“Azərbaycan Gürcüstandakı soydaşlarımızla maraqlanmır”

Əli Babayev: “Mən istərdim ki, Azərbaycan dövləti bu məsələdə çox aktiv mövqe ortaya qoysun”

“Saakaşvili həqiqətən də xalq üçün çalışmışdısa, bu gün Gürcüstana niyə gələ bilmir?!”

Müsahibimiz Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir. İki gün öncə redaksiyamızın qonağı olan Ə.Babayevlə Gürcüstandakı ictimi-siyasi poroseslər və soydaşlarımızın durumu ilə bağlı söhbətləşdik.

-Əli müəllim, əksər müsahibələrinizdə Gürcüstan hakimiyyətinin fəaliyyətini təqdir edir, eks-prezident Saakaşvili və onun hazırda müxalifətdə olan komandasının əleyhinə çıxışlar edirsiniz. İlk olaraq nə üçün belə bir mövqe tutduğunuzu bilmək istərdik?

- Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri kimi, ilk olaraq hansı səbəblərdən Saakaşviliyə və onun komandasına qarşı olduğuma aydınlıq gətirim. Əvvəla ona görə ki, Saakaşvili hakimiyyəti dönəmində mənim millətimin - Gürcüstanda yaşayan Azərbaycan türklərinin hüquqları tapdalanırdı. Formal şəkildə qələmə verirdilər ki, azərbaycanlılar hakimiyyətə, gürcü ictimaiyyətinə inteqrasiya edir, əslində isə məqsədli şəkildə Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün heç bir iş aparılmırdı. O cümlədən onların hüquqları, maariflənməsi üçün heç bir iş görülmürdü. Keçmiş hakimiyyətin vaxtında azərbaycanlılara “gəlmə xalq” kimi yanaşırdılar. Lakin siz də bilirisiniz ki, Gürcüstan azərbaycanlıları bu ölkəyə hardansa köçüb gəlməyib, onlar aborigenlərdir. Onlar Gürcüstan vətəndaşı olaraq bütün hüquqlara sahibdir. Azərbaycanlılar ölkənin inkişafında, demokratikləşməsində gürcü milləti ilə yanaşı iştirak etməlidir.

-İddia edirsiniz ki, Saakaşvili dönəmində Gürcüstanda heç də demokartik hakimiyyət olmayıb?

- Bilirsiniz ki, 2003-cü ildə Saakaşvili hakimiyyəti zor gücünə əlinə keçirdi. Ondan sonra o, real iş görməkdənsə, sadəcə özünü reklam etməklə məşğul oldu. Etiraf edim ki, ilk illər mən də ümid edirdim ki, bu hakimiyyət düz yolla gedəcək. 2006-cı ildən Saakaşvili bu kursu çevirdi və populizmə ayaq qoydu. O, Amerikada, Avropada özünə dəstəkçi lobbi yaratmışdı. Onların vasitəsilə dünya ictimaiyyətinə bildirirdilər ki, guya, Gürcüstan demokratik ölkədir. Əslində, Saakaşvili avtoritar rejim yaratmışdı. Seçkilər saxta formada keçirilirdi. Bununla belə, xaricdən, xüsusən də Amerika və Avropadan gələn müşahidəçilər bəyan edirdilər ki, Gürcüstanda tam demokratik seçki keçirildi. Mən bir misal çəkim. 2008-ci ilin 5 yanvar prezident seçkilərində Saakaşvili uduzdu, ancaq beynəlxalq qüvvələrin dəstəyi ilə yenə Gürcüstan prezidenti “seçildi”. Halbuki həmin vaxt Qaçeçiladze qalib gəlmişdi.

- Keçmiş iqtidarı saxtakarlıqda ittiham edirsiniz. Bəs indiki hakimiyyət konkret olaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində hansı addımları atıb?

- Bilirsiniz ki, Saakaşvili hakimiyyətə gələndə Gürcüstanda yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri olan torpaq problemini həll edəcəyinə, torpaqları əhaliyə qaytaracağına söz vermişdi. Ancaq nəinki torpaqlar əhaliyə qaytarıldı, əksində azərbaycanlıların torpaqları xaricilərə - iranlılara, türklərə, hindlilərə və s. əcnəbi millətlərin nümayəndələrinə satıldı. Bir hissəsi də yerli məmurların əlinə keçdi. Bu gün həmin məsələlərə yenidən baxılır. Prokurorluqda torpaq məsələsi ilə bağlı çoxsaylı cinayət işi qaldırılıb, o adamlar barəsində ki, vaxtilə torpaq sahələrini müxtəlif yollarla ələ keçirib xaricilərə satıblar. Buna paralel olaraq torpaqlar tədricən öz sahiblərinə qaytarılır...

Ancaq Saakaşvili 10 il hakimiyyətdə oldu, bu müddətdə xalqa zor tətbiq etməkdən başqa heç nə etmədi. Bu hakimiyyət isə qısa vaxtda çox işlər görüb. Əgər Saakaşvili həqiqətən də xalq üçün çalışmışdısa, onda sual oluna bilər ki, bu gün Gürcüstana niyə gələ bilmir?! İkincisi, yeni hakimiyyət seçkidə bəyan etdiyi vədləri tədricən yerinə yetiməkdədir. 2 il yarımda çox işlər görülüb və təbii ki, qarşıdakı 1 il yarımda da kifayət qədər ciddi məsələlərin həll ediləcəyinə inanıram.

- Təhsil sahəsində vəziyyət necədir?

- Mən öncə onu deyim ki, bu hakimiyyətin vaxtında 21 ali məkltəbdə təhsil almaq pulsuz oldu. 1-ci sinifdən 12-ci sinifə qədər pulsuz kitablar verilir, yeni-yeni məktəblər tikilir. Kadr hazırlığı ilə bağlı ciddi addımlar atılır. Yaxın günlərdə biz Təhsil Nazirliyinin və təhsil üzrə fəaliyyət göstərən QHT-lərin iştirakı ilə geniş toplantı keçirəcəyik. Bu tədbirdə əsasən o suala aydınlıq gətirməyə çalışacağıq ki, Gürcüstanda Azərbaycan dilinin inkişafı üçün hansı addımlar atılmalı, qərarlar qəbul edilməlidir...Saakaşvili hakimiyyəti dönəmində isə təhsil müssəsələrinin sayı azaldı. Gürcü dilinin inkişafı ilə bağlı heç bir addım atılmadı, ciddi kadr problemi yarandı. Pedoqoji universitetin statusunu dəyişdilər və bununla da Gürcüstanda Azərbaycan dilinin inkişafının qarşısı alındı. Eyni zamanda, mədəniyyət sahəsi də çox pis vəziyyətə düşdü. Azərbaycanın tarixi abidəsi - 1873-cü ildə Tiflisdə tikilən Azərbaycan Dram Teatrı hazırda çox pis vəziyyətdədir. Tarixi abidələrin statusu yoxdur... İnsan hüquqları sahəsində də çox ciddi problemlər mövcud idi. Gürcüstanda 35 min məhbusdan 3 min nəfəri azərbaycanlı idi. Pul qarşılığında şərti cəza alan 300 min nəfərin isə 70 mini azərbaycanlı idi. Kadr problemi də çox acınacaqlı idi. Şevardnadze dövründə  öz millətinə qamçı vuranlar yenə də vəzifələrdə qaldı.

-Yalnız azərbaycanlılara qarşı belə ayrı-seçkilik vardı, yoxsa...

- Saakaşvili hakimiyyəti təkcə azərbaycanlılara yox, gürcülərə qarşı da cinayətlər törədib. Təsadüfi deyildi ki, 2011-ci ilin noyabrında siyasətə addım atan milyarder Bidzina İvanişvili Saakaşvilini siyasətdən qovacağını bəyan etmişdi. Bu dövrdə mən də qoşuldum siyasətə. Qısa zamanda İvanişvilinin Məsləhət Şurasının, sonra “Gürcü Arzusu” Koalisiyasının Siyasi Şurasının üzvü oldum. Mən bu dövrlərdə prosesləri çox yaxından təhlil etdim. Ötən dövrlərlə müqayisədə müsbətə doğru çox böyük irəliləyiş var. Hazırda Gürcüstanda tibb sahəsində çox ciddi islhatlar keçirilir. İnsanlar pulsuz tibbi sığorta olunur. Bu məsələ çox önəmlidir. O cümlədən, yeni doğulan uşaqların bütün xərcini dövlət öz üzərinə götürüb. 3 uşaqdan sonra hökumət kompensasiya verir. Kənd təsərrüfatının inkişafına ciddi diqqət göstərilir. Fermerlərə, torpağı olanlara maddi yardım edilir ki, öz torpaqlarını əkib-becərə bilsinlər. Kəndlərin abadlaşdırılması, su problemi, yollların təmiri, evlərin qazlaşması sahəsində də ciddi işlər görülür. 2017-ci ilə kimi bütün kəndlər qazlaşdırılacaq.O cümlədən, şəhid ailələrinə, müharibə iştirakçılarına və s. hərtərəfli dəstək verilir...

-Belə iddalar da var ki, Saakaşvili dönəmindən fərqli olaraq indi Gürcüstanda rüşvətə geniş meydan açılıb...

- Mən bu fikirlə razı deyiləm. Əksinə, Saakşvilinin vaxtında insanlar günahsız yerə həbs olunurdular. Əlbəttə, “meşə çaqqalsız olmaz”. İndi ola bilər ki, müəyyən adamlar hardasa pul götürüb. Bu proses hər yerdə var. Amerikada da, Avropada da. Ancaq bu hakimiyyət də korrupsiaya qarşı geniş mübarizə aparır. İnanıram ki, bu proseslər davamlı olacaq. Ümumilikdə isə, dünyada elə bir ölkə yoxdur ki, orda az da olsa korrupsiya, rüşvət olmasın.

- Bu yaxınlarda bir qrup azərbaycanlı tələbə Gürcüstanın Baş nazirinə məktub ünvanlayıb ki, Azərbaycan məktəblərini bağlamaq, gürcüdili təhsil siteminə keçmək lazımdır...

- Onlar çox səhv edir. Bu adamlar sadəcə gürcü ictimaiyyətinə, müəyyən çevrələrə yarınmaq istəyirlər. Onlara çatdırmaq istəyirlər ki, görürsüz, biz azərbaycanlılar gürcü dilini Azərbaycan dilindən daha üstün tuturuq. Əlbəttə, dövlət dilini öyrənmək vacibdir, amma bizim üçün öncə ana dilidir. Gərək Gürcüstanda Azərbaycan dili daha yaxşı səviyyədə inkişaf etsin. Mən gürcü dilliyəm, orta təhsilimi gürcü dilində almışam. Mən indi bunun nəticəsini görürəm, ona görə də birmənalı olaraq bildirirəm ki, Gürcüstanda Azərbaycan dili daha da inkişaf etdirilməlidir. Əlbəttə, həmin məktəblərdə Azərbaycan dili ilə yanaşı gürcü dili də çox yaxşı səviyyədə tədris olunmalıdır. Çünki biz dövlət dilini də bilməliyik.

- Mətbuatda belə bir açıqlama da getdi ki, Gürcüstanda azərbaycanlıların qəbiristanlığı dağıdılıb...

- Bu informasiya birbaşa təxribat idi. Candar kəndi var, qədim kənddir. Vaxtilə o kəndin yaxınlığında svanlar üçün yeni bir kənd saldılar. Hələ 2006-2007-ci illlərdən də qabaq həmin svanların donuzu, heyvanları o qəbiristanlığa keçirdi və bu da sakinlərdə narazılıq yaradırdı. Ona görə də həmin vaxt biz məsələ qaldırdıq ki, qəbiristanlığın ətrafına hasar çəkilsin. İcra nümayəndəsi də buna söz verdi... Müəyyən təxribatçı adamlar 10-15 il əvvəl olan hadisəni indi şişirdirlər ki, guya burda qəbirlər sökülüb. Mən hadisə yerində də oldum. Həmin vaxt ordakı qəbirlər hansı vəziyyətdə idisə, indi də olduğu kimi qalır. Mən mətbuatda da bu haqda dedim ki, həmin məsələ birbaşa təxribat idi.

-Əli müəllim, Rusiya tərəfdarları olan müəyyən şəxslərin Gürcüstanda, daha dəqiq desək, Qardabani rayonunda “Azərbaycanlıların Diaspor Cəmiyyəti” yaratdıqları haqda informasiya da var. Bu, nə dərəcədə doğrudur?

- Doğrudur. Amma bu adamlar dərk etmirlər ki, azərbaycanlıların Gürcüstanda diasporası olmayıb, olmayacaq da. Azərbaycanlıların cəmiyyətləri olub. Biz gürcü milləti ilə yanaşı Gürcüstanın aborigenləriyik. Bu diaspor təşkilatı yaradanlar təxribatçı adamlardır, xaricdən maliyyə alaraq aranı qatmaq istəyirlər. O adamlara Rusiyadan konkret tapşırıq verilir. Ümumiyyətlə, Rusiya Gürcüstanda son vaxtlar çox aktiv işləyir. Rusiyanın müxtəlif fondları tərəfindən hərtərəfli imkan yaradılır ki, Gürcüstanda rus dili kurslar açılsın, rus mədəniyyəti günləri keçirilsin, rus ideologiyası təbliğ olunsun və s. Amma bizim məqsədimiz odur ki, Gürcüstan-Azərbaycan münasibətləri daha da inkişaf etsin, strateji əməkdaşlıq sahəsində daha ciddi addımlar atılsın...

- Gürcüstanda soydaşlarımızın yaratdığı QHT-lərin fəaliyyəti nə yerdədir?

- Gürcüstan azərbaycanlılarının cəmiyyətləri hazırda parçalanıb. Hətta bizim dinimizi də parçalayıblar. Bilirsiniz ki, 2010-cu ildə yeni bir dini qurum yaratdılar. O vaxt xüsusi xidmət orqanlarına bağlı olan müəyyən qüvvələr həmin quruma rəhbərliyi ələ aldı. Beləliklə, Qafqaz Müsəlmanları İdarəsindən Gürcüstan nümayəndəliyinin fəaliyyəti dayandırıldı, yeni bir QHT fəaliyyətə başladı. Nəticədə Gürcüstanda dini xaos yarandı. Bir tərəf İranın, ikinci Səudiyyə Ərəbistanının, üçüncüsü Türkiyənin təbliğatını apardı və nəticədə dindarların parçalanmasına nail oldular. Yəni müxtəlif xarici qüvvələrə bağlı olan şəxslər, onların içində azərbaycanlılar da var, gəlib Gürcüstanda parçalanma yaradırlar. Bu da gətirib millətin arasında ideoloji parçalanmaya çıxarıb. Biri Rusiyanı istəyir, biri Türkiyəni istəyir, biri Avropanı, başqa biri isə İranı istəyir. Azərbaycanın maraqları isə tamamilə kənarda qalıb. Bunun da səbəbi odur ki, Azərbaycan hökumətinin strukturları çox zəif işləyir.

- Hesab edirsiniz ki, Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın taleyi ilə maraqlanmır?

- Nəinki maraqlanmır, ümumiyyətlə onları unudub. Mən istərdim ki, Azərbaycan dövləti bu məsələdə çox aktiv mövqe ortaya qoysun. - Konkret nə təklif edirsiniz, istər Azərbaycan, istər də Gürcüstan hakimiyyətinə?- Bilirsiniz, hazırda Gürcüstanda vəziyyət çox gərgindir. Bu haqda Gürcüstan xüsusi xidmət orqanları məlumatlıdır. Gürcüstanda “İŞİD”-ə qoşulanların sayı günbəgün artır. Gürcüstan hakimiyyəti bu səbəbdən çox narahatdır. Amma gərək biz özümüz də bu sahədə təbliğat aparaq ki, istər azərbaycanlılar, istər də digər millətlərin nümayəndəsi bu təxribatlara getməsinlər. Dinə hörmət etmək hər birimizin borcudur. Amma din pərdəsi altında terror fəaliyyəti həyata keçirənlərin yalan vədlərinə inanmaq olmaz. - Azərbaycan Diaspora Komitəsi yenə də Gürcüstandakı QHT-lərlə əməkdaşlıq edir?-5 ildir Gürcüstanda Azərbaycan Diaspora Komitəsi bütün layihələri dayandırıb. Biz gürcü və Azərbaycan dilində qəzet çıxarırdıq ki, azərbaycanlıların qanunlardan, qərarlardan məlumatı olsun. Artiq 4 ildir fəaliyyətini dayandırmışıq. Çünki maddi dəstək yoxdur. Müəyyən QHT-lərin də fəaliyyəti dayanıb. Belə getsə, bu yaxınlarda biz də Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin fəaliyyətini dayandırması haqda qərar qəbul edəcəyik.

(Davamı var)

Ayxan İLDIRIMTÜRK, “Hürriyyət”