Azərbaycanda yeni doğulan körpələrin sayı ilbəil azalır

Baxış sayı:
1915

Sosioloq Elçin Bayramlı: “Belə bir mühitdə millətimizin sağlam inkişafından söhbət belə gedə bilməz”

“Mən dəqiq əminəm ki, ildən-ilə evlənmə faizi sürətlə aşağı düşəcək, evlənmə yaşı daha da artacaq, bəlkə də 40 yaşı keçəcək. Yəni insanlar evlənə bilməyəcək. Bu, çox ağır vəziyyətdir…”

Azərbaycanda uşaqların sayı ilbəil azalır. Belə ki, 2023-cü ildə yeni doğulan körpələrin sayı 2022-ci il ilə müqayisədə 36 min nəfər azalmışdısa, cari ildə daha da azalma müşahidə edilir. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.
Bu hal təkcə Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif bölgələrində də özünü qabarıq şəkildə göstərir. Məsələn, Aran bölgəsinin son 6 ayda olan statistikasına nəzər salsaq görərik ki, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 359 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 8,3-ə düşüb. 
Uşaqlarının sayının getdikcə azalmasının səbəbləri ilə bağlı artıq uzun illərdir ki, müzakirələr var. Amma təəssüf ki, hələ də müzakirələr elə masa arxasında davam edir, problemin həlli istiqamətində real addımlar atılmır. 
Sosioloq Elçin Bayramlı “Hürriyyət” qəzetinə açıqlamasında dedi ki, həqiqətən də son illərdə bu göstərici artan xətt üzrə davam edir:
“Paralel olaraq boşanamalar sürətlə artdığı kimi, eyni zamanda, evliliklər də kəskin azalır. Evlənmə yaşı artır. Bu, milli genofondda qarşı çox ciddi bir təhlükədir, demoqrafik  vəziyyətin getdikcə ağırlaşması deməkdir. Bunun nəticləri məlumdur. Əsas məsələ bunun səbəbləridir, çıxış yollarıdır.
Hesab edirəm ki, bunun da konkret olaraq iki əsas səbəbi var:
1. Sosial-iqtisadi səbəblər.
2.Mənəvi psixoloji səbəblər.
Burada sosial-iqtisadi səbəblər çox böyük rol oynayır. Deməli, bizim ölkəmizdə olan indiki vəziyyət, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə olması, gəlirlərin çox aşağı olması, evsizliyin getdikcə artması və s. bu kimi məsələlər gəncləri evlənməkdən çəkindirir. Faktiki olaraq hal hazırda bizim gənclərin bir çoxu işsizdir. İş tapanlar isə ortalama 500 manat civarında maaş alır. Bu 500 manat isə 1 nəfərin aylıq xərcini ödəyəcək həddədir. Belə bir halda evlənməkdən, ailə saxlamaqdan söhbət gedə bilməz.
Hələ onu da nərəzə alsaq ki, gənclərin çox böyük hissəsinin, əsasən 70 faizinin evi yoxdur, qalan hissənin isə atadan-anadan qalma evi var, deməli, bunlar kirayədə qalmalıdır. Kirayə qiymətləri çox yüksəkdir, elə maaş qədərdir. Yəni, belə çıxır ki, gənc cütlük aldığı maaşı da kirayə verib, acından ölməlidirlər. O halda ailə sahib olmaq mümkün deyil. Ona görə, gənclər evlənməkdən çəkinir. Gözləyirlər ki, nə vaxtsa özlərinə iş qurub, ev alacaqlar. O da əksər hallarda mümkün olmur. 30-35 yaşdan sonra da evlənmək problem olur.
Beləliklə, çox ciddi demoqrafik faciə ilə üz-üzəyik. Bunun aradan qaldırılması üçün çox ölkələrdə müvafiq tədbirlər görülür. Gənclər üçün xüsusi dövlət proqramları var. Bu proqramda gənclər işlə təmin olunur,  təhsil alır, müxtəlif peşələrə yiyələnir və s. Yəni hər bir gənc bu həyatda özünə yer tutur, sonra onlara güzəştli şərtlərlə ev təklif olunur. Çox cüzi faizlərlə və uzunmüddətli kreditlə ev almaq imkanı yaradılır. Beləliklə, o ölkələrdə gənclər rahatlıqla ev sahibi olur. İşi də olur. Evlənmək üçün heç bir problemi olmur.
Bəzi ölkələrdə evlənənlərə əlavə yardımlar, vəsaitlər də ödənilir. Dövlər tərəfindən dəstək göstərilir. Bizdə bunların heç biri yoxdur. Ona görə də, mən dəqiq əminəm ki, ildən-ilə evlənmə faizi sürətlə aşağı düşəcək. Deməli, evlənmə yaşı daha da artacaq. Bəlkə də 40 yaşı keçəcək. Yəni insanlar evlənə bilməyəcək. Bu, çox ağır vəziyyətdir. Bu, artıq dövlətin işidir. Bununla bağlı dövlət xüsusi proqramlar hazırlamalı, müəyyən işlər görməlidir. Təəssüf ki, heç biri edilmir”.
Ekspertin fikrincə, yeni doğulan körpələrin sayının azalmasının ikinci səbəb isə imkanlı kateqoriyalar arasında evlənməyə maraqın az olmasıdır: “Bəli, bu, həqiqətən də belədir. Bu, artıq mənəvi-psixoloji səbəblərlə bağlıdır. Son dövrlərdə “müasirlik” adı altında, eqoizmin təbliği adı altında, əyləncənin təbliği ilə gənclərin psixologiyası, baxışları dəyişdirilib. Artıq bu gənclər yalnız öz əyləncələri, həyatı üçün yaşayırlar. Öz gəlirlərini gəzməklərinə, əyləncələrinə sərf etməyə çalışırlar, ailə məsuliyyətinə girmək istəmirlər. Azadlıq, sərbəstlik deyə-deyə belə həyat tərzinə üstünlük verirlər. Halbuki bunların həm evləri, biznesləri, həm də  imkanları var. Amma yenə də evlənməyə o qədər də maraqlı deyillər. Çünki mənəvi dəyərləri çökdürülüb, “müasirlik”, “azadlıq” adı altında saxta və yad dəyərlər otuzdurulub. Gənclər zombilləşdirilib. Belə insanlar “gələcəkdə baxaram, bəlkə evləndim” kimi fikirlərlərlə yaşayırlar. Təəssüf ki, indi belələrinin sayı da artır. Hər iki tərəfdən bu proses bizim milli genefondumuzu məhvə aparır”.
E.Bayramlı vurğulayır ki, hazırda məktəbə gedən uşaqların sayı da kəskin azalıb: “Demək olar ki, biz artıq “biruşaqlı ailə modeli”nə keçirik. Ümumiyyətlə, bu gedən proseslər bizi bir millət, cəmiyyət olaraq uçuruma aparır. Getdikcə əhalinin qocalması baş verəcək. Gənc nəsil, ailə, evlənmə azalacaq. Bu çox ciddi problemlərə gətirib çıxaracaq. Təəssüf ki, biz 20 ildir bu məsələni deyirik, həyəcan təbili çalırıq. Dövlət bununla bağlı heç bir iş aparmaq, proqram tətbiq etmək fikrində deyil. Əksinə, getdikcə gənclərin vəziyyəti çətinləşir və ölkədən kütləvi şəkildə xaricə qaçırlar. Biz baxırıq, elə sosial şəbəkələri izləyəndə görürük ki, 10 minlərlə gənc artıq müxtəlif ölkələrə gedib, ordan reportajlar verirlər. Burdakılar da yazır ki, biz də bir yolla burdan getmək istəyirik. Belə bir mühitdə, belə bir şəraitdə biz sağlam gələcəkdən danışa bilmərik. Millətimizin sağlam inkişafından, artımından söhbət belə gedə bilməz. Bunun sonu, nəticəsi faciəli bitə bilər.
Ona görə də, burda hər iki tərəfdən bütün yük dövlətin üzərinə düşür. Birincisi, mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində dövlət elə siyasət aparmalıdır ki, dəyərlərimizi, ailə institutumuzu qoruya bilək. İkinci tərəfdən, sosial-iqtisadi şərtlər təmin olunmalıdır ki, gənclər iş, ev sahibi olub, evlənməyə maraqlı olsunlar. Dövlət də bununla bağlı dəstək verməlidir. Uşaqpulu verilməlidir. Gənclər uzunmüddətli faizsiz kreditlə, sosial evlə təmin olunmalıdır.  Bu kimi məsələlər problemi həll edə bilər. Amma hələ ki, biz bununla bağlı tərpəniş görmürük. Yaxın vaxtlarda da bunu müşahidə edəcəyimiz inandırıcı deyil. Bu o deməkdir ki, vəziyyət getdikcə daha da pisləşəcək”.
Aynurə İSMAYIL