Azərbaycanda minimum əmək haqqı 0, Türkiyədə 1,5 dəfə artıb – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
11006

Dövlət büdcəsinin Milli Məclisdə təsdiqlənməsi gələn ildə də minimum əmək haqqının dəyişməyəcəyini , 345 manat olacağını ortaya qoydu. Bizim sosial yönümlü, bağışlayın, sosial yeyimli hökumətin statistikası ilə desək, minimum əmək haqqı 2023-cü ilə nisbətdə 2024-cü ildə SIFIR faiz, SIFIR dəfə artacaq! Belə sosial inkişafdan , əməkhaqqı artımından kim inciyər?
Azərbaycan hökuməti , əmək və sosial siyasət yönəticiləri bu artımdan elə ruhlanıblar ki, minimum əmək haqqının artımını son 5 illə müqayisə etmək zorunda qalıblar. Sözügedən əməkhaqqı 2018-ci ildəki 130 manatdan 2023-cü ildəki 345 manatadək 2,65 dəfə artıb! Hətta ƏƏSMN rəhbərliyi bu artımı yuvarlaqlaşdırıb 2,7 dəfə edib! Amma nahaq, nədən gələn ilə də yer qoymaq gərəkir, axı 2024-cü ilin sonunda beşillik yox, altıillik artımdan danışmaq ehtiyacı yaranacaq. Nazir necə desin, artım SIFIR faiz, SIFIR dəfə olub!
Qardaş Türkiyədə lirənin antirekorda “imza atmasına” baxmayaraq minimum əmək haqqı 11402 lirədən (659 manat) 17002 lirəyə (982 manat) qaldırılıb. Bu isə ildə 50 faiz, 1,5 dəfə artım deməkdir. Onu da vurğulayaq ki, Türkiyədə 5 il qabaq minimum əmək haqqı 11 dəfə az, 1600 lirə olub!
İnkişaf tempinə baxın, Azərbaycanda minimum əməkhaqqı bir ildə SIFIR dəfə, Türkiyədə 1,5 dəfə artıb! ƏƏSMN neyləsin, qanunverici PA-dan göstərişlə belə qərar verib! Gözlər, ümidlər Prezidentə, onun təyin etdiyi təqaüdlərə artımlaradır. Di gəl, Prezident təqaüdləri də çox cüzi kəsimə verilir axı! O da minimum əməkmhaqqından 3-4 dəfə az! Savaş veteranlarına 80 manat ( minimum əmək haqqından 4,3 dəfə az), 1-ci dərəcəli əlilə qulluq edən şəxsə 100 manat ( minimum əmək haqqından 3,45 dəfə az) verilən aylıq təqaüd heç çörək pulu da deyil!
Məğrur BƏDƏLSOY