar qəbul olundu. Bu qərarsız da həqiqət həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına məlumdur. Hüquq-mühafizə orqanlarının borcu tez bir zamanda ədaləti bərpa etmək, işə yenidən baxaraq Vüqarı azad etməkdir. Cəmiyyətin borcu isə bunu diqqətdə saxlamaqdır”.
Rasim Əliyev