Azərbaycan üçün utancverici olay

Baxış sayı:
843

Hakimiyyət milli maraqlarımızı rus nazirin ayaqları altına atdı
 
“Lider” telekanalının müxbiri Anar Həsənovun işdən çxarılması ötən həftə sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurdu. Ona görə ki, jurnalist haqlı olduğuna rəğmən, haqsız olaraq işdən çıxarıldı...
Xatrıladaq ki, Rusiyanın xarici işlər nazirinin 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında A.Həsənovun “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına Sergey Lavrov Azərbaycanın maraqlarına uyğun olmayan cavab verib:
“Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”.
Lakin Azərbaycan hakimiyyəti S.Lavrovun “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” fikrinə etiraz etmək əvəzinə, “Lider” telekanalının Moskvadakı əməkdaşını “təxribatçılıqda” ittiham edib. Hansı ki, Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təqdimatı ilə “Lider”dən uzaqlaşıdırılıb.
Qeyd edək ki, jurnalistin özü də “Azadlıq” radiosuna açıqlamasında "Bəli, mən artıq “Lider” telekanalında işləmirəm" – deyə işdən çıxarıldığını etiraf edib.
Öncə ondan başlayaq ki, bu hadisənin sosial şəbəkələrdə və mətbuatda etiraz doğurması tamamilə təbiidir. Əslində, normal cəmiyyətlərdə bu hadisəyə daha kəskin reaksiya verilməli idi. Ancaq, təəssüf ki, son illər Azərbaycanda əhalinin müqavimət gücü tamamilə məhv edildiyindən, indi vətəndaşlarımız nəinki haqsız olaraq işdən çıxarılan hansısa jurnalistin hüququnu müdafiə etmək əzminədədir, hətta insanlar bəzi hallarda onun namus və şərəfinə əl uzadan məmurlar qarşısında belə, susqunluq nümayiş etdirirlər.
Əslində, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məlum açıqlaması da Azərbaycan xalqının namus və şərəfinə sataşmaqdan başqa bir şey deyil. Çünki bir xalqın torpağını zəbt etmək, dinc, günahsız insanları, körpə uşaqları qəddarcasına qətlə yetirmək, qız-gəlinini əsir götürmək onun namusuna toxunmaqdır. Odur ki, biz xalq olaraq illərdir Qarabağı, ətraf rayonları işğaldan azad etməklə ilk növbədə öz namusumuza vurulan ləkədən xilas olmağa çalışırıq. Lakin erməni əsilli Sergey Lavrov (Kələntəryan) “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” deməklə, sözün əsl mənasında xalqımızın namus və şərəfi ilə oynayır.
Çox təəssüflər olsun ki, rəsmi Bakı Rusiyanın xarici işlər nazirinin məlum bəyanatına kəskin etiraz etmək əvəzinə, hər bir Azərbaycan vətəndaşının uzun illərdir qəlbində saxladığı bir sualı Sergey Lavrova ünvanlayan jurnalisti cəzalandırdı. Ən acınacaqlısı isə odur ki, bu işdə ermənilərlə qan qohumluğu olan səfir Polad Bülbüloğlu daha çox fəallıq göstərdi...

Əslində, bu hadisə onu göstərdi ki, “Lider”in əməkdaşı bu sualı Rusiyanın XİN başçısına ünvanlamaqla, iki məsələni diqqətdən qaçırıb. Birincisi, o, Sergey Lavrovun erməni əsilli olduğunu və onun “damarlarımda xalis erməni qanı axır” etirafını gərək unutmayaydı. İkincisi, o, səfir Polad Bülbüloğlu başda olmaqla, Azərbaycan hakimiyyətində təmsil olunan bir çox məmurların ermənilərlə qohumluğunu yada salmalıydı. Məhz bu diqqətsizliyi səbəbindən də A.Həsənov həmin sualı Lavrova ünvanlayarkən, öz aqibətini göz önünə almalı idi. Axı, hakimiyyətə xidmət edən telekanalın əməkdaşı indiyə qədər bilməliydi ki, mövcud rejim, xüsusən də ermənilərlə qohum olan məmurlar Qarabağın qaytarılmasını ən azı ermənilər qədər istəmir. Zənnimizcə, “Lider” telekanalının Moskva müxbirinin Lavrova verdiyi “təxribat xarakterli” suala görə işdən azad olunması da deyilənlərin bariz nümunəsidir. Əks halda, Azərbaycan hakimiyyətinin, lətifəsi jurnalistdən uzaq, “eşşəyi qoyub, palanı döyəcləməsi”nə başqa nə anlam vermək olar ki?!

Muxalifet.az