Balıq məhsullarının qiymətində artım gözlənilir - EKSPERTLƏRDƏN AÇIQLAMA
Vahid Məhərrəmli: “Əgər balığın idxal rüsumu 15 faiz artıbsa, yerli bazarda onun qiyməti 20 faiz artacaq”
Akif Nəsirli: “İdxal olunan balığın qiymətində rüsumun təsiri qədər bahalaşma müşahidə ediləcək”
Azərbaycanda diri və soyudulmuş balıq növlərinin idxalına yeni gömrük rüsumu müəyyən olunub. Nazirlər Kabinetinin qərarına əsasən, bu il oktyabrın 15-dən 2026-cı il iyunun sonuna kimi bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumu 0-dan 15 faizə yüksəldilib.
Rəsmi qurumlar iddia edir ki, son illər ölkədə balıq istehsalı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə Azərbaycanda 66 min 452 ton balıq ovlanıb. 2022-ci ildə bu göstərici 59 min 903 ton olub. Ovlanan balıqların cəmi 4 min tonu (qalanı fiziki şəxslərin) müəssisələrin payına düşür.
Məlumata əsasən, göl və nohur balıqçılığı ilə məşğul olan hüquqi, fiziki şəxslərin sayı isə 2023-cü ildə 2022-ci ilə nisbətdə bir vahid azalaraq 107 təşkil edib. Göl və nohurların səthinin sahəsi də azalıb. Həmin göstərici 2022-ci ildə 1 min 393 hektar idisə, 2023-cü ildə 1 min 380 hektara düşüb. Göl və nohurlardan tutulmuş balığın miqdarı da 466 tondan 321 tona qədər azalıb.
Ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olubsa, hazırda bu müəssisələrdən cəmi üçünün aktiv fəaliyyət göstərdiyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlam insan üçün illik balıq istehlakını 28 kiloqram müəyyən etsə də, Azərbaycanda bu, dəfələrlə azdır. DSK-nın məlumatına görə, 2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla cəmi 8 kiloqram balıq və balıq məhsulları istehlak edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 25.8 milyon dollar dəyərində balıq növləri, xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon dollar çoxdur. Bu dövr ərzində ölkənin balıq və dəniz məhsulları ixracı isə 1.9 milyon dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrünə görə 2.3 dəfə çoxdur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Hürriyyət” qəzetinə bildirib ki, ümumiyyətlə, hər hansı məhsulun idxalına rüsum tətbiq edilirsə, onun qiyməti də artır: “Bu, təbiidir. Bildiyimiz kimi, balıq idxalı da inhisardadır, onunla xüsusi adamlar məşğul olur. Əsasən də oliqarx məmurlar. Əgər balığın idxal rüsumu 15 faiz artıbsa, yerli bazarda onun qiyməti 20 faiz artacaq”.
Ekspert deyir ki, Azərbaycan kifayət qədər balıq istehsal edə bilmir: “Beynəlxalq norma 18-20 kiloqram arasında dəyişir. Bu, Ümumdünya Səhiyyə təşkilatının qeyd etdiyi normadır. Son bir neçə ildə Birləşmiş Millətlər Təşkilatı bir çox layihələr həyata keçirib. Göl balıqçılığının genişləndirilməsinə nail oldular. Təssüf ki, Azərbaycanda adam başına 6 kiloqram balıq istehsal olunur. Bu da normadan 3 dəfə azdır.
Balıqçılıqda müəyyən problemlər var. Göllərin yaradılması, o göllərə suyun verilməsi və s. Bildiyimiz kimi, balıq ovu da ciddi şəkildə aşağı düşüb. Bu, yalnız Azərbaycanla bağlı deyil, dünya da okean, dəniz balığı kəskin şəkildə aşağı düşüb. Demək olar ki, dünyada 80 faiz balıq göllərdə yetişdirilir. Bu halı da Azərbaycan nəzərə almalıdır. Ona görə Azərbaycan çalışmalıdır ki, daxildə balıq istehsalını artırsın. Niyə Vyetnamdan idxal olunan aşağı keyfiyyətli balığı istehlak etməliyik?!”
Vahid Məhərrəmli qeyd edir ki, Xəzər dənizində qəfəs balıqçılığı üçün imkan var: “Xəzər dənizində balıq azalıbsa, o demək deyil ki, balıq istehsalını təşkil etmək mümkün deyil. Mümkündür. Xəzər boyu göl balıqçılığını inkişaf etdirmək olar. Belə halda balığın keyfiyyəti də yaxşı olar. Əksər ölkələr bu təcrübədən bəhrələnirlər. Vyetnamın özü də bu yolla balıq istehsalını artırıb. Biz bunu niyə etməyək?
10 il əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) mütəxəssisləri ilə birlikdə layihə həyata keçirdik. Həmin layihənin yekununda dövlətə təkliflərimizi vermişdik ki, necə etmək olar, balıq istehsalı artsın, balığın keyfiyyəti yaxşılaşsın, əhali üçün əlçatan olsun. Yəni belə olan halda idxal bir qədər çox olmayacaq, daxili bazara da təsiri olmayacaq”.
Məlum olduğu kimi, idxal olunan balıq məhsulları əsasən restoran və şadlıq evlərində istifadə olunur. Bu halda, idxal rüsumunun artımı şadlıq saraylarında qiymətlərin artmasına təsir edəcək?
Vahid Məhərrəmli vurğulayır ki, şadlıq evlərində qiymətlər onsuz da yüksəkdir: “Düşünürəm ki, menyünü müştərinin istəyinə uyğun tətbiq edəcəklər. Əgər müştərinin imkanı varsa, qiymət birmənalı olaraq artacaq. Müştəri deyə bilər ki, qiyməti artırma, həcmini isə azalt. Belə olduqda çəkinin azalması hesabına artan qiymət kompensasiya ediləcək”.
İqtisadçı Akif Nəsirli isə hesab edir ki, rüsumların artırılması xaricdən idxal olunan balıq məhsullarına təlabatın artması ilə bağlıdır: “Dövlət düşünür ki, balıqçılıq ölkə daxilində kifayət qədər inkişaf edib. Balıq tutan sahibkarlar var, onların daxili bazarda müdafiəsinə ehtiyac duyulub. Yəni ölkə daxilindəki balıqları insanlar almır, xaricdən idxal olunan balıqlara üz tuturlar. Daxili balıqçılar da müştərisiz qalır. Amma reallıq odur ki, Azərbaycan daxilində balıq istehsalı kifayət qədər deyil, tələb təklifi üstələyir. Ona görə də daxili balıqların qiyməti artır. Amma hökümət elə düşünür ki, guya, idxal balığı daxili balığı üstələyir, daxili balığın satışına maneə olur. Ona görə də rüsum tətbiq edirlər ki, daxili bazarda yerli məhsul xarici məhsuldan daha üstün rəqabət imkanına malik olsun. Hökümətin ortaya qoyduğu rəsmi düşüncı bundan ibarətdir.
Amma məsələ odur ki, kifayət qədər məhsul istehsal olunmur. Nəticə ondan ibarətdir ki, idxal olunan balığın qiymətində rüsumun təsiri qədər bahalaşma müşahidə ediləcək. Bu bahalaşma da yerli məhsulların bahalaşmasını sürükləyəcək. Ümumilikdə, ölkə daxilində balığın qiyməti bahalaşacaq”.
Ekspert hesab edir ki, bu bahalaşma iaşə sektoruna da təsir edəcək. O cümlədən də şadlıq saraylarında menyünün bahalaşmasına gətirib çıxara bilər.
Aynurə İSMAYIL