“Azərbaycanda idarəetmədə o qədər özbaşınalıq var ki...” – SİYASİLƏRDƏN SƏRT ETİRAZ

Mirmahmud Mirəlioğlu:“Azərbaycanda istənilən dövlət məmuru ağlına və ağzına gələn istənilən şeyi danışa bilər”
Əli Əliyev:“Azərbaycan pasportunu bu cür aşağılayan adamın ölkədən çıxarılması lazımdır”
Laçın rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyevin Şimali İraqda kürd muxtariyyətinin referendum keçirməsini öz “feysbuk” səhifəsində dəstəkləməsi, ondan sonra mətbuata açıqlamasında “buna görə məni işdən çıxarsalar, Azərbaycan pasportunu yandıraram” deməsi ictimaiyyət arasında müzakirələrə yol açıb və çox ciddi etiraz doğurub.
Qeyd edək ki, o, müsahibəsində “Bu mövqeyimə görə vəzifədən kənarlaşdırılsam, fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardırlar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”- deyib.
“Rüşvət və korrupsiyanın nəticəsi belə olur”
Mövzu ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Hurriyyet.org-a bildirib ki, Azərbaycanda istənilən dövlət məmuru ağlına və ağzına gələn istənilən şeyi danışa bilər və bu məsələdə onlara kimsə heç nə deyə bilməz: “Yəqin ki, sonra araşdırma aparacaqlar, o da gec olacaq. Yəni bu məsələyə heç şərh verməyə də ehtiyac yoxdur. Çünki dövlət məmurları müstəsna səlahiyyətlərə malikdirlər, ağıllarına və ağızlarına gələni danışa bilərlər. Mən bu məsələyə şərh verməyi heç sizə də məsləhət görmürəm. Məsələ belədir, bu məsələ nə onun çapındadır, nə də Azərbaycan bu məsələyə münasibət bildirir. Bəlkə də kimsə bu məsələlərin hamısını bilərəkdən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərinin sayıqlaması kimi və yaxud ayrı-ayrı vaxtlarda kiminsə bu cür məsələrə münasibət bildirməsi kimi qiymətləndirir. Hamısı ola bilər. Amma Azərbaycanda idarəetmədə o qədər özbaşınalıq var ki, kim nə istəyirsə və necə istəyirsə, danışa bilər. Əvvəl bu məsələlərlə bağlı el arasında deyərdilər ki, filankəsin sözü məkruhdur. Bu məsələdə Azərbaycan hakimiyyətində məsuliyyətsizlik o həddədir ki, dövlətçilik psixologiyası bilinmir, məsələnin mahiyyəti bilinmir, adam hansı qurumda, hansı yerdə işləyir, onu bilmir. Çünki pul verib vəzifəyə təyin olunub. Pul veribsə, deməli, nə istəsə edə bilər. Rüşvət və korrupsiyanın nəticəsi belə olur”.
“Məndə olan məlumat görə, artıq həmin şəxs işdən kənarlaşdırılıb”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirdi ki, onda olan məlumat görə, artıq həmin şəxs işdən kənarlaşdırılıb: “Mən indi məlumat aldım. Bu faktın özü sadəcə olaraq biabırçılıqdır. Nəzəri baxımdan olması da mümkündür. Çünki Azərbaycanda kürd əsilli xeyli sayda əhalimiz var. Onların hansınınsa nümayəndələri Azərbaycana torpaq iddiası irəli sürən kürd əsilli hərəkatlarla əlaqədə maraqlı ola bilərlər, təmasları ola bilər. Həmin təşkilatların inkişafı onların mövqelərinə uyğun ola bilər. Açıq çıxış edən və Azərbaycan pasportunu bu cür aşağılayan, ölkədə yaşayıb-yaşamamasının onun üçün fərqi olmayan şəxslərin nəinki vəzifdə təmsil olunması, ölkədən çıxarılması lazımdır, elə adamlar vətəndaşlıqdan məhrum edilməli və Öcalanın, Bərzaninin və digər onu kim şəxslərin yanına göndərilməlidirlər”.
“Azərbaycan hakimiyyətinin keçirilən referendumla bağlı, eləcə də PKK-ya dair rəsmi mövqeyi ortada olmadıqca, belə ünsürlərin sayı artacaq”
Ə. Əliyev onu da vurğuladı ki, Azərbaycan torpaqlarının azad olunması və Azərbaycanın milli müstəqiliyinin əldə edilməsi uğrunda xeyli sayda müxtəlif etnik mənşəyə malik insanlar mübarizə aparıblar: “Bizim partiyanın sıralarında xeyli kürd əsilli Azərbaycan vətəndaşı var. Kürdlərin hamısı bu mövqedə deyil. Təbii ki, ola bilər, kimlərsə bu mövqedə olmuş olsunlar. Adı çəkilən şəxs də belə baxışların daşıyıcısıdırsa, Azərbaycan vətəndaşı olmağının onun üçün əhəmiyyəti yoxdursa, bu, əslində, PKK mövqelərinin siyasi baxışların bölünməsinə gətirib çıxaran nəticəsi kimi qavranılmalıdır. Bir halda ki, Azərbaycana torpaq iddiası irəli sürən, mövqeyi açıq ortada olan bir qurumun mövqelərinə simpatiyasını gizlətməyən Azərbaycanda məmur varsa, istisna deyil ki, bu, üzə çıxan faktdır, başqaları da ola bilər. Sadəcə olaraq Azərbaycanın müvafiq qurumları bu məsələdə ayıq-sayıq davranmalıdırlar. Bunun siyasi maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin kürd muxtariyyətinin formalaşmasına dair, keçirilən referendumla bağlı, eləcə də PKK-ya dair rəsmi mövqeyi ortada olmadıqca, təbii ki, belə ünsürlərin sayı artacaq. Azərbaycan hakimiyyəti açıq surətdə PKK-dan, kürd separtçılığna dəstək verən keçirilmiş Bərzani, Ərbil referendumundan məsafələnməlidir. Bunun üçün də aydın siyasi mövqe ortaya qoymalıdır. Ancaq təəssüf ki, hələlik bu mövqenin şahidi deyilik”.
"Məni işdən çıxarmayıblar...”
Qeyd edək ki, Fizuli Tanrıverdiyev dünən mətbuata açıqlamasında işinin başında olduğunud eyib. "Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam" – deyən Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: "Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədi? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdı. Nə çıxartmaq? Mən adam öldürüb cinayət törətməmişəm, rüşvət alıb korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa, dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər etimadı doğrultmamışamsa, bu, mənim səhvimdi. O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə, odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam".
Laçın RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova “Report”a deyib ki, Hüquq şöbəsinin müdiri ilə bağlı hər hansı cəza tədbiri görülməyib: “İcra hakimiyyətinin başçısı Aqil Nəzərli də açıqlamasında deyib ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək. Hələlik belə bir şey yoxdur”.