Azərbaycanda xəstə yaxınına qulluq edən 97 min şəxsin əmək hüquqları tanınmır - VİDEO

Baxış sayı:
13159

Azərbaycanda xəstə yaxınına qulluq edən bəzi şəxslər əmək hüquqlarının tanınmamasından gileylidirlər.

Hüquqşünasların bildirdiyinə görə, Azərbaycan qanunvericiliyinə görə, xəstə ailə üzvlərinə qulluq edən şəxslərin əmək münasibətlərinin tanınması mümkün deyil.

Dünya Bankı bildirir ki, hazırda ölkə əhalisinin 560 min nəfəri və ya əhalinin 5,6 faizi əlilliyi olan şəxsdir. Onların 10 faizini uşaqlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən BBC-yə bildiriblər ki, əlilliyi olanların 97 min nəfəri xüsusi qulluğa ehtiyacı olan şəxslərdir, yəni, I dərəcə əlillik alanlar.

Azərbaycanda 97 min nəfər I dərəcə əlilliyi olan ailə üzvünə qulluq etdiyi üçün müavinət alır. Xəstə ailə üzvünə qulluq edən şəxslərdən 47 min nəfəri yetkinlik yaşına çatmamışlara, 50 min nəfər isə yetkin şəxslərə baxanlardır.

I dərəcə əlilliyi olan ailə üzvünə baxanlar 80 manat sosial müavinət aldıqlarını desələr də, həm müavinətin azlığından, həm də gördükləri bu ağır işin əmək fəaliyyəti kimi rəsmiləşdirilməməsindən gileylidirlər.