Azərbaycanlı oliqarxın İŞİD-lə ortaq biznesi… - ŞOK İDDİA

ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Nyu -Yorkda keçiriləcək görüşdə İŞİD-in maliyyə kanallarının kəsilməsi məsələsi də müzakirə olunacaq.
Bu haqda Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşri yazır.
Qəzetin yazdığına görə, hələ 2014-cü ilin sentyabrında Avropa Parlamentinin xarici işlər komitəsinin hesabatı zamanı Aİ-nin İraqdakı səfiri Yana Xibaskova “ittifaqa üzv olan bəzi ölkələrin İŞİD yaraqlılarından neft aldığını” bildirib.
Y.Xibaskova konkret adlar və İŞİD nefti ilə alver edən treyderlər barədə danışmayıb, ancaq onun onun bəyanatı ciddi eyham idi. Bundan ay yarım əvvəl BMT Təhlükəsizlik Şurası Suriya və İraq ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalarla neft alverinin yolverilməz olduğunu bəyan etmişdi.
Bundan əvvəl Almaniyanın DWN telekanalı və İspaniyanın “La Republica” qəzeti belə məlumat yayıblat ki, İraqın şimalındakı kürd administrasiyası və Türkiyənin xüsusi xidmət orqanları İŞİD-in nəzarətində olan ərazilərdən neft qaçaqmalçılığından xəbərdardır.
Bu hadisələr çirkli pulların yuyulmasına qarşı FATF qrupunun da diqqətini cəlb edib. Qrup İŞİD-in maliyyə mənbələri və terror qruplaşmasına maliyyə axınlarının qarşısının alınmasına dair tövsiyələrini hazırlayıb.
FATF ekspertləri hesab edirlər ki, İŞİD-in neft qaçaqmalçılığından və digər talançılıq əməllərindən əldə etdiyi illik gəlir 1 milyard dollardan çoxdur.
İŞİD Suriya və İraq ərazisində onlarla neft yatağını ələ keçirib. Bunların arasında zəngin ehtiyatlara malik əl-Ömər, Rakka, Deyr əs-Zor yataqları da yer alır. Habelə İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri də İŞİD-in nəzarətindədir. Bundan başqa Suriya və Liman sahillərindəki limanlara neft nəqlinə imkan verən İSLP kəməri də işlək vəziyyətdədir.
“Novaya qazeta”nın mənbələri İŞİD-in nəzarətində olan kəmərlərlə neft nəqlinin həyata keçirildiyini təsdiqləyirlər. Türkiyənin Ceyhan limanına neft nəqlinə dair informasiya artıq yayılıb. Bu neftin Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşındığı bildirilir. Qəzet yazır ki, dünyanın aparıcı xüsusi xidmət orqanları bu haqda xəbərdardır.
Xatırladaq ki, Mübariz Mənsimov neft daşımalarında Ərdoğanın oğlu Bilal Ərdoğanla ortaqdır.Bundan əvvəl də Türkiyə mediasında Ərdoğan ailəsinin İŞİD neftini alıb-satdığına dair iddialar səslənib, ancaq Türkiyə rəhbərliyi bu məlumatları qətiyyətlə rədd edir(virtualaz.org).