Bakı İnzibati Məhkəməsi (də) ƏƏSMN-in, DSMF-in tabeliyindədir? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
5803

Hakim Günel Sevdimalıyeva borclunun məhkəmə qərarını icra etməməsinə qiymət vermir
12 noyabr- Azərbaycanda Konstitusiya günü kimi qeyd olunur. Hüquq baxımından ölkədə ən yüksək qüvvəyə malik olan Konstitusiya faktiki sıradan məmurun hökmündən, zorundan da aşağıda tutulur. Ən yüksək qanunun gücünə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclu özbaşına ləğv edir!(?) Halbuki 129-cu konstitusiya maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir; icra olunmaması cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306-cı maddəsi məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bəs niyə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı 1 BİİM-in qərarı ilə üzərinə öhdəlik qoyulan DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 6 ildən sonra 01.04.2023-cü ildən öhdəliyə “özbaşınalıq təpiyi” atır”,  özbaşına məhkəmə qərarını ləğv edib, nə qanun tanıyır, nə Konstitusiya, nə dövlət , nə hökumət, nə də vicdan. Tanıdığı bircə yemdir, əlillərin, qazilərin, pensiyaçıların puludur, kəsib cibini doldurur.
Bəs dövlət hakimiyyətinə, məhkəməyə nə gəlib? Niyə dövlətin, məhkəmənin gücünü ortaya qoymur? Nə yazıq, dövlət hakimiyyəti də  pensiya orqanının cinayətkar saxtalığına, Konstitusiyanı cibinə uyğunlaşdırmasına , nağıllarına uyur. Bakı İnzibati Məhkəməsinin hakimi Günel xanım Sevdimalıyeva 5 aydır borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa müddətdə məlumat verilməsini tələb etməkdən yorulub, axırda Konstitusiya günündə (?) “qərarın icra olunması” haqqında saxta cavabı Konstitusiya aktı kimi sırıyıb. Məhkəmə hakimiyyətinin konstitusion “gücü”nə baxın, heç demə, dövlətin adından çıxarılan qərarı dılğır bir filialın ləğv etmək hüququ Konstitusiyaya uyğundur. Guya 2017-ci il tarixli qərarın qüvvəsi məhkəmənin əsaslandığı qanun maddəsinin qüvvədən düşməsinə qədər imiş! Siçanın ömrünün pişiyin onu yeməsinə qədər olduğu kimi, məhkəmə qərarının “ömrü” də borclu pensiya orqanının 110 manatı yeməsinə kimi imiş. Bu nağıla məhkəmə hakimiyyəti, qanunverici hakimiyyət, insan hüquqları üzrə müvəkkil, ali icra hakimiyyəti  uyursa, onda Konstitusiyanın, yoxsa borclu pensiya orqanın ən yüksəkdə olması şübhəlidir. Gerçəkdə belə fikir yaranır ki, ölkədə hamı- dövlət də, Konstitusiya da, məhkəmə də ƏƏSMN-in tabeliyində, DSMF-in tabeliyində, hətta dılğır bir pensiya məmurunun tabeliyindədir. Görün, Bakı İnzibati Məhkəməsinin hakimi , xanım Günel Sevdimalıyeva Məhkəmə Hüquq Şurasından aldığı göstərişə bir ay sonra verdiyi cavabla necə əməl edib? “ Təkrarən nəzərə çatdırılır ki, Bakı İnzibati Məhkəməsinin 15.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarı cavabdeh tərəfindən icra olunmuşdur”. Nə vaxt, necə? Bəs niyə 6 ildən sonra icra dayandırılıb, məhkəmə qərarı ilə ayrılan 110 manat kəsilib? Belə (quru sözlə) icra olur? Məhkəmə niyə borclunu İPM-in 120-ci maddəsinin tələbinə uyğun cərimə ilə “təltif etmir”? Bəyəm məhkəmə bilmir ki, pensiya, pensiyaya əlavə vaxtaşırı, aylıq ödənilən məbləğdir və bu barədə qərar birdəfəlik icra olunmur, hər ay icra sürür. Deyəsən, məhkəməyə borclu növbəti saxtalıqla yardım edib. Yoxsa Bakı İnzibati Məhkəməsinin hakimi  1-ci dərəcəli əlilliyə görə ona qulluq edən şəxsə 50 manatlıq Prezident təqaüdü üçün müraciət etmək hüququnu diqqətə çatdırmazdı. DSMF-in pensiya orqanının tabeliyində fəaliyyət göstərən Bakı İnzibati Məhkəməsinin rüşvətdən savadsız diqqətinə hazırda sözügedən təqaüdün məbləğinin 100 manat olduğunu və bu təqaüdün məhkəmə qərarını ləğv etmək gücündə olmadığını çatdırırıq. Eləcə də , məhkəmənin əsaslandığı qanun maddəsinin ləğv olunması məhkəmə qərarını ləğv etmək gücündə deyil. Heç məhkəmə qərarı olmasa da, bəyəm məhkəmə hakimiyyəti bu qədər savadsızdır ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin qanunun geriyə qüvvəsinin olmadığını doğrulamasından da bilgisizdir? Belə bilgisizliklə insan taleyini, əlil pensiyasını, prezident təqaüdünü necə “qumara qoymaq” olar? Vay, yazıq pensiyaçıların halına. Nə hüquqları var, nə vəkilləri, nə ombudsmanı. Hamısı, anadolular demiş, mənimsəmənin peşində...
Məğrur BƏDƏLSOY