“Bank of America”nın qlobal BÖHRAN XƏBƏRDARLIĞI-HAZIRIQMI?

Rəşad Həsənov: “Bu sahədə ciddi problemlər var”
Maliyyə nəhəngi “Bank of America” yeni qlobal böhran təhlükəsinə dair xəbərdarlıqla çıxış edib: 1998-ci il böhranı təkrarlana bilər
“Yeni Müsavat” xarici mətbuata istinadən xəbər verir ki, bank analitikləri 1997-1998-ci illərdə qlobal fond bazarında baş verən böhranın təkrarlana biləcəyi qənaətindədilər. Onlar bildirirlər ki, hazırda qlobal fond bazarlarında vəziyyət 1998-ci ildəkinə çox bənzərdir. Xatırladaq ki, həmin il Asiya fond bazarı çökmüş, Rusiya isə defolt olmuşdu.
İndi də 1998-99-cu illərdə olduğu kimi, güclü dollar inkişaf etməkdə olan ölkələri “sıxır”, xüsusilə onların fond bazarları kiçilir. Hazırda bu bazarlarda qiymətlər dünya maliyyə böhranından bəri ən aşağı səviyyəyə düşüb. Əvəzində ABŞ iqtisadiyyatı böyüyür, iri texnologiya şirkətlərinin qiymətli kağızlarının dəyəri artır. “Bank of America”nın tanınmış investisiya analitiki Michael Hartnett bildirir ki, bu iki tendensiya eyni vaxtda ən son 20 il əvvəl müşahidə olunub.
Qeyd edək ki, sözügedən böhran inkişaf etməkdə olan ölkələrə ciddi zərər vurmuşdu. Taylandın pul vahidi bahtın 1997-ci ildə kəskin devalvasiyası ilə başlayan böhran digər inkişaf etməkdə olan ölkələri də təsiri altına almış və 1998-ci ildə Rusiyada maliyyə böhranının yaranmasına gətirib çıxarmışdı.
Dünya böhranı təhlükəsi barədə “Bank of America”dan bir qədər əvvəl Dünya Bankı da çıxış etmişdi. Bankın “Qlobal iqtisadi perspektivlər” adlı hesabatında qeyd olunur ki, dünya böhranları tarixində yaranmış on illik tsikl tamamlanmaq üzrədir. Bu isə o deməkdir ki, dünya iqtisadiyyatında artım göstəriciləri normal olsa da, böhranın təkrarlanması üçün zəmin var.
Dünya Bankından bir qədər sonra isə milyarder Corc Soros dünya maliyyə böhranının baş verməsi təhlükəsi barədə xəbərdarlıqla çıxış edib.
Dünya fond və maliyyə bazarlarında böhran baş verərsə, bunun Azərbaycana hansı təsirləri ola bilər?
Belə təsirlərdən daha az itki ilə çıxmaq üçün hansı addımlar atılmalıdır? Suallara cavab verən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, dünya maliyyə qurumları mümkün böhranlarla bağlı ehtimallarını əks etdirən hesabatlarla müntəzəm olaraq çıxış edirlər: “Onlar problemləri bütün detalları ilə əlaqədar çevrələrə çatdırmağa çalışırlar. Hazırda dünya fond bazarında balonların formalaşması meylliliyi hiss olunmaqdadır. Digər bir məsələ bundan ibarətdir ki, Avropa Mərkəzi Bankı və ABŞ Federal Ehtiyatlar Sistemi maliyyə bazarlarında daha effektiv və eyni zamanda səbirli siyasət həyata keçirməyə çalışırlar. Hər hansı qərar qəbul olunarkən yalnız lokal şərtlər deyil, eyni zamanda qlobal indikatorlar da nəzərə alınır. Qlobal bazarlar - fond və maliyyə - prizmasından yanaşılır məsələlərə”.
Ekspert hesab edir ki, 2020-22-ci illərdə baş verməsi ehtimal olunan qlobal böhran təhlükəsi elə də real deyil: “Mən bu variantı az ehtimallı hesab edirəm. Lakin bu ehtimallar doğrularsa, böhran baş verərsə, bunun Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirlərinin olması mümkündür. Birbaşa təsir bundan ibarətdir ki, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin böyük bir qismi xarici aktivlərdə - fond bazarlarında saxlayır. Buna görə də fond hər hansı bir xəbərdarlığı gözləmədən öz akivlərini daha risksiz alətlərə yerləşdirməyə çalışmalıdır. Qlobal böhranın dolayı təsirləri Azərbaycanın xarici ticarət tərəfdaşları ilə münasibətlərindən qaynaqlana, müəyyən problemlə idxal oluna bilər. Bundan əlavə, enerji bazarlarında, böhrandan təsirlənən ölkələrdə tələbin azalması Azərbaycanın istehsal etdiyi məhsulların dəyərinin azalmasına gətirib çıxara bilər”.
R.Həsənovun fikrincə, həm dövlət qurumlarında mümkün təhlükələrin proqnozlaşdırılmasında, risklərin hesablanması və ona uyğun mövqe tutulması sahəsində ciddi çatışmazlıqlar var: “Risklərin analizi, proqnozlaşdırılması sahəsində vəziyyət problemlidir. Buna görə də hər hansı bir hadisə baş verdikdə zərbələri ən ağır şəkildə hiss edirlər”.