Azərbaycanda prezident seçkiləri demokratik keçiriləcək? – SİYASİLƏRDƏN AÇIQLAMA

Həsrət Rüstəmov: “Seçkilərdən kənarda durmaq doğru deyil”
Əli Əliyev: “Hakimiyyətin resurs fərqi digər namizədlərlə aşkardır”
Artıq prezident seçkilərinin keçirilməsinə iki aydan da az vaxt qalıb. Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyaları tam gücü ilə fəaliyyətə başlayıb. Artıq prezidentliyə namizədlər də bəllidir. Müxalif partiya rəhbərlərinin əksəriyyəti seçkini boykot etmək barədə qərar qəbul etsə də, ancaq seçkidə iştirak edən müxalif partiya təmsilçiləri də var.
“Seçkilər həmişə müxalif siyasi kəsimdə və xalqda təssüf hissi doğrur”
Azərbaycan Demokrat Partiyası seçkidə iştirakla bağlı qərar qəbul etsə də, sədr müavini Həsrət Rüstəmov Hurriyyet org-a dedi ki, Azərbaycanda demokratik seçki təcrübəsi yoxdur: “Seçkilər həmişə müxalif siyasi kəsimdə və xalqda təəssüf hissi doğurur. Bu, əlbəttə, çox narahatedici haldır. Amma demokratiyanın seçkidən başqa bir proseduru da yoxdur ki, hakimiyyət dəyişsin. O baxımdan, seçkidə iştirak etmək prosedurunun hansı səviyyədə həyata keçirilməsinə baxmayaraq, seçkinin azad və demokratik keçirilməsinə çalışmaq, cəhd etmək olduqca vacibdir. Bizim düşüncəmiz bunu deməyə əsas verir. Seçkilərdən kənarda durmaq da yaxşı bir variant deyil. Çünki bu zaman seçkini saxtalaşdırmağı qarşısına məqsəd qoymuş hakim zümrə bunu daha rahat şəkildə həyata keçirə bilir. Bu baxımdan, kənarda durub heç bir müqavimət göstərməmək, heç olmasa seçkinin verdiyi imkanlardan istifadə edib xalqı məlumatlandırmaq prosesindən kənarda durmaq, hesab edirəm ki, doğru deyil”.
“Legitim seçki gözlənilmir”
Partiya yetkilisi qeyd etdi ki, ADP-nin seçkilərdə iştirakı ilə bağlı uzun müddət müzakirə aparılıb: “Uzun müddət müzakirə apardıq və belə qərara gəldik ki, seçkidə iştirak daha doğru variantdır. Həmişə olduğu kimi, bu səfər də formal namizdələr var. Təəssüf ki, müxalif siyasi qüvvələrin böyük bir hissəsi seçkilərdə iştirak etməmək qərarı verib. Təbii ki, legitimlik seçkidə kimlərin iştirakı ilə deyil, seçkinin necə keçirilməsidir, qanuni, azad, ədalətli və demokratik şəraitdə keçirilməsidir. Bu, təbii ki, gözlənilmir. Amm hesab edirəm ki, xalq seçkinin nəticələrinə aktiv reaksiya göstərməsə və yaxud passiv olaraq seçkinin nəticələri ilə razılaşsa, bu, bütün dünyada legitimlik kimi qəbul olunacaq. Çünki əvvəlki seçkilərin də taleyi bunu göstərir. Bunun olmaması və hakimiyyətin nisbətən azad seçki keçirməsi üçün bütün demokratik təşkilatlar, partiyalar, ictimai fəallar, o cümlədən də dünyanın demokratik qüvvələri əlbir olub buna dəstək verməldirlər. Əks halda, hakimiyyətin belə bir fikri yoxdur və əvvəlki seçkilərin bir nümunəsini həyata keçirməyə çalışacaqlar”.
“Seçkilərin legitim keçirilməsi ehtimalı azdır”
Seçkidə iştirak qərarı verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, seçkilərin legitim keçirilməsini prosesin gedişi göstərər: “Nəyisə əvvəldən proqnoz etmək çətindir, amma ehtimal azdır. Ancaq hər halda hakimiyyətin resurs fərqi digər namizədlərlə aşkardır və bu fərq təbii ki, seçkinin gedişinə təsiri göstrəcək”./Hurriyyet.org